İslandiyada təhsil

İslandiyada təhsil sistemi digər Skandinaviya ölkələrinin təhsil sistemi ilə oxşar olub dörd pillədən ibarətdir: məktəbəqədər, icbari, tam orta və ali təhsil. 6–16 yaşlı uşaqlar üçün təhsil icbaridir. Əksər təhsil müəssisələri dövlət büdcəsi hesabına fəaliyyət göstərir; ölkədə özəl təhsil müəssisələri olduqca azdır. İslandiya gimnaziyaların olduğu ölkələrdəndir.

Milli təhsil haqqında ilk qanun 1907-ci ildə qəbul olunub. İlk milli kurikulum 1926-cı ildə dərc edilib. Kurikulum mütəmadi olaraq gözdən keçirilsə də, İcbari təhsil haqqında 1974-cü il tarixli Qanun qəbul edilənədək bütövlükdə təhsil sistemində əhəmiyyətli yenilik olmamışdır. Sonuncu qeyd edilən normativ akt sağlamlıq imkanları məhdud olan bütün şagirdlərin xüsusi təhsilə cəlb edilməsini tələb edirdi.[1]

Təhsil, Elm və Mədəniyyət Nazirliyinə görə,

İslandiya təhsil sisteminin başlıca prinsipi odur ki, cinsindən, iqtsadi vəziyyətindən, yaşadığı yerdən, dinindən, sağlamlıq imkanlarının məhdudluğundan və mədəni və sosial mənşəyindən asılı olmayaraq, hər kəs təhsil almaq üçün bərabər imkanlara malikdir.[2][3]

Təhsil, Elm və Mədəniyyət Nazirliyi ölkədə təhsil sahəsində səlahiyyətli orqandır. Bir qayda olaraq, İslandiyada təhsil dövlət sektoru vasitəsilə idarə edilir; özəl təhsil müəssisələri sayca az olsa da, inkişaf etməkdə və artmaqdadır.[4] Artıq uzun illərdir ki, İslandiyada təhsil desentralizasiya olunub və ibtidaiorta təhsil sahəsində idarəçilik yerli qurumlar tərəfindən realizə olunur. Tam orta təhsil, orta ixtisas təhsili və ali təhsil müəssisələri isə dövlətin məsuliyyətindədir.

Nazirlik Milli Kurikulum Təlimatları tərtib edir. Tədris Materialları Milli Mərkəzi isə təhsil müəssisələri üçün tədris materialları nəşr edir və bütün bunlar ödənişsiz həyata keçirilir. Təhsil Test İnstitutu ölkənin yeganə imtahan qurumu olub ölkə səviyyəsində təhsilin qiymətləndirilməsini həyata keçirir.

İslandiyada 192 təhsil müəssisəsi təhsil alanları icbari təhsil, 42 məktəb tam orta təhsil, 9 müəssisə isə ali təhsil ilə təmin edir.[3]

Reykyavik Gimnaziyasının əsas binası

Reykyavik Gimnaziyası və Aküreyri Kolleci ölkədə ən qədim gimnaziyalardır. Əsası Skalholt şəhərində qoyulan Reykyavik Gimnaziyasının tarixi 1056-cı ilə gedib çıxır. Məktəb Reykyavikə 1786-cı ildə köçürülmüşdür, lakin şəraitin çox aşağı olması 1805-ci ildə məktəbin Reykyavik yaxınlığında yerləşən Bessastadirə yenidən köçürülməsi ilə nəticələnmişdir. 1846-cı ildə məktəb hazırkı yerləşdiyi əraziyə köçürülmüş və Reykyavikdə gimnaziya üçün yeni bina inşa edilmişdir.[5]

İslandiya Universiteti ölkədə ilk ali təhsil müəssisəsidir. 17 iyun 1911-ci ildə əsası qoyulmuşdur. Üç keçmiş İslandiya məktəbini özündə birləşdirir: Prestaskólinn, LæknaskólinnLagaskólinn. Həmin məktəblərdə müvafiq olaraq teologiya, tibbhüquq tədris olunurdu. İlkin olaraq universitetdə humanitar elmlər fakültəsindən əlavə, yalnız qeyd edilən üç fakültə mövcud idi. Universitetin ilk rektoru humanitar elmlər fakültəsinin professoru Byörd M. Olsen olmuşdur.

