Andreas Papandreu | |
---|---|
Ανδρέας Γεώργιος Παπανδρέου | |
Yunanıstanın 179-cu baş naziri | |
13 oktyabr 1993 – 17 yanvar 1996 | |
Prezident | Konstantinos Karamanlis Konstantinos Stefanopulos |
Əvvəlki | Konstantin Mitsotakis |
Sonrakı | Kostas Simitis |
Yunanıstanın 174-cü baş naziri | |
21 oktyabr 1981 – 2 iyul 1989 | |
Əvvəlki | George Rallis |
Sonrakı | Dzannis Dzannetakis |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xios, Şimali Egey adaları, Yunanıstan |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Afina, Attika, Yunanıstan |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri | |
Partiya | PASOK |
Təhsili | Harvard Universiteti |
Fəaliyyəti | siyasətçi, iqtisadçı, universitet müəllimi[d] |
Həyat yoldaşları |
1. Kristina Rasia (1941–1951) 2. Marqaret Çant (1951–1989) 3. Dimitra Liani (1989–1996) |
Uşaqları |
George Papandreu Andreas Papandreu Nikos Papandreu Sofiya Papandreu Emilia Niblom |
Dini | Yunan Pravoslav Kilsəsi[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2], iqtisadiyyat[2] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Andreas Georgios Papandreu (yun. Ανδρέας Γεώργιος Παπανδρέου; 5 fevral 1919[3][4][…], Xios – 23 iyun 1996[3][4][…], Afina[2]) — Yunanıstan dövlət xadimi, siyasətçi və iqtisadçısı. İki dəfə Yunanıstanın baş naziri (1981-1989, 1993-1996). Yunanıstanda ən məşhur siyasətçi ailəsinin nümayəndəsidir. Özündən əlavə, müxtəlif vaxtlarda atası və oğlu da Yunanıstan baş naziri vəzifəsini tutmuşlar. Georgios Papandreunun oğlu və George Papandreunun atasıdır.
Andreas Papandreu Yunanıstan siyasi səhnəsindəki iki əsas siyasi partiyadan biri olan PASOK-un (Ümumyunan sosialist hərəkatı) əsasını qoymuşdur.
Məşhur yunan siyasətçisi Georgios Papandreunun və əslən yarı polyak olan Sofiya Mineykonun oğludur. 1919-cu il 5 fevralda Şimali Egey adalarındakı Xios adasında dünyaya gəlmişdir.
1938-ci ildə İonnis Metaksasın faşist diktaturası dövründə trotskizmin təbliğində ittiham edilərək həbs edilmiş və ali təhsilini yarımçıq qoymuşdur. Həbsdən azad edildikdən sonra ABŞ-yə getmiş və burada Harvard Universitetini bitirmişdir. Universiteti bitirdikdən sonra ABŞ-də ali məktəblərdə müəllim işləmiş, ABŞ vətəndaşlığı almışdır.
1959-cu ildə Yunanıstanın baş naziri Konstantinos Karamanlisin dəvəti ilə ölkənin iqtisadi inkişaf proqramına rəhbərlik etməsi üçün dəvət edilmişdir. Atasının Mərkəz ittifaqı partiyasına qoşulsa da, bəzi məsələlərdə solçu mövqe tuturdu və xüsusilə də ölkəsinin NATO-ya üzvlüyünün əleyhinə idi. ABŞ vətəndaşlığından imtina edərək, 1964-cü ildə parlamentə seçilmiş və atasının qurduğu hökumətdə nazir postu almışdır. 1965-ci ilin iyulunda Yunanıstan kralı II Konstantinlə aralarında yaranan gərginliyə görə vəzifəsindən azad edilmişdir.
1967-ci il dövlət çevrilişi zamanı atası Georgios Papandreu ilə birlikdə "qara polkovniklər" xuntası tərəfindən həbs edilmişdir. 1968-ci ildə ölkəni dərhal tərk etməsi şərti ilə həbsdən azad edilmişdir. İsveçdə sığınacaq alan Andreas Papandreu Stokholm Universitetində dərs demək təklifi almışdır. Parisdə Ümumyunan azadlıq hərəkatını quran Papandreu, qərb ölkələrində xuntanın əleyhinə olan şəxslərin təşkilatlanmasına yardım edir və MKİ-nin 1967-ci il dövlət çevrilişindəki rolunu izah edirdi.
1974-cü ildə xuntanın devrilməsindən sonra Yunanıstana qayıdaraq Ümumyunan sosialist hərəkatını (PASOK) yaratdı və seçkilərdə 13% səs topladı. 1977-ci ildəki növbəti seçkilərdə 25% səs toplayaraq parlamentdə əsas müxalifət partiyası oldu. 1981-ci il seçkilərində 48% səslə PASOK hakim partiya oldu və Andreas Papandreu baş nazir vəzifəsini tutdu. Bu vəzifədə sosial dövlət yaratma istiqamətində islahatlar apardı: ailə hüququnun islahatı, proqressiv vergitutmanın tətbiqi, ümumi pulsuz səhiyyə sisteminin yaradılması, kişi və qadınların əməyinin ödənişində bərabərliyə zəmanət verilməsi və s. Xarici siyasətdə sosialist ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasına çalışırdı.
1985-ci il seçkilərində PASOK 46% səs topladı və Papandreu ikinci müddətə baş nazir vəzifəsini saxladı. 1988-ci ilin avqustunda o, Londonda ürək əməliyyatı keçirdi. 1989-cu il seçkilərində PASOK "Yeni demokratiya" partiyasına məğlub olsa da, 1993-cü ildəki seçkilərdə 47% səslə qalib gəldi və Papandreu yenidən baş nazir vəzifəsinə yüksəldi. 1995-ci ildə səhhətindəki problemlər gücləndi, ürək problemləri və böyrək çatışmazlığı onun 1996-cı ilin yanvarında istefa verməsi ilə nəticələndi. Həmin ilin iyun ayının 23-də Andreas Papandreu Afinada 77 yaşında vəfat etdi.