Arfa

Arfa
Hornbostel–Zaks təsnifatı 322[1]
Əlaqəli alətlər Çəng
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arfa (ing. Harp) — üçbucaq formasbkyuh əmədə simlər çəkilmiş, barmaqla çalınan simli musiqi aləti.

Yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin (arfanın) ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir. Hələ qədim Misir freskalarında (b.e.əv. XV əsr) arfa təsvir edilmişdir. Misirlilərə bu alət Şumerdən gəlib. Qədim şumerlilər inandıqları bütlərə uyğun olaraq müxtəlif biçimli çənglərdən istifadə etmişlər: qövsvari, bucaqvari və ya üfüqi uzunsov çanglər [2]. Eramızdan əvvəllərə aid edilən çənglərin 6-9 simli olduğu məlumdur. Mülahizələrə görə, çəng ox və yay ovçuluq silahının törəməsidir. Belə ki, bir dəfə ovçu yayın ipini dartarkən incə melodik səs eşitmişdir. Bu səs onun xoşuna gəlmiş və o, oxun yayına bir ip də əlavə etmişdir. Beləliklə, iki müxtəlif yüksəklikdə olan sim - musiqi səsi yaranıb. Bu, insanın böyük bir kəşfi idi: o, ilk dəfə dartımlı (mizrablı, təzənəli) simli alətin əsasını qoyub.[3] XIX əsrin əvvəllərində fransız Sebastyan Erar çəng üzərində bir sıra uğurlu islahatlar apararaq mükəmməl çağdaş arfanı yaratmışdır.

Arfa dünya mədəniyyətində

[redaktə | mənbəni redaktə et]

Arfa Qədim Misirdə, Finikiyada, Assuriyada, Qədim Yunanıstanda və Romada çox sevilirdi. Orta əsrlərdə isə arfa Avropada geniş yayılmağa başlayır. Xüsusilə, İrlandiyada xalq müğənniləri - bardlar epik mahnıları - "saqaları" oxuyarkən bir yerdən başqa yerə aparıla bilən kiçik arfalarda özləri müşayiət edirdilər. Arfanın hətta İrlandiyanın rəsmi milli gerbində də təsviri vardır.

Qədim dövrlərdə yaranmış arfa 1810-cu ildə fransız sənətkarı S. Erar tərəfindən təkmilləşdirilmişdir. Bu arfada müxtəlif uzunluqlu 44 (bə'zən isə 46) sim üçkünc formalı taxta çərçivəyə birləşdirilmişdi. Simlərin bə'ziləri qırmızı, bə'ziləri isə göy rəngdə idi. Alətin bünövrəsinə isə yeddi pedal bərkidilmişdir.

Türk xalqları musiqisinin tədqiqatçısı doktor Fərrux Sumer "Qədim türklərin musiqisi və rəqsləri" adlı məqaləsində yazırdı: "Altay Kurqanlarında aparılan qazıntılar zamanı tapılan mədəniyyət abidələri arasında 2 çəng daha böyük maraq kəsb edir."

Pazırık kurqanlarında Antik Çağın arfalarından fərqlənən Skif arfası bulunmuşdur.[4]

Arfa (çəng) Azərbaycan ərazisində

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın qədim mədəniyyət mərkəzi olmuş Bərdə şəhəri yaxınlığında Şatırlar kəndi ətrafında aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl IV-III əsrlərə aid edilən, üzərində çəng çalan qadın təsvir edilmiş saxsı qab parçası tapılmışdır. Tarixi mənbələrdən və miniatür sənət əsərlərindən belə məlum olur ki, orta əsrlərdə Azərbaycanda istifadə olunmuş çəngin, təxminən, 18-24 simi olmuşdur. Yazılı mənbələrdə və miniatür sənət əsərlərində çəng haqqında məlumat olduqca çoxdur. Əsasən, qadınların ifa etdiyi bu aləti Nizami "Yeddi gözəl" poemasında belə təsvir etmişdir:

Çəng alıb əlinə o dilbər pəri,
Söylədi çəkdiyi əziyyətləri.
Yayıldı çəng səