Afaq Məsud | |
---|---|
Doğum tarixi | 3 iyun 1957 (67 yaş) |
Doğum yeri | |
Atası | Məsud Əlioğlu |
Təhsili | |
Fəaliyyəti | yazıçı, dramaturq |
Əsərlərinin dili | Azərbaycan dili |
Üzvlüyü |
|
Mükafatları |
|
afaqmesud.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Afaq Məsud qızı Vəliyeva (Afaq Məsud) (3 iyun 1957, Bakı) — Azərbaycan yazıçısı və dramaturqu, Azərbaycan Respublikasının xalq yazıçısı (2019), Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri (2014–2024). Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdüçüsü. [1]
Afaq Məsud qızı Vəliyeva 3 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru, 1989–2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb.[2]
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 may tarixli 110 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Roman, pyes, esse və hekayələr müəllifidir.
Əsərləri, müsahibə və məqalələri bir çox ölkələrin nəşriiyyatlarında, KİV-də nəşr olunub, mədəniyyət, ədəbiyyat portallarında yayınlanıb. "Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbəla", "Mənsur Həllac" pyeslərinin müəllifidir.[2] Dövlət "Yuğ" Teatrında "Can üstə", "O məni sevir" (rejissor – Vaqif İbrahimoğlu), Akademik Milli Dram Teatrının səhnəsində "Qatarın altına atılan qadın" tamaşaya qoyulub (rejissor – Mehriban Ələkbərzadə). Onun əsərləri əsasında "Sərçələr" (rejissor – Eyvaz Vəliyev), "Qonaqlıq" (pejissor — Tariyel Vəliyev) televiziya tamaşaları, "Gecə" (rejissor – Teymur Quliyev), "Cəza" (rejissor – Mehriban Ələkbərzadə), "Dovşanın ölümü" (rejissor – L. Nəcəfzadə) filmləri çəkilib.
Q. Q. Markesin "Patriarxın payızı", T. Vulfun "Dünyanın hörümçək toru" romanlarının, Məhəmməd Nəsəfi, Əbu Həmid əl-Qəzali, İbn Ərəbi, Cəlaləddin Ruminin təzkirələrinin Azərbaycan dilinə tərcümə müəllifidir.
1994-cü ildə Berlin Ədəbiyyat Evində "İzdiham" əsərinin alman dilində qiraəti və müzakirəsi keçirilib, 2000-ci ildə Vyana Universitetində yaradıcılığı əsasında doktorluq dissertasiyası müdafiə olunub. (Sena Doğan "Avropa şərqşünaslığında qadın yazarlar") 2004-cü ildə Vyana radiosunda "Sərçələr" hekayəsinin motivləri əsasında hazırlanmış "Die Sperlinge" ("Sərçələr") radio-pyesinin yayını təşkil edilib.[2]
Azərbaycanın Xalq yazıçısı Əli Vəliyevin nəvəsi, ədəbiyyatşünas alim Məsud Əlioğlunun qızıdır.