Aliyə Berqer | |
---|---|
türk. Aliye Berger | |
Doğum tarixi | 24 dekabr 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 1974 (70 yaşında) |
Vəfat yeri | |
Atası | Mehmed Şakir Paşa |
Anası | İsmət xanım |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aliyə Berqer (türk. Âliye Berger; 24 dekabr 1903, Böyükada, İstanbul, Osmanlı imperiyası[1] – 9 avqust 1974, Böyükada, İstanbul ili) — rəssam və Türkiyənin ilk qadın qravürçüsü.[2]
24 dekabr 1903-cü ildə ildə ailəsinin Böyükadadakı köşkündə dünyaya gəldi. Atası Osmanlı diplomatı Şakir Paşa, anası isə yerli ailələrdən birinə mənsub İsmət xanımdır. Eyni zamanda məşhur Osmanlı sədrəzəmi Əhməd Cavad Paşa onun əmisi, Halikarnas Balıqçısı adıyla tanınan məşhur şair Cavad Şakir Qabaağaclı qardaşı və rəssam Fahrünnisə Zeyd isə bacısıdır.[3]
Uşaqlıq illəri doğulduğu Böyükadada keçən Aliyə ibtidai təhsilini Böyükadada atası tərəfindən yaradılan məktəbdə tamamlamasının ardından bacısı Fahrünnisə ilə birlikdə İstanbuldakı Notr-Dam-de-Sion Fransız liseyinə göndərildi. Burada fransız dilini mükəmməl şəkildə öyrəndi. Ancaq Birinci Dünya müharibəsi səbəbilə təhsil aldığı liseyin bağlanması ucbatından təhsili yarımçıq qaldı[4] və 1920-ci ildə Fransa səfirliyinin təşkil etdiyi xüsusi imtahandan keçərək diplom aldı.
Bacısı qızı Füreyyaya dərs vermək üzrə köşkə gələn macar əsilli məşhur skripkaçı Karl Berqerlə ilk dəfə bu illərdə tanış oldu. Zamanla özü də məşhur musiqiçidən dərslər aldı və aralarında sevgi münasibəti yarandı. 23 il davam edən sevgi münasibətləri 1947-ci ildə evliliklə nəticələndi. Ancaq cəmi 6 ay sonra Karl Berqer ürək tutması səbəbilə vəfat etdi və Aliyə xanım bir daha evlənmədi.[5]
Həyat yoldaşının vəfatından sonra bacısı Fahrünnisə xanımın dəvətiylə Londona getdi. Burada məşhur rəssam və qravürçü John Buckland Wrightdan dərslər aldı. 1951-ci ildə Türkiyəyə qayıtdı və burada ilk şəxsi sərgisini açdı. 1954-cü ildə keçirilən beynəlxalq rəsm yarışmasında birinci oldu.[6]
Həyatı boyunca 48 sərgidə iştirak edən Aliyə Berqer ağciyər çatışmazlığı səbəbilə 9 avqust 1974-cü ildə doğulduğu Böyükadada vəfat etdi və burada həyat yoldaşının yanına dəfn olundu. Ölümünün ardından əsərləri toplanaraq bir neçə dəfə sərgiləndi. Bunlardan ən önəmliləri isə 16 oktyabr 1975 və 11 fevral 1988-ci ildə İstanbulda keçirilən sərgilərdir.[7]