Özüyeriyən artilleriya qurğuları təkərli v yuə ya paletli bir şassi üzərində başqa bir maşının çəkmə gücünə ehtiyac duymadan manevr qabiliyyəti olan topa deyilir.
Əvvəllər özüyeriyən artilleriya qurğularının kateqoriyasına hücum topları və tank əleyhinə texnikalar da daxil edilirdi. Bu texnikalar əslində piyada qoşunlara atəş dəstəyi saxlamaq məqsədilə yaradılmış, lakin sonradan tank əleyhinə texnika kimi də istifadə olunmağa başlamışdır.
Hal-hazırda özüyeriyən artilleriya sistemləri tanka xarici görünüş cəhətdən bənzəsə də, daha incə zirehə sahib olduğuna görə yaxın döyüşlərdə istifadə edilmirlər. Sahib olduqları zireh texnikanın ekipajını yalnız yüngül atıcı silahların təsirindən və ya qəlpələrdən qoruya bilir. Bu maşınların əksəriyyətində piyada atəşinə qarşılıq vermək məqsədilə pulemyotdan istifadə edilir.
Bu silahların ən böyük üstünlüyü onları çəkən başqa bir maşına ehtiyac duymadan sürətli bir şəkildə döyüş yerinə gedə bilməsidir. Lakin topun atəş aça bilməsi üçün maşının dayanması və atəşə hazır vəziyyətə gətirilməsi lazımdır.
Artilleriyanın genişmiqyaslı döyüşlərdə istifadəsi piyada və tanklara dəstək ehtiyacı ilə əlaqədardır. Belə bir dəstək düşmən hücumunun tempini aşağı salmağa, bəzən dayandırmağa, yenidən qruplaşma keçirməyə və düşmənin müdafiə olunan mövqelərinə hücumu asanlaşdırmağa imkan verir.
Uzun müddət artilleriyanın daşınması və yerləşdirilməsi mürəkkəb bir proses hesab olunurdu. Adi güllələr, minaatan mərmiləri və qəlpələr texnikaya zərər vermədən belə ordunu artilleriya dəstəyindən məhrum edə bilirdi. Bu problemin həll edilməsi cəhdləri sonunda özüyeriyən artilleriya qurğularının yaranmasına səbəb oldu.
XX əsrin ikinci yarısında hazırlanan, maraqlı texniki xüsusiyyətlərə və effektiv atəş gücünə malik qurğuların döyüş qabiliyyəti və hərəkətlilik imkanları, onların bu günə qədər aktual qalmasına səbəb olub.[1]