Ağcaqovaq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ağcaqovaq (bitki) |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib.
Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir. Uzunluğu 4–9 sm, eni 2,5–6 (9) sm olur, ucdan sivrilmiş və ya kütdür. Kənarları qeyri-bərabər oyuqvari dişlidir. Uzanmış zoğlarda əmələ gələn yarpaqlar daha böyükdür, uzunluğu 5–14 sm, eni 7–12 sm olur və dərin 3–5 barmaqvari dilimlidir, kənarları oyuqvari dişlidir. Qaidədən düzxətli və ya azacıq ürəkvaridir, üstdən tünd yaşıl, altdan ağ və ya bozumtul tükcüklüdür. Saplağı yastılanmış, qısadır. Dişicik sırğları 10–15 sm uzunluğunda, üstü kələkötür və çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir, aprel-may ayında toxumu yetişir. Təbii olaraq toxum və kök pöhrələri ilə çoxalır. Qələmlə də çoxaldılır.
Yarpaq saplağının uzunluğu (1,5) 3–6 sm-dir. Qısalmış budaqların yarpaqları yumurtaşəkillidir, enli və ya üçbucaqyumurtavaridir, qaidə hissəsi düz, enli-pazşəkilli və yaxud az ürəkşəkillidir, kənarları küt və ya sivri dişcikləri olan qeyri-bərabər kələ-kötür dişlidir, küt və ya sivridir, uzunluğu 4–7 (9) sm, eni 3,5–6 (9) sm-dir. Cavan yarpaqları alt tərəfdən ağımtıl keçə tüklüdür, daha sonra isə çılpaq olur; uzanmış budaqların yarpaqları da aşağı hissədə bu cürdür, qalanları (3) 5 dərin bölümlülüdür, yumurtaşəkilli və ya uzunsovyumurtaşəkili, sivri və ya küt dişcikləri olan qeyribərabər kələ-kötür bölümlüdür, əsası düz və ya az ürəkşəkillidir, uzunluğu 5–10 (14) sm, eni 7–12 (16,5) sm-dir, üst tərfdən tünd-yaşıl, alt tərəfdən ağımtıl, bəzən bozumtul keçə tüklüdür. Qutucuq meyvəsi 4–5 mm uzunluqdadır, uzunsov-yumurtavari formada olub, çılpaq və qabarıqdır. Mart ayında çiçəkləyir və mart-aprel aylarında meyvə verir.
Düzəndən başlamış orta dağ qurşağına kimi meşələrdə bitir.
Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Azərbaycanda düzəndən başlamış orta dağ qurşağına qədər meşələrdə bitir.
Çayların sahilində və yatağında, çay vadilərində, kolluqlarda və meşələrdə rast gəlinir.
Oduncağı xarrat və tornaçı məmulatlarının, parket və pəncərə çərçivələrinin hazırlanmasında istifadə olunur. Yarpaqları mal-qara üçün yem əhəmiyyətlidir.