Aki Yaşiro | |
---|---|
yap. 八代 亜紀 | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 29 avqust 1950[1] |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 2023 (73 yaşında) |
Vəfat səbəbi | ağciyər iltihabı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, cazmen, rəssam |
Fəaliyyət illəri | 1971-ci ildən |
Janr | enka[d] |
Albom şirkəti | Teichiku Records[d] |
Üzvlüyü |
|
Mükafatları | |
yashiro.mirion.co.jp |
Aki Yaşiro (八代亜紀, Yaşiro Aki?, 29 avqust 1950[1], Yatsuşiro[d], Kumamoto – 30 dekabr 2023) və ya doğum adı ilə Akiyo Masuda (増田明代, Masuda Akiyo?) – Yaponiya enka müğənnisi və rəssamı. "Enkanın kraliçası" kimi tanınır.[2]
Yaşironun ilk peşəsi avtobus bələdçisi olmuşdur. Daha sonra Tokioya köçmüş, Tokionun Qinza rayonunda yerləşən gecə klublarının birində oxumağa başlamışdır. 1971-ci ildə "Ai wa Shindemo" mahnısı ilə debüt etmişdir.[2] Səhnə adını doğulduğu Yatsuşiro şəhərindən götürmüşdür.[3] Romantika mövzusundakı melanxolik mahnılarına görə tanınan Yaşironun ən böyük hitləri "Namida Koi" (1973), "Ai no Shuchakueki" (1975) "Funauta" (1979) və "Ame no Bojo" (1980) mahnıları olmuşdur. "Ame no Bojo" mahnısına görə 1980-ci ildə Yaponiya Səsyazma Mükafatını qazanmışdır.[2] NHK kanalının "Kohaku Uta Gassen" canlı musiqi verilişinin Yeni il buraxılışlarında 1973-cü ildən etibarən 23 dəfə çıxış etmişdir.[3]
Yaşiro enka janrı ilə yanaşı, caz və blüz janrlarında ifa etmişdir. 2012-ci ildə "Yoruno Arubamu" adlı ilk caz albomunu buraxmış, 2013-cü ildə Nyu-Yorkda yerləşən "Birdland" caz klubunda ifa etmiş,[3] rok festivalında çıxış etmişdir. Yaşiro rəssamlıq fəaliyyəti ilə də məşğul olmuşdur. Onun yağlı boya rəsmləri 1998–2002-ci illərdə Fransada yerləşən Paris Salonunun sərgisi tərəfindən qəbul edilmişdir.[4]
Yaşiro qadın həbsxanalarının və uşaq koloniyalarının daimi ziyarətçisi olmuşdur.[3] 2011-ci ildə baş vermiş Tohoku zəlzələsindən sonra təxliyə mərkəzlərini ziyarət edərək onlara tatami bağışlamışdır. 2016-cı ildə baş vermiş Kumamoto zəlzələsində də təxliyə mərkəzlərini ziyarət etmişdir.[4]
Yaşiro səhhətindəki problemlərə görə 2023-cü ilin sentyabrında karyerasına fasilə verdiyini açıqlamışdır. Onda anti-MDA5 antitel-pozitiv dermatomiozit xəstəliyi inkişaf etmiş, 30 dekabr 2023-cü ildə ağciyər iltihabı səbəbilə ölmüşdür.[3]