Təhsil pillələri və səviyyələri

[redaktə | mənbəni redaktə et]
Diaqram formasında təhsil səviyyələrinin siyahısı

İslandiya təhsil sistemi dörd pillədən ibarətdir: məktəbəqədər, icbari, tam orta və ali təhsil.[6]

Məktəbəqədər

[redaktə | mənbəni redaktə et]

Məktəbəqədər təhsil (isl. leikskóli) təhsil sisteminin ilk pilləsi olmaqla, altı yaşadək uşaqları əhatə edən qeyri-məcburi təhsil səviyyəsidir. Məktəbəqədər təhsil ilə əlaqədar cari qanunvericilik aktı 2007-ci ildə qəbul edilib. Təhsil, Elm və Mədəniyyət Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə münasibətdə dövlət siyasətini və onların fəaliyyət metodlarını tərtib edir və Milli Kurikulum Təlimatlarını hazırlayır. Nazirlik, həmçinin mümkün qədər rahatlıqla icbari təhsilə keçid etmək üçün kurikulumun müvafiq və uyğun olmasını təmin etməlidir. Bununla belə Nazirlik qayda və təlimatları həyata keçirmir: bu, məktəbəqədər təhsil müəssisələrini maliyyələşdirən və idarə edən yerli idarəetmənin vəzifəsidir. Bundan əlavə, yerli idarəetmə orqanları məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edən nümayəndələri işə qəbul edir.

Valideynlər övladlarının məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməsi üçün ödəniş etməlidirlər. Müvafiq müəssisələrin xərclərinin təxminən 30%-i həmin ödənişlərlə qarşılanır. Özəl məktəbəqədər təhsil müəssisələrində təhsil haqqı dövlət müəssisələri ilə müqayisədə təxminən 10–20% yüksək ola bilər. Demək olar ki, bütün özəl təhsil müəssisələri yerli idarəetmə fondları üçün haqq alır.

Bu cür təhsil müəssiələri üçün binalar çox zaman məqsədli olaraq, oyun meydançasında hər uşağın oynaya bilməsi üçün əlverişli olan 30–40 m² oyun sahəsinin yerləşdiyi ərazilərdə tikilir. Hər uşağa təxminən 6 m² qapalı yer ayrılır. Bu müəssisələr həm qız, həm də oğlan uşaqları üçün nəzərdə tutulur. Burada altı yaşınadək uşaqlar qəbul edilir. Yaşca ən kiçik uşağın ən az iki yaşı olmalıdır. Tək valideyntələbələrin uşaqlarına üstünlük verilir. Bəzi hallarda həmçinin sağlamlıq imkanları məhdud uşaqlara da üstünlük verilir. Çox zaman uşaqlar yaş qruplarına bölünürlər, lakin daha az sakini olan bölgələrdə belə qruplaşdırma aparılmadan bütün uşaqlara bir qrupda dərs keçirilə bilər.

Uşaqlar məktəbəqədər təhsil müəssisələrində gün ərzində minimum dörd, maksimum doqquz saat vaxt keçirirlər.[2]

Diaqramda bir İsland uşağının 10 illik icbari təhsilində keçirilən fənlərə ayrılan vaxt göstərilir.

İcbari təhsil (isl. grunnskóli) hər kəs üçün təhsilin məcburi olduğu təhsil səviyyəsidir. İcbari təhsillə əlaqədar qanunvericilik aktı 2008-ci ildə qəbul edilmişdir. 1996-cı ildən yerli idarəetmə orqanları icbari təhsil sektorunu idarə edirlər. İcbari təhsil ibtidaiorta təhsili əhatə edir. Hər iki təhsil pilləsi bir qayda olaraq eyni təhsil müəssisəsində mövcud olur. Qanunda qeyd edilir ki, 6–16 yaşlı uşaq və yeniyetmələr üçün təhsil icbaridir. Bir təhsil ili doqquz ay davam edir: 21 avqust — 1 sentyabr tarixlərində başlayır və 31 may — 10 iyun tarixlərində başa çatır. Məktəb günlərinin minimum sayı 170-dir. Lakin yeni müəllimlərin əmək müqaviləsindən sonra bu rəqəm 180-ə qalxacaq. Dərslər həftədə beş gün keçirilir.

