Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Anar Məmmədli | |
---|---|
Doğum tarixi | 26 iyul 1978 (46 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | insan hüquqları fəalı |
Mükafatları | Vatslav Havel adına mükafat |
Vikianbarda əlaqəli mediafayllar |
Anar Məmmədli (26 iyul 1978, Yevlax) — insan hüquqları fəalı, seçkilər və ictimai idarəetmə üzrə ekspert.
Anar Məmmədli 26 iyul 1978-ci ildə Yevlax şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dillər Universitetinin (ADU) Alman dili və filologiyası ixtisası (bakalavr dərəcəsi) üzrə bitirib.
2020-ci ildə ABŞ-nin Sirakuz Universiteti Maksvel Məktəbini İctimai İdarəçilik ixtisası (magistr dərəcəsi) üzrə bitirib.
Fəal əmək fəaliyyətinə 1997-ci ildə müxtəlif qəzetlər üçün tərcümələr etməklə başlayıb.
1998–2001-ci illərdə "Bu gün", "Hüriyyət", "Mərkəz" və "Bakı həftəliyi" qəzetlərində reportyor və redaktor vəzifələrində çalışıb.
1997-ci ildə Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi ilə birlikdə Dünyəvi Yüksəliş Gənclər Təşkilatını yaradıb.
2001-ci ildə QHT-lərin Seçki Monitorinqi Mərkəzinin yaradılmasında iştirak edib. 2008-ci il prezident seçkiləri ərəfəsində mərkəzin qeydiyyatı Ədliyyə Nazirliyinin iddiası əsasında ləğv olunduğu üçün həmin ilin dekabrında Bəşir Süleymanlı ilə birlikdə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) adlı yeni QHT yaradıb.[1]
9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkisi üzrə SMDT-nin apardığı yerli müşahidəçilik və yaydığı ilkin rəy siyasi hakimiyyət təmsilçilərinin kəskin etirazına səbəb olub. Bununla da təşkilata qarşı ənənəvi qarayaxma kampaniyası başlayıb və 27 oktyabr 2013-cü ildə Respublika Baş Prokurorluğunun təşkilata qarşı başladığı cinayət işi əsasında Anar Məmmədli 16 dekabr 2013-cü ildə həbs edilib. Həbsindən 5 ay sonra — 26 may 2014-cü ildə Ağır Cinayətlər Məhkəməsi Məmmədlinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib. Yerli və beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi Məmmədli 2016-cı ilin 17 martında Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.
Anar Məmmədli Azərbaycan (ana dili), alman, türk, ingilis və rus dillərini bilir.
Anar Məmmədli 1999-cu ADU-da təhsilini bakalavr üzrə bitirdikdən sonra iki il ərzində tərcüməçi və jurnalist kimi çalışsa da, əsas marağını seçkilər, siyasi idarəçilik və insan hüquqları üzrə biliklərinin artırılmasına yönəldib. Bu məqsədlə 2000–2005-ci illərdə müxtəlif beynəlxalq təlimlərdə öz biliklərini təkmilləşdirməyə çalışıb.
O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurası Direktoratlığının, ABŞ Milli Demokratiya İnstitutu, Beynəlxalq Seçki Sistemləri Fondu və müxtəlif akademik mərkəzlərin təlim və seminarlarında iştirak edib. Təlim proqramaları ilə yanaşı 2005–2011-ci illərdə müxtəlif təqaüd proqramlarında iştirak edərək, Almaniya, Çexiya, Belçika kimi Avropa Birliyi ölkələrində yaxşı idarəçilik, siyasi iştirakçılıq və yerli idarəetmə üzrə təcrübələri öyrənməyə çalışıb.
2018–2020-ci illərdə ABŞ-nin Sirakuz Universitetində təhsil alaraq, akademik biliklərini bu universitetin Vətəndaşlıq və İctimai Münasibətlər üzrə Maksvel Məktəbində İctimai İdarəçilik (Magistr dərəcəsi) ixtisası üzrə təkmilləşdirib.
Seçki prosesi ilə yanaşı Anar Məmmədli 1998-ci ildən etibarən ölkədə insan hüquq və azadlıqlarının, xüsusən də siyasi məhbusların azadlığı, sərbəst toplaşmaq və birləşmək hüquqlarının müdafiəsi, o cümlədən siyasi iştirakçılığın təbliği yönündə çalışıb.
O indiyədək Azərbaycanda keçirilən 15 seçkinin SMDT (keçmiş SMM) vasitəsilə müşahidəsinə rəhbərlik edərək, seçkilərin gedişi və nəticələri barədə rəylərin hazırlanmasında iştirak edib. Ancaq Anar Məmmədlinin seçki təcrübəsi yalnız Azərbaycanla məhdudlaşmayıb. İndiyədək ENEMO və ATƏT DTİHB-nin beynəlxalq missiyaların tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.
2005-ci ildə SMDT (keçmiş SMM) Seçkilərin Monitorinqləri Təşkilatının Avropa Şəbəkəsinə (ENEMO) üzv olduqdan sonra Məmmədli bu qurumun tədbirləri, ümumi yığıncaqları və Katibliyinin işində iştirak edib. 2006–2008-ci illərdə isə ENEMO-nun Katibliyinin üzvü seçilib.
2009-cu ildə Avropa Birliyinin Şərq Tərəfdaşlıq siyasəti elan olunduqdan sonra SMDT Şərq Tərəfdaşlıq Forumunun təsis yığıncağına seçilib və Məmmədli qurumu təmsil edib. Sonrakı illərdə VCF-nin Azərbaycanda Milli Platformasının yaranması və fəaliyyətində iştirak eidb, 2012-ci ildə VCF-nin İdarə heyətində təmsil olunub.
