Antisfen | |
---|---|
Ἀντισθένης | |
Doğum tarixi | e.ə. 444 |
Vəfat tarixi | e.ə. 365 |
Vəfat yeri | |
Dövr | Ellinizm |
İstiqaməti | Kinik məktəbi |
Əsas maraqları | fəlsəfə |
Təsirlənib | Sokrat |
Vikianbarda əlaqəli mediafayllar |
Antisfen (yun. Ἀντισθένης) — qədim yunan filosofu; Kinik məktəbinin yaradıcısı, Diogenin müəllimi.
Antisfen Afinalı əvvəl Qorgiasın, sonra isə Sokratın şagirdi və ən sadiq dostu olmuşdur. Sokrat təlimini inkişaf etdirən və yalnız tək fərdi şeylər haqqındakı biliyi həqiqət sayan kinik (Kiniklər) məktəbinin banisi Antisfen etikaya, siyasətə, idrak nəzəriyyəsinə, dil fəlsəfəsinə, ritorikaya, ədəbi tənqidə aid əsərlər yazmışdır. Sokratın vəfatından sonra Kinosarqda (kasıb ailələrin uşaqları oxuduğu gimnaziyada) öz məktəbini açmış və ellin mənbələrinə əsasən Sinoplu Dioqenin müəllimi olmuşdur.
Antisfen fəlsəfəsində ümumi anlayışların mövcudluğu inkar edilir. O hesab edirdi ki, yalnız fərdi şeylər vardır. Antisfen deyirdi: "Mən atı görürəm, atlığı yox"[1] və iddia edirdi ki, insanı görmək mümkündür, insanlığı yox. Hər bir fərdi şey haqqında demək olar ki, o vardır. Məsələn, "at atdır", "fil fildir". Ümumi şeylər isə yoxdur, onlar yalnız insan düşüncəsindədir[2]. Bu baxımdan Antisfeni ilk nominalist (ümumi anlayışların mövcud olmasını inkar edən fəlsəfi cərəyan) adlandırmaq mümkündür. Bu problem sonralar orta əsr fəlsəfəsinin əsas mövzularından biri olmuşdur.
Antisfenə görə fəlsəfənin vəzifəsi insanın iç aləminin araşdırılmasından ibarətdir. Ərdəmə (xeyrə doğru yönəlmə) çatmaq, xeyirlə həyat sürmək həyatın mənasıdır ki, buna da abidliklə çatmaq mümkündür[3].
İnsan öz təbiətinə uyğun yaşamalı, şəxsi maraqlarını cəmiyyətin maraqlarından üstün saymalıdır.
Heyvanların (özəlliklə də itlərin) həyatı insanlar üçün təbii yaşamın nümunəsi olmalıdır. Ona görə də, Antisfenə "İt" (yun. κῠνικοί – kinik) ləqəbini vermişdirlər[4]. Bu səbəbdən sonralar onun bütün ardıcılları kinik adlandırılmışdır. Ancaq başqa bir məlumata görə məktəbin adı Antisfenin dərs dediyi yerin adı ilə bağlıdır.
Eyni zamanda, Antisfen özünü hansısa dövlətin deyil, bütün dünyanın vətəndaşı elan etmişdir. Dini və ictimai qanunlar da onun tərəfindən inkar olunurdu.
Antisfen kiniklərdən fərqli olaraq təəccübləndirici "utanmazlığı" təbliğ etməyərək və Platonla polemika apararaq stoik etikasının ritorik istiqamətinə təsir göstərmişdir. Xoşbəxtlik üçün ləyaqət (əxlaqi mükəmməllik) tək və kifayət şərt tanıyaraq, cah-calal və kef-səfaya nifrət etmiş ("bir dəfə kef çekməkdənsə ağlını itirmək yaxşıdır"), əzab çəkməyi səadət hesab edərək, Sokratın daxili azadlıq idealını təbliğ etmiş, afina cəmiyyətini, o cümlədən mövcud quldarlıq institutunu və qadınların cəmiyyətdə hüquq bərabərsizliyini tənqid etmiş, politeizmi ("təbiətən bir allah mövcuddur") rədd etmişdir. Antisfen etika, məntiq və epistomologiya üzərində işləyərək müəyyənlik nəzəriyyəsini təklif etmişdir.[5]