Uşaqların gündəlik olaraq məktəbə gəlib-getməsi və bunların jurnalda qeyd olunmasına görə məsuliyyət valideynlərin üzərinə düşür. Qanun qeyd edir ki, həmin müəssisələrə göstəriş vermək və maliyyələşdirmək (bura müəllim, əvəzedici müəllim, təhsilin idarə edilməsi və mütəxəssis xidmətləri daxildir), zərurət olduqda xüsusi təhsili təmin etmək yerli idarəetmə orqanlarının vəzifəsidir. Məktəbə qəbul üçün heç bir tələb yoxdur və altı yaşda qəbul göstəricisi 100%-dir.[7]

Şagirdlərin yaşadıqları yer üzrə məktəbə getmək hüquqları var. Dövlət tələb edir ki, məktəb sağlamlıq imkanları məhdud uşaqları meynstrim təhsilə inteqrasiya etsin.

Dövlət bu təhsil müəssisələrinin qanunvericilik və Milli Kurikulum Təlimatları çərçivəsində fəaliyyət göstərib-göstərmədiyini qiymətləndirməyə görə cavabdehdir. Dövlət qurumları, həmçinin dərs ləvazimatlarını dərc edir və təhsil haqqında qanun və nizamnamələri icra edir.

İcbari təhsil on ilə bölünür. On təhsil ilinin (birinci ildən yeddinci ilədək və səkkizinci ildən onuncu ilədək) olduğu məktəblər ümumtəhsil məktəbləri hesab olunur. Məktəblərin şagird qəbulu göstəriciləri əhəmiyyətli dərəcədə fərqlənir. Reykyavikin urbanlaşmış ərazilərində məktəblər 1200-dək şagird tutumuna malik olur. Kəndlərdə bir məktəbdə şagird sayı 10-dan az ola bilər. Məktəblərin təxminən 50%-də 100-dən az şagird təhsil alır. Bütün icbari təhsil müəssisələrində hər iki genderin nümayəndələri təhsil alır. Dərslərdə və ya spesifik fənlərdə kömək, eləcə də psixoloji məsləhət kimi məsləhət xidmətləri də mövcuddur.

Hər bir məktəb Milli Kurikulum Təlimatlarına riayət etməlidir. Lakin xüsusi özəllikləri olan məktəblər üçün istisnalara yol verilə bilər. Tələb olunur ki, məktəblər məktəbin fəaliyyət planını və illik təqvimini hazırlasınlar, tədrisin və şagirdlərin bilik səviyyəsinin qiymətləndirməsini həyata keçirsinlər və dərsdənkənar məşğələlər təşkil etsinlər.

Hazırda Milli Kurikulum Təlimatlarında ana dili xarici dil olub island dilini öyrənən görmə və eşitmə qüsurlu şagirdlər üçün də müddəalar nəzərdə tutulub. Həmin şagirdlərin tədris tempi ilə ayaqlaşacağı gözlənilir; lakin çətinlik çəkən şagirdlər dərslərin bir çoxundan kənarlaşdırılmadan əlavə dərslərə cəlb olunurlar. Müxtəlif tədris metodlarının təmin edilməsinə diqqət yetirilir.[2]

Qiymətləndirmə

[redaktə | mənbəni redaktə et]

İslandiyada şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi daxili qaydada aparılır və standart qayda mövcud deyil. Şagirdlərin proqresinin qiymətləndirilməsi məqsədilə onlara müntəzəm olaraq raportlar verilir. Bu isə müxtəlif məktəblərdə müxtəlif formada tətbiq edilir. Məsələn, bir məktəbdə bal sistemi üzrə, digərində isə şifahi və ya yazılı qiymətləndirmə aparıla bilər.

Başlıca məqsəd şagirdlərə tədris kursunu seçməkdə və tam (yuxarı) orta təhsilə keçidini asanlaşdırmaqda yardım etməkdir. İcbari tədris ilinin sonunda şagirdlər qiymətlərinin əks olunduğu sertifikatlarla mükafatlandırılırlar.

Şagirdlərin qiymətləndirilməsindən əlavə, qanun həm də tələb edir ki, məktəblərin xidmətin keyfiyyətini müəyyənləşdirmək və qanunvericilik və təlimatlar çərçivəsində fəaliyyət göstərdiklərindən əmin olmaq məqsədilə özünü qiymətləndirmə də tətbiq etməlidirlər. Məktəblərin xarici qiymətləndirilməsi hər beş ildən bir Təhsil, Elm və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.[2]

Digər bir çox dövlətlərdə olduğu kimi İslandiyada da ibtidai təhsildə birinci ildən yeddinci ilədək bütün fənlər eyni müəllim tərəfindən tədris olunur. Səkkizinci ildən etibarən şagirdlərə müxtəlif müəllimlər fərqli fənləri tədris etməyə başlayır. Bu da ibtidai təhsillə orta təhsil arasındakı fərqi müəyyən edir. Qruplar ilbəil dəyişə bilər.

