Andorrada COVID-19 pandemiyası | |
---|---|
İlk qarşılaşma | 2 mart 2020[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Andorrada koronavirus pandemiyası 2020 — 2 mart 2020-ci il tarixdə Andorrada ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu.
Hökumət 16 mart tarixindən etibarən məktəblərin bağlanması barədə göstəriş verdi. Bundan əlavə, dövlətin keçirilməsini planlaşdırdığı bütün mədəni tədbirlər ləğv olundu.[2] Martın 13-də dövlət başçısı Xavyer Espot Samora zəruri məhsulların satışını həyata keçirən müəssisələr, yanacaqdoldurma məntəqələri və apteklərdən başqa bütün ictimai iaşə obyektlərinin iki həftə bağlanacağını açıqladı.[3] Ertəsi gün Konstitusiya Günü ilə əlaqədar tədbirlər ləğv edildi. Bundan əlavə, sərhədlər məhdudlaşdırıldı və insanlara yalnız səhhəti ilə əlaqədar, yüklərin daşınması və ya xaricdə yaşayan sakinlər üçün sərhədi keçməyə icazə verilirdi. Tütün və spirtli içkilərin turistlərə satılması qadağan edildi, Andorra vətəndaşlarına və sakinlərinə satılmasına icazə verilən miqdar isə məhdudlaşdırıldı.[4]
Martın 16-da Espot, tikinti və "liberal" (yüksək təhsilli) peşələr kimi yüksək riskli iş fəaliyyətlərinin ən azı 8 gün müddətinə dayandırılması barədə göstəriş verdi və səhiyyə sisteminin çökməsinin qarşısını almaq məqsədilə dövlət idarəetməsi minimum səviyyəyə endirildi. Bununla yanaşı, hökumət Konstitusiyada nəzərdə tutulmuş, lakin heç bir qanunda işlənməmiş həyəcan və fövqəladə vəziyyət rejimini idarə etmək üçün qanuni addımlar üzərində işləməyə başladı.[5]
Martın 2-də Andorra ilk koronavirus faktını təsdiqlədi. Virusa yoluxan Milandan qayıdan 20 yaşlı bir şəxs idi.[6] Hökumət öz bəyanatında keçirilən testlərin müsbət nəticələndiyini və xəstənin sonrakı müayinələr üçün xəstəxanada qalacağını, yaxın ətrafına nəzarət ediləcəyini bildirdi.[7] Martın 8-də şəxs xəstəxanadan buraxıldı.[8]
Martın 12-də ikinci yoluxma faktı təsdiq edildi: bu, qızı müəllim olan 87 yaşlı bir qadın idi. Ardınca hökumət bütün məktəblərin martın 16-dan bağlanacağını açıqladı.[9][10]
Martın 13-də Baş nazir Xavyer Espot xüsusi bir kütləvi görüşlə elan etdi ki, əsas mağazalar, apteklər və yanacaqdoldurma məntəqələrindən başqa iki həftə ərzində bütün ictimai iaşə obyektləri bağlanacaq.[11][12]
Martın 14-də Baş Məclis tərəfindən dayandırıldıqdan sonra 27-ci Konstitusiya günü ilə bağlı bayram tədbirləri həyata keçirilmədi.[13]
Martın 15-də Andorrada dörd yeni yoluxma faktı ilə birlikdə ümumi sayın 6-ya çatdığı bəyan edildi. Bunlardan 5-i həmin dövrdə aktiv virus daşıyıcıları idilər. Virusa yoluxan dörd nəfərin hamısı 87 yaşlı qadınla təmasda olmuşdular.[14]
Martın 16-da Baş nazir bütün tikinti və sənaye fəaliyyətlərinin bağlanmasını əmr etdi, çünki koronavirusa yoluxma halları 14-ə yüksəlmişdi və 9 yeni yoluxma faktının aşkar edilməsi ilə bir gün ərzində qeydə alınan yoluxma hallarının sayı ən yüksəsk həddə çatmışdı.[15][16]
Martın 17-də yoluxanların sayı 39-a çatdı.[17] Andorra şahzadəsi Joan Enrik Vives i Sisiliya televiziya ilə xüsusi mesajını çatdıraraq hamını soyuqqanlı olmağa və əməkdaşlığa çağırdı.[18]