Abdal dili — oyunçu peşəsi sahibləri arasında, bir-birini başa düşmək, söhbəti başqalarından gizli saxlamaq üçün işlədilən şərti söz və ifadələrə verilən ümumi ad, Avropada geniş istifadə olunan "Ezop dili" anlayışının Azərbaycan folklorundakı qarşılığı.[1]
Bu danışıq tərzində məcazi məna, sətiraltı yük, fikrin eyhamlarla, işarələrlə bildirilməsi üstünlük təşkil edir. Abdal dili xalq arasında öz hazırcavablığı, tizfəhmliyi ilə tanınan baməzə və müdrik adamların — abdalların adı ilə bağlıdır. Belə xalq gülüşü qəhrəmanlarından biri olan Abdal Qasım haqqında el arasında çoxlu lətifələr mövcuddur.
Xalq abdal dilini "qayışdili", "oyunçu ağzı", "qurd dili" kimi anlayışlarla da ifadə etmişdir. Abdal dilinin əsas tələbi yuxarında qeyd olunduğu kimi, sətiraltı məna ilə pərdəli danışmağı bacarmaqdır ki, burada da xüsusi nitq məharəti və ustalığı zəruridir.
Əsasən Orta Asiya xalq musiqi sənətindən gələn bu özünəməxsus dildən Qarabağ, Gəncə, Gədəbəy və Tovuz aşıqları bəzi fikirləri öz aralarında bölüşmək üçün istifadə ediblər. Azərbaycan xalq sənətinin bu qolu indiyə qədər lazımi şəkildə öyrənilməmişdir.