İbtidai sinif müəllimləri bu ixtisasa İslandiya Universiteti və ya Aküreyri Universitetində yiyələnirlər. Tədris, bir qayda olaraq, üç il davam edir. Orta təhsil müəllimləri də İslandiya Universitetinin məzunu ola bilərlər. Bu zaman humanitar və ya texniki elmlər üzrə bakalavr dərəcəsinin olması vacibdir. Kursların həm nəzəri, həm də praktiki olması təlıb olunur. Müəllimlərin işə qəbuluna görə bələdiyyələr məsuliyyət daşıyır. Könüllü müəllim hazırlığı kursları illik olaraq təklif olunur.[2]

Tam orta təhsil

[redaktə | mənbəni redaktə et]
İslandiya gimnaziyalarının birində sinif otağının görüntüsü

Tam orta təhsil (isl. framhaldsskóli, mənası "davamedici məktəb" deməkdir) orta təhsilin davamıdır. Belə məktəblər ingilis dilində gimnaziya adlanır. Məcburi deyil, lakin orta təhsil almış hər kəsin tam orta təhsil almaq hüququ var.[3] Bir qayda olaraq, üç il davam edir. 16–19 yaşlı şagirdlər bu təhsilə cəlb edilir. Tədris müddəti dəyişə bilər, xüsusilə də peşə məktəblərində. Təhsilin bu pilləsi 2007-ci il tarixli Tam orta təhsil haqqında Qanunla tənzimlənir. İslandiyadakı digər məktəblər kimi tam orta təhsil verən məktəblərdə də hər iki genderin şagirdləri eyni siniflərdə təhsil alır.

Şagirdlər təhsil haqqı ödəməsələr də, qeydiyyat haqqını qarşılamalı və öz dərsliklərini özləri almalıdırlar. Peşə məktəblərində təhsil alanlar istifadə etdikləri vəsaitlərin xərclərinin bir qismini ödəməlidirlər.

On altı yaşı tamam olmuş bütün şagirdlərin tam orta təhsil almaq hüququ yaranır. Orta təhsili başa vuran şagirdlərin təxminən 97%-i tam orta təhsil verən müəssisələrə daxil olurlar. Lakin göstəricilər nəzərə çarpan dərəcədə aşağı düşüb. Müxtəlif kurslar üçün fərqli qəbul tələbləri var. Lakin bütün şagirdlərin bu cür təhsilə hüquqları olduğuna görə qeyd edilən tələbləri qarşılaya bilməyən şagirdlər üçün ümumi tədris proqramı təşkil olunur. Bəzi məktəblər (xüsusilə də Reykyavik məktəbləri) digərlərinə nisbətən daha məşhur və nüfuzludur və belə məktəblər hər il yüzlərlə şagirdin müraciətini rədd edir.[8]

Tədris ili doqquz aydır və iki akademik dövrə bölünür: payız və yaz. Tələbələr həftə ərzində hər biri 40–80 dəqiqə davam edən təxminən 32–40 dərs saatında iştirak edirlər. Göstərilən müddət təhsil müəssisələri arasında kəskin şəkildə fərqlənə bilər.

Ölkədə təqribən qırx gimnaziya var; ibtidai siniflər kimi tutumu fərqlənə bilir. Ən böyük gimnaziyanın 3,000-dən çox tələbəsi var; ən kiçiyinin isə əllidən azdır. Gimnaziyaların aşağıdakı növləri var:

  • klassik orta məktəb (ing. grammar school) — üç il davam edir və matrisulyasiya imtahanları ilə başa çatır.
  • peşə məktəbi — müxtəlif peşə sahələri üzrə nəzəri və praktiki biliklər verir.
  • ümumi təhsil müəssisələri — ixtisaslaşmış peşə təhsilinə əlavə olaraq, klassik orta məktəb və peşə məktəbinin xüsusiyyətlərini özündə birləşdirən məktəbdir.
  • ixtisaslaşmış peşə məktəbləri — xüsusi peşə və karyera hazırlığının nəzərdə tutulduğu məktəblərdir.

Qanunvericiliyin tələbinə əsasən, göstərilən məktəblər ali təhsil hazırlığına uyğunluğu təmin etməlidir. Buna görə də istənilən gimnaziya Təhsil Nazirliyinin qaydalarına uyğun olmaq şərtilə Stúdentspróf adlanan matrikulyasiya imtahanı keçirir.