2012-ci ildə Avropada Demokratik Seçkilər Platformasının (EPDE) təsis olunmasında Məmmədli fəal iştirak edib və hazırda mərkəzi Berlin şəhəri olan bu qurumun İdarə heyətində bir neçə il təmsil olunub.
2012-ci ildə ABŞ Milli Demokratiya İnstitutu və Dünya Bankının təşəbbüsü ilə Vaşinqtonda keçirilən Forumda SMDT-ni təmsil edərək, "Parlamentin açıqlığı" bəyannaməsinin müzakirəsində və qəbul olunmasında, habelə Açıq Parlament qlobal şəbəkəsinin yaranmasında iştirak edib.
2010-cu ildən etibarən Məmmədli BMT-nin İnsan Hüquqları Komitəsi və Avropa Şurası Parlament Assambleyasının seçkilər, qanunun aliliyi, insan hüquqları və yaxşı idarəçiliyin təşkili üzrə tədbirlərində fəal iştirak edib.
O 2011-ci ildə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilən almaniyalı deputat Kristofer Ştrasserə "Azərbaycanda siyasi məhbuslar" adlı hesabatın hazırlanması, xüsusən həbsdə olan siyasi məhbuslar barədə məhkəm hökmlərinin toplanması, tədqiqi və tərcüməsində kömək edib.
Azərbaycanda 9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkisi ərəfəsində siyasi gərginlik ilin əvvəllində müşahidə olunurdu. İsmayıllıda bir qrup sakinin yerli icra hakimiyyəti nümayəndələrinə kütləvi etirazından siyasi hakimiyyət siyasi narazılığın qarşısını almaq üçün siyasi motivli həbslərə başladı.
2013-cü il fevralın 4-də Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyası Məclisinin üzvü Tofiq Yaqublu İsmayılıda iğtişaşların təşkilində iştirakına görə həbs edildilər. Bunun ardınca NİDA Vətəndaş Hərəkatının 7 üzvü Mart və Aprel aylarında təşkil olunan "Əsgər ölümlərinə etiraz" aksiyalarından sonra həbs edildilər. Aprelin 11-də isə gənclər üçün vaxtaşırı mühazirələrin təşkil olunduğu Azad Fikir Universitetinin ofisi Baş Prokurorluğun başladığı cinayət-istintaq tədbirləri çərçivəsində bağlandı.
Avqustda başlayan prezident seçkilərini uzunmüddətli qaydada müşahidə edən SMDT seçki gününədək iki aralıq hesabat hazırlayıb yaydı. Bu hesabatlarda namziədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat dövründə inzibati resurslardan istifadə halları, siyasi fəalalr və müstəqil müşahidəçilərə qarşı siyasi təqiblər, ifadə azadlığı, sərbəst toplaşmaq azadlığının pozulması halları qedilib. Bu hesabatlar yayıldıqdan sonra iqtidara yaxın mediada SMDT əleyhinə qarayaxma kampaniyası başladı.
SMDT ölkə üzrə əməkdaşlıq etdiyi ictimai birliklər və vətəndaş qruplarının dəstəyi ilə seçki günü üçün müşahidəçilərin hazırlanamsı və seçki komissiyalarında qeydiyyatıan hüquqi yardım göstərdi.
9 Oktaybr günü SMDT Statistikaya Əsaslanmış Müşahdiə üzrə ölkə üzrə seçki məntəqələrində çalışan müşahidəçilərdən toplanan hesabatlar əsasında kütləvi qanun pozuntuları qeydə aldığını bildirdi. Bu pozuntulara səsvermə zamanı bir şəxsin bir-neçə dəfə səs verməsi, seçicilərin qrup halında məntəqəyə gətirilməsi, adı seçici siyahısında olmayan insanların səsvermədə iştirakı və saxta seçki bülletenlərinin qutulara atılması halları daxil idi. SMDT səslərin sayılması zamanı seçki məntəqələrinin 30 faizində səslərin yekun protokollarda düzgün əks olunmadığını, seçki məntəqələrinin 44 faizində isə yekun protokollar məntəqələrin qarşısında asılmadığını qeydə alıb. Bütün bunları nəzərə alaraq, SMDT ilkin rəyində 9 oktybar 2013-cü il prezident seçkisində bərabər rəqabət imkanlarının təmin olunmadığını, seçkinin milli qanunvericilik və beynəlxalq standartların pozulması şəraitində baş tutaraq, azad və demokratik olmadığını bəyan edib.
SMDT-nin İlkin Rəyi açıqlandıqdan iki həftə sonra — oktaybrın 27-də Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində SMDT-yə və onun tərəfdaşı olan Könüllülərin Beynəlxalq Həmrəyliyi Birliyinə qarşı cinayət işi açılıb. Bu iş üzrə istintaq prosesi ilə SMDT-nin bütün vəzifəli şəxsləri, o cümlədən Anar Məmmədli əməkdaşlıq edərək, zəruri sənədləri və materialları təqdim ediblər. Ancaq təxminən ay yarım sürən istintaqdan sonra Anar Məmmədli dekabrın 16-da saxlanılaraq, barəsində həbs qəti-imkan tədbiri seçilib.
2014-cü ilin mayında isə məhkəmə tərəfindən 5 il 6 ay azadlıqdan məhrum edilib.