Adi cirə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Adi cirə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi cirə (lat. Cuminum cyminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirə cinsinə aid bitki növü. Onun toxumları bir çox mədəniyyətin mətbəxində həm bütöv, həm də üyüdülmüş şəkildə istifadə olunur. Cirənin xalq təbabətində istifadə edildiyi düşünülsə də, onun dərman vasitəsi kimi istifadəsinin təhlükəsiz və ya effektiv olduğuna dair güclü dəlil mövcud deyil.
Cirə bitkisi 30-50 santimetrə qədər böyüyür və əllə yığılır. Adi cirə 20-30 santimetr hündürlüyündə və 3–5 santimetr diametrində nazik, hamar, budaqlı gövdəyə malik olan birillik ot bitkisidir. Bitkinin kökü boz və ya tünd yaşıl rəngdədir. Yarpaqları 5-10 santimetr uzunluğunda, çiçəkləri kiçik, ağ və ya çəhrayı rəngdədir və çətirdə yığılır. Cirə toxumları uzunsov formada, uzunlamasına çıxıntılı və sarı-qəhvəyi rəngdə olan zirə toxumlarına bənzəyir.
Cirə bəzən çətirkimilər (lat. Apiaceae) ailəsindəki başqa bir ədviyyat olan zirə ilə qarışdırılır. Cirə dadına görə daha acıdır, rəngi daha açıqdır və daha iridir. Bir çox Avropa dillərində bu iki bitkinin adları arasında aydın fərq yoxdur. Bir çox slavyan və ural dillərində cirə "Roma zirəsi" və ya "ədvalı zirə" adalanır.
Orta Asiya, Cənub-Qərbi Asiya və ya Şərqi Aralıq dənizi mənşəli olduğu ehtimal edilən cirə min illərdir ədviyyat kimi istifadə olunur. Eramızdan əvvəl 6-cı minilliyin əvvəllərinə aid olan, indi su altında qalan Atlit-Yam yaşayış məskənində yabani cirə toxumları aşkarlanmışdır. Suriyada aşkarlanmış toxumlar isə e.ə. II minilliyə aid edilmişdir. Cirə toxumları həmçinin Qədim Misirə aid arxeoloji sahələrdəki Yeni padşahlıq dövrünə aid bir neçə təbəqədə də tapılmışdır. Qədim Misir sivilizasiyasında cirədən ədviyyat və mumiyalamada konservant kimi istifadə edilirdi.
Cirə qədim Kritdəki minoy sivilizasiyası üçün əhəmiyyətli ədviyyat idi. Cirə qədim Roma mətbəxində də geniş istifadə olunurdu. Hindistanda o, minilliklər boyu saysız-hesabsız reseptlərdə ənənəvi tərkib hissəsi kimi istifadə olunmuş və bir çox digər ədviyyat qarışıqlarının əsasını təşkil etmişdir.
Cirə Amerika qitəsinə İspaniya və Portuqaliya kolonistləri tərəfindən gətirilmişdir. Qara və yaşıl cirə fars mətbəxində istifadə olunur. Bu gün bitki ən çox Hindistan yarımadasında, Şimali Afrikada, Meksikada, Çilidə və Çində yetişdirilir.
Hindistan dünyanın ən böyük cirə istehsalçısıdır və ümumi istehsalın təxminən 70%-i onun payına düşür. Digər əsas cirə istehsal edən ölkələr Suriya (13%), Türkiyə (5%), BƏƏ (3%) və İrandır. Hindistan 2020–2021 maliyyə ilində 856 min ton cirə toxumu istehsal etmişdir.
Cirə quraqlığa davamlı tropik və ya subtropik bitkidir. Optimal böyümə temperaturu 25–30 °C arasındadır. Bitkinin böyüməsi üçün ən uyğun şərait Aralıq dənizi iqlimidir. Cirənin becərilməsi üç-dörd aya qədər uzun, isti yay tələb edir. Aşağı temperaturda yarpaqların rəngi yaşıldan bənövşəyə qədər dəyişir. Yüksək temperatur böyümə müddətini azalda və erkən yetişməyə səbəb ola bilər. Hindistanda cirə oktyabr ayından dekabrın əvvəlinə kimi əkilir və fevral ayında məhsul yığımına başlanır. Suriya və İranda isə cirə noyabrın ortalarından dekabrın ortalarına qədər əkilir (yanvarın ortalarına qədər uzadılması mümkündür) və iyun/iyul aylarında yığılır.
Cirə toxumu özünəməxsus dadı və ətrinə görə ədviyyat olaraq istifadə olunur. Cirə bəzi pendir növlərində və Fransa mətbəxinə aid bəzi ənənəvi çörək növlərində də istifadə olunur. Cirə üyüdülmüş halda və ya bütöv toxum halında istifadə edilə bilər.
Bir neçə ölkənin xalq təbabəti praktikasında qurudulmuş cirə toxumlarından dərman məqsədi ilə istifadə olduuğu ehtimal edilsə də, bitkinin tibbi məqsədlə istifadəsi ilə bağlı hər hansı bir elmi sübut mövcud deyil.