Gimnaziya vahid kredit sistemi əsasında fəaliyyət göstərirlər: akademik dövr kurslara bölünür, hər kurs müəyyən sayda kreditə malik olur. Nəticə olaraq, tələbələr şəxsi məsələlərdən asılı olaraq öz təhsillərinin sürətini tənzimləyə bilirlər. İslandiyada əksər tam orta təhsil müəssisələrində bu sistem tətbiq edilir.

Bir çox müəssisələr axşam dərsləri də təklif edir, hansı ki onların bəziləri öz əhəmiyyətinə görə gün ərzində keçirilən dərslərlə bərabər səviyyəli hesab olunur. Əksər məktəblər distant (məsafədən) təhsil də təklif edir.

İcbari təhsil müəssisələrindəki kimi burada da məsləhət xidmətləri mövcuddur.[2]

Qiymətləndirmə

[redaktə | mənbəni redaktə et]

İmtahanlar tədris ilinin sonunda deyil, hər akademik dövrün sonunda keçirilir. Sonuncu il çox zaman davamedici qiymətləndirmə və tapşırıqlara əsaslanır. Lakin bəzi fənlərdə yekun imtahan mövcuddur. 2003–2004-cü tədris ilinə qədər müəyyən fənlərin tətbiq olunduğu dövrdə orta ümumtəhsil məktəblərində ümumtəhsil müəssisələri ilə əlaqəli imtahanlar yox idi. Təhsil müəssisələrindən həmçinin icbari təhsil müəssisələri kimi hər beş ildən bir kənar özünü qiymətləndirmə tələb olunur.[2]

Tam orta təhsil müəssisələrində müəllimlərin dörd illik universitet təhsilini başa vurmaları tələb olunur. Onun ən az iki ili əsas fənlərin tədrisinə, azı bir ili isə pedaqogikaya həsr olunmalıdır. Peşə müəllimləri müvafiq fənn üzrə ixtisaslı və ən az iki il həmin sahə üzrə təcrübəyə malik olmalıdırlar.

Müəllimlərin hazırlıq kursları da fəaliyyət göstərir.[2]

Sonuncu səviyyə ali təhsildir (isl. háskóli). Hazırda ölkədə səkkiz belə təhsil verən müəssisə var,onların əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. İlk belə müəssisə 1911-ci ildə açılmış İslandiya Universitetidir və hələ də İslandiyanın ən qabaqcıl ali təhsil müəssisəsidir.[9] Buna baxmayaraq, son illərdə yeni universitetlərin açılması ilə seçim imkanları da artmışdır. Ali təhsil müəssisələri ilə əlaqədar qanunvericilik aktı 1997-ci ildə qəbul olunmuşdur. Həmin qanunda tədqiqat həyata keçirməyən universitetlər háskóli termini ilə ifadə olunur.[10] Həm özəl, həm də dövlət ali təhsil müəssisələrinə dövlət büdcəsindən ayırmalar həyata keçirilir.[9]

Hər universitetdə idarəetmə senat, rektor, fakültə iclasları, fakültə şuraları və dekanlardan ibarət olur. Bəzi universitetlərdə fakültələrə bölgü yoxdur. Təhsil müəssisəsinin idarəsi barədə son qərarı Senat verir və universitetin fəaliyyət siyasətini müəyyən edir. Dövlət universitetlə müqavilə bağlayaraq müəssisənin fəaliyyət istiqamətlərini və təhsil müəssisəsinə dövlət büdcəsindən ayrılacaq məbləği müəyyən edir.

Ölkədə universitetlərin sayı artsa da, bir çox hallarda (təxminən 16%, əksərən doktorantura təhsili üçün) tələbələr xaricdə oxumağa üstünlük verirlər.

Akademik tədris ili sentyabrdan may ayına qədər davam edir və iki semestrdən ibarət olur: payız və yaz.[2]

Bir çox məzunlar universitetə qəbul olmaq üçün matrisulyasiya imtahanı verməlidirlər.[11] Kifayət qədər iş təcrübəsi olanlar bəzi hallarda imtahansız qəbul ola bilər. Peşə və texniki ixtisaslarda daha az tələb var: namizədin seçdiyi sahə üzrə müəyyən təcrübəyə malik olması tələb olunur. Ali təhsil müəssisələri qəbul şərtlərini müəyyənləşdirməkdə sərbəstdirlər. Potensial tələbələr üçün qeydiyyat hər il may ayından iyun ayınadək davam edir. Lakin əcnəbilərin müraciəti üçün son tarix 15 martdır.[2]

Dövlət ali təhsil müəssisələrində tələbələr yalnız qeydiyyat rüsumu ödəyirlər; burada təhsil haqqı yoxdur. Lakin özəl ali təhsil müəssisələrində təhsil haqqı mövcuddur. Bütün tələbələrin maliyyə dəstəyi üçün İslandiya Tələbə Kredit Fonduna müraciət etmək hüququ var; kreditin məbləği tələbənin maliyyə və şəxsi durumundan asılıdır. Tələbə təhsilini bitirdikdən sonra krediti iki il ərzində ödəməlidir. İslandiya vətəndaşı olan tələbələrdən əlavə, Avropa İttifaqıAİBAATB üzvü olan dövlətlərin vətəndaşları da, əgər ən az bir il ölkədə əmək fəaliyyəti ilə məşğul olublarsa, tələbə krediti üçün müraciət edə bilərlər.

İslandiya Universitetində island diliədəbiyyatı üzrə təhsil alan əcnəbi tələbələr üçün Təhsil, Elm və Mədəniyyət Nazirliyi tərəfindən məhdud sayda təqaüd proqramı təklif olunur.

Elmi-tədqiqat müəssisələrində isə tələbə və professorun birgə ərizəsi və müvafiq fakültənin təsdiqi ilə qrant verilir.[2]

Xüsusi təhsil

[redaktə | mənbəni redaktə et]

İcabri təhsil haqqında 1974-cü il tarixli Qanuna qədər sağlamlıq imkanları məhdud şagirdlərin yalnız seçilmiş qrupları (məsələn, kar və kor şagirdlər) rəsmi olaraq xüsusi təhsilə cəlb olunurdular. Halbuki yüngül qüsurlu uşaqlar 1907-ci ildən kənd məktəblərində təhsil alırdı.[1] Qanunda edilən dəyişikliklə əqli geriliyi olan şagirdlər üçün Reykyavikdə xüsusi məktəblər açıldı. Fiziki çatışmazlığı olan şagirdlər isə adi siniflərə cəlb olundu. İslandiya Təhsil Kolleci müvafiq xidmətlərin göstərilməsi üçün proqramlar tərtib etmiş və müəllimlərin hazırlıq kurslarını təşkil etmişdi.[1]

İslandiya fərdiyyətçilikdən daha çox dözümlülük, bərabərlik və fərqliliyin mədəni dəyərlərini əks etdirərək, mövcud hökumət siyasəti, ayrıca sinif otaqları və məktəblərinə hələ də icazə verilməsi və dəstəklənməsinə baxmayaraq, inklüziv təhsil və ya "hamı üçün bir məktəb" olduğunu vurğulayır.[1]

Tam orta təhsil haqqında 1992-ci il Qanunu şagirdlərin universitetə daxil olmaq və buna görə müvafiq dəstəyi almaq hüququnu tanısa da, onları normal qəbul tələblərindən (məsələn, müvafiq riyazi nailiyyətləri) azad etmir. Odur ki, nəticə olaraq, icbari təhsili başa vuran və əhəmiyyətli dərəcədə əqli çatışmazlıqları olan şagirdlərin təhsilini davam etdirməsi çətindir.[1]

  1. 1 2 3 4 5 Sigridur Bjarnason, Dora; Peck, Bryan T. School Inclusion in Iceland: The Cloak of Invisibility (Education--Emerging Goals in a New Millennium). Nova Science Publishers. 37–42. ISBN 978-1-59033-612-0.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 The Educational System In Iceland Arxiv surəti 27 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine
  3. 1 2 3 "Icelandic - Educational - Education - System - in Iceland". 2007-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-09-13.
  4. "Education & Research < People and Society < Iceland.is - Gateway to Iceland". 2007-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-09-13.
  5. "Archived copy". 2007-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-09-22. (Icelandic)
  6. "Educational system < Education in Iceland < Ministry of Education, Science and Culture". 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  7. "Iceland — Education". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  8. [1], (in Icelandic) Retrieved December 10, 2010.
  9. 1 2 University of Iceland — Higher Education Arxiv surəti 20 avqust 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-08-20 at the Wayback Machine
  10. "Structure Of Education System In Iceland". 2016-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  11. Iceland 99..104 Arxiv surəti 13 iyul 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-07-13 at the Wayback Machine