Alma çiçəkyeyəni

Alma çiçəkyeyəni
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Alma çiçəkyeyəni
Beynəlxalq elmi adı

Alma çiçəkyeyəni (lat. Anthonomus pomorum) — sərtqanadlılar dəstəsindən cücü növü.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Bədəni qonyrumtul-boz, bığları dirsəkli, burnu boruyabənzər və uzundur. Qanadüstlüklərində köndələn ağ zolaq olur. Uzunluğu 3,5–4,5 mm-dir, sürfəsi ayaqsızdır, başı qonur və kiçikdir. Alma, armud, bəzən albalıgilas ağaclarına ziyan verir. Əsasən qöncələri zədələyir. Böcəklər tökülmüş yarpaqların altında və qismən ağacın qabığında qışlayır. Dişi böcək 100-dək yumurta qoyur. Yumurtası oval, sarımtıl rəngdədir. Sürfəsi çəhrayı-ağ rəngdə olub, ayaqsızdır. Yumurtaların inkişafı 5–10, sürfələrinki 15–20, pupunku 7–12 gün çəkir.

Alma çiçəkyeyəni imaqo mərhələsində, ağacların gövdə yarpaqları içərisində, qabığın və yerə tökülmüş yarpaqların altında qışlayır. Yazda tumurcuqların açılmasına az qalmış, gündəlik orta temperatur 15–18oC olduqda, böcəklər qış yerlərindən çıxırlar və ağacların tumurcuqları ilə qidalanırlar. Bir müddət qidalandıqdan sonra, aprel ayının I ongünlüyündə dişi fərdlər hər bir çiçək qönçəsinin üzərinə bir ədəd yumurta qoyur. Kütləvi yumurtaqoyma mayın I, II ongünlüyündə baş verir. Hava şəraitindən və qönçələrin açılmasından asılı olaraq, yumurtaqoyma 15–20 gün çəlkir. Müşahidələrə əsasən zərərverici alma bitkisindən əlavə armud bitkisinə də ciddi zərər verir. Belə ki, armud ağacının çiçəklənməsi tez başladığı üçün, zərərverici ilk yumurtalarını armud çiçəyinin qönçəsinin üzərinə qoyur. Armud ağacının çiçəklənmə müddəti qurtardıqda isə zərərverici alma ağacının çiçək qönçələrinin üzərinə yumurta qoymağa başlayır. Bir dişi fərd 30–120-yədək yumurta qoya bilir. Yumurta qoyulan gündən 10–16 gün sonra (may ayının II ongünlüyündə) yumurtalardan çıxan sürfələr çiçəyin erkəkcik və dişicikləri ilə qidalanırlar. Belə olan halda çiçəklərin ləçəkləri tökülür, çiçəkyanlığı sürfələr tərəfindən yeyilir, nəticədə qönçələr quruyur və qonurlaşırlar. Sürfələrin inkişafı (3 yaş dövrü) 18–24 gün çəkir. İnkişafını başa vurmuş sürfələr, zədələnmiş və inkişafdan qalmış qönçələrin içərisinə (may ayının axırı və iyunun əvvəli) keçərək orada da puplaşırlar. Pup mərhələsinin inkişafı, hava şəraitindən asılı olaraq 10–12 gün çəkir. Alma çiçəkyeyəni il ərzində bir nəsil verir. Bir nəslin inkişafı 30–35 gün çəkir. Böcəklər qönçələrdə 2–3 mm diametrində deşiklər açaraq oradan təbiətə uçurlar. İyul ayında havaların isti keçməsi ilə əlaqədar, böcəklər kölgəli yerlərə çəkilərək, ağacların qabığı altında gizlənib sakit həyat tərzi keçirirlər. Payızda isə qışlama yerlərinə keçərək, yaz fəslinədək orada qalırlar. Azərbaycanda 14 növ entomofaqı aşkar edilmişdir. Abşeron yarımadasında isə alma çiçəkyeyəninin sayının biotənzimlənməsində 9 növ (Pimpla examinator F., Scambus colobata Grav., Apanteles spurius Wesm., Bracon intercessor Nees., Ascogaster quadridentata Wesm., Culister lineare Er., Tanasimus formicarius L., Calasoma enquisitor Dej., Adalia bipunctata L.) entomofaq fəaliyyət göstərir. Ayrı-ayrı illərdə entomofaqlarla kompleks yoluxma 50–55% -ə çatır.

Azərbaycanın hər yerində, xüsusilə Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən və Naxçıvan MR-da, Rusiyada, Qafqazda; Şərqi Avropada, Koreya, Yaponiyada geniş yayılmışdır.

Mübarizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Tumurcuqlar açılmamış ağaclara xlorofos və ya ftalofos çilənir.