Aniran (fars. انیران) və ya Aneran (pəhl. 𐭠𐭭𐭩𐭥𐭠𐭭) —"qeyri-iranlı " və ya "qeyri-İran " (qeyri-ari) mənasını verən etnolinqvistik termin. Beləliklə, ümumi mənada "Aniran" İran dillərinin danışılmadığı əraziləri ifadə edir. Alçaldıcı mənada "İranın və zərdüştiliyin siyasi və dini düşməni" deməkdir.[1]
"Aniran" termini Pəhləvi dilində "aneran" sözündən gəlir. Bu, öz növbəsində ya xalqı, ya da Sasani imperiyasını ifadə edən "Eran"ın antonimi idi.[2] Bununla belə, "zərdüşti ədəbiyyatında və ola bilsin ki, Sasanilərin siyasi fikrində də bu terminin həm də nəzərəçarpacaq dərəcədə dini mənası var". "Aner" şəxs sadəcə qeyri-iranlı deyil, xüsusilə də qeyri-zərdüşti hesab olunurdu. Bu söz həmçinin, divlərə ibadət edənləri və ya başqa dinlərin tərəfdarlarını nəzərdə tutur. IX–XII əsrlərə aid bu mətnlərdə "ərəblər və türklər, ümumiyyətlə müsəlmanlar kimi, ikincisi də örtülü şəkildə aner adlanır".[1]
IX–XII əsr zərdüşti mətnlərində, xüsusən də "Zənd-i Vəhmən yəsn" əsərində Əhrimənin iranlılara qarşı qoyduğu varlıqlar arasında əfsanəvi Turan şahı və hərbi sərkərdəsi Əfrasiyab (Zəhhak və İskəndər ilə birlikdə) ən nifrət etdiyi şəxsdir.[3]
Firdovsi üçün turanlılar və ya aniranlılar (çox vaxt bir-birini əvəz edirlər) şübhəsiz ki, əsərin caniləridir. Onların iranlılarla münaqişəsi "Şahnamə"nin əsas mövzusudur və mətnin yarıdan çoxunu təşkil edir.[3] Qəhrəmanların və digər təqdirəlayiq şəxsiyyətlərin ölümləri çox vaxt turanlılara aid edilir. Beləliklə, burada Tur-Baratur adlı bir Turan basqınçının Bəlxdə 77 yaşlı Zərdüştü öldürdüyü nəql edilir.[4]