Ankilostomoz | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Ankilostomoz (lat. Ancylostoma duedenale; Onikibarmaq bağırsağın əyribaş qurdu) — yumru qurdların parazitlik edən mühüm nümayəndəsi. Erkək fərdi 8–11 mm, dişi fərd 10–14 mm. olur. Baş hissə bel tərəfə əyildiyindən əyribaş qurd adlanır. Diri parazitin rəngi qırmızımtıl, ölüsü isə bozumtul-sarı olur.
Bədənin ön ucunda nisbətən iri kapsul vardır. Bu kapsulda bir neçə kutikula mənşəli dişciklər yerləşir. Ağız kapsuluna, başın alt hissəsində yerləşmiş dişciklərin əsasına 2 birhüceyrəli qida borusu vəzisi açılır. Məhz bu dişciklərin köməyi ilə əyribaş qurd insan bağırsağının selikli qışasına yapışır. Qida borusu bədənin ümumi uzunluğunun ½ hissəsi qədər olub, qalın əzələ pərdəsi olan bağırsağa açılır. Dişilərdə anus dəliyi bədənin arxa ucunda yerləşir. Erkəklərdə cinsiyyət və anus dəliyi cütləşmə qovuğu nahiyəsində birləşərək xaricə açılır. Erkək fərdlərin əsas xarakteri quruluş xüsusiyyəti quyruq nahiyəsində olan cinsiyyət kisəsinin iri 2 yan və nisbətən kiçik olan orta qanadvari lövhəciyə malik olmasıdır. Erkək fərdlərdə toxum burumları toxum kisəsinə keçir. Toxum kisəsi toxumfırladıcı kanala, o da öz növbəsində cütləşmə zamanı erkək və dişini bir-birinə yapışdıran, yapışqanlı maddə ifraz edən 2 vəzinin axacağı açılır. Erkək fərdin cütləşmə qovuğunda uzunluğu 1,9-2,0 mm olan cütləşmə orqanı, iki iri yan və bir orta lövhəcik yerləşir. Bu lövhəciklərin divarında dayaq rolu oynayan 11 xırda "qabırğa" vardır. Dişi fərdlərdə cinsiyyət orqanları bir cüt yumurtalıq və bir cüt balalıqdan ibarət olub, bağırsağa sarılmış vəziyyətdə yerləşir. Bədənin ön və arxa tərəfindən müstəqil başlayan yumurtalıqlar nazik qıvrım borudan ibarətdir və tədricən yumurta borusuna keçir. Yumurta borusu ön və arxadan qurdun bədəninin arxa nahiyəsinə yaxın birləşir və balalığa keçir. Cinsiyyət dəliyi bədənin arxa ucuna yaxın qarın nahiyyədədir.
Yumurta nazik və şəffaf pərdə ilə örtülü olub, oval formadadır. Yumurtanın orta uzunluğu 60 mkm, eni isə 40 mkm-dir.
Bağırsaqda parazit 4-5 həftədən sonar cinsi yetişkənliyə çatır. Erkək dişini mayalandırdıqdan sonra mayalanmış dişi yumurta qoyur və parazitin inkişafı yenidən başlayır. Yetkin ankilostoma insanda 5-6 ilə kimi yaşaya bilir.
Ankilostomoz hər şeydən əvvəl, insanda qanazlığı törədir. Bu zaman qanda həm hemoqlabinin miqdarı, həm də eritrositlərin sayı normadan xeyli aşağı düşür. Uşaqlarda fiziki və zehni cəhətdən inkişafdan qalma, yaşlı adamlarda isə iş qabiliyyətinin aşağı düşməsi özünü göstərir. Əyribaş qurd gündə 0,3 ml qan istifadə edir. Yoluxmanın ilk günlərində qanda eozinofillər 30-60% -ə çatır.
Ankilostomoz zamanı həzm, ürək, qan-damar, tənəffüs, sinir sistemlərinin və daxili sekresiya vəzilərinin normal funksiyası pozulur. Sürfənin miqrasiyası ilə əlaqədar özünü büruzə verən simptomatik əlamətlər 2-3 həftə ərzində keçib gedir. Ankilostomoz xroniki hal aldıqda xəstədə onikibarmaq bağırsaqda şiddətli ağrılar, ürək bulanması, qusma və s. baş verir. Parazit, əsasən, subtropik ölkələrdə yayılmışdır. Azərbaycanda parazit ən şox Lənkəran və Zaqatala rayonlarında əhali arasında geniş yayılmışdır. Əsas diaqnozu nəcisdə yumurtanın aşkar edilməsidir. Ankilostoma yayılmış zonalarda torpaq üstündə ayaqyalın dayanmamaq, parazitin yumurtasının insana ağızdan yoluxmasının qarşısını almaq üçün şəxsi gigiyenaya riayət etmək lazımdır.