Aleksandr Kameron Sim | |
---|---|
Doğum tarixi | 28 avqust 1840 |
Doğum yeri | |
Vəfat tarixi | 28 noyabr 1900 (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | tif qızdırması[d] |
Dəfn yeri |
|
Fəaliyyəti | iş adamı, farmakoloq, atlet, yanğınsöndürən[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Kameron Sim (28 avqust 1840, Aberlur[d], Aberlur[d] – 28 noyabr 1900, Kobe) – Meyci dövründə Yaponiyada fəaliyyət göstərən şotland farmakoloq və biznesmen. Ramune içkisini ixtira etmişdir. 1870-ci ildə Yaponiyanın ən qədim idman klubu olan "Kobe Reqata və Atletika Klubu"nu qurmuşdur. Kobedə əcnəbi icmasının lideri olmuş, yanğınsöndürmə və xeyriyyə fəaliyyətləri ilə məşğul olmuşdur. "Müasir Yaponiya idmanının atası" kimi tanınır.[1]
Aleksandr Kameron Sim 28 avqust 1840-cı ildə Şotlandiyanın Aberlur kəndində doğulmuşdur. O, Banfşir qraflığında əkinçiliklə məşğul olan icmada böyümüşdür. Atası Fişerton qəsəbəsində çay balıqçılığı ilə məşğul olurdu. Sim Turiff qəsəbəsində kimya təhsili almışdır. Londona köçərək farmakoloq olmuş, 1862-ci ildə London xəstəxanasında işləməyə başlamışdır.[2] 1866-cı ilin yanvarında Honkonqda yerləşən donanma xəstəxanasına təyinat almışdır. Honkonqda yaşadığı dövrdə atletika bacarıqları ilə tanınmağa başlamışdır.[3] Qaçış, avarçəkmə və çəkictullama yarışlarında mükafatlar qazanmışdır.[2]
Sim 1870-ci ilin iyununda ilk dəfə Yaponiyaya gəlmiş, əvvəlcə Naqasakidə məskunlaşmışdır. Naqasaki Tibb Zalının sahibi olmuş, daha sonra Kobeyə köçmüşdür. 1871-ci ildən etibarən Kobedə "A. C. Sim & Co" adı altında fəaliyyət göstərməyə başlamışdır. O, idmana böyük maraq göstərdiyi üçün 23 sentyabr 1870-ci ildə "Kobe Reqata və Atletika Klubu"nu yaratmışdır. O, klub komitəsi üçün keçirilmiş seçkilərdə ən çox səs alan şəxs almış və 1900-cü ilin noyabrına qədər Kobedə gənclər arasında atletikanın təbliğatı ilə məşğul olmuşdur. Sim Yaponiyada atletika ilə məşğul olmuş və bir neçə rekord əldə etmişdir.[3] 1871-ci ilin martında klub tərəfindən təşkil olunan atletika turnirində iki yarışın qalibi olmuşdur. "Japan Gazette" onu "Uzaq Şərqə gələn ən yaxşı avarçəkənlərdən biri" adlandırmışdır.[2] 8 fevral 1888-ci ildə Yaponiyada baş tutan ilk rəsmi futbol oyununda Kobe komandasının kapitanı kimi çıxış etmişdir.[1]
Sim Kobedə yaşayan əcnəbi icması üçün ictimai işlər görmüşdür. Yanğınsöndürmə briqadası təşkil etmiş, yolların tikintisində və bərpasında iştirak etmişdir.[3] Kobe bələdiyyə şurasının vitse-sədri seçilmişdir.[1] O, Kobe Əcnəbilərin Yanğınsöndürmə Briqadasının komandiri olmuş, daha sonra Hyoqo Yanğınsöndürmə Briqadasının fəxri məsləhətçisi seçilmişdir.[3] Kobenin əcnəbi icmasında yaşadığı 30 il ərzində burada baş verən bütün yanğınların söndürülməsində iştirak Sim hətta yatağının yanında yanğınsöndürən kaskı və uniforması ilə yatırdı. 1891-ci ilin fevralında Kobedə baş verən dağıdıcı fırtınadan əziyyət çəkən şəxslərə kömək etmiş, "Snowflake" gəmisi ilə onlara tədarük göndərmişdir. 1896-cı ildə baş verən Sanriku sunamisinin qurbanlarına həftələrlə kömək etmiş, evlərin bərpasında iştirak etmişdir. Gördüyü işlərə görə Yaponiya hökuməti tərəfindən 6 gümüş sakezuki ilə mükafatlandırılmışdır.[2]
Sim 1879-cu ildə limonad içkilərinin istehsalçısı olmuşdur.[3] 1884-cü ildə ramune içkisini ixtira etmişdir. İçki Yaponiyada böyük populyarlıq qazanmış, Simə böyük qazanc gətirmişdir.[2] 1889-cu ildə "Sim & Scott" şirkətini qursa da, əməkdaşlığı 1891-ci ildə bitmişdir.[3]
Sim gəmiqayırma və xilasetmə mühəndisliyi ilə də məşğul olmuşdur. Öz tikdiyi yaxtanın 8 yapondan ibarət daimi heyəti var idi. Öz tərsanəsini qurmuş, Almaniya donanması üçün freqat hazırlamışdır. O, Daxili Yapon dənizinin ən yaxşı pilotu kimi tanınmışdır.[2]
Simin Osakada yediyi çiy istridyələr tif qızdırmasına yoluxmasına səbəb olmuş və o, 28 noyabr 1900-cü ildə ölmüşdür. Futatabi dağında yerləşən Kobe qəbiristanlığında dəfn olunmuşdur. İcma üçün gördüyü işlərə görə 1901-ci ildə Kobedə ona həsr olunmuş memorial sütun ucaldılmışdır.[3]
Böyük qardaşı Corc Sim Aberdində təbiətşünas və antikvarçı kimi tanınmışdır.[1] Qardaşıoğlu Ceyms Sim tacir olmuşdur və Birinci Çin–Yaponiya müharibəsində Yaponiya ordusunu qida və avadanlıq ilə təchiz etmişdir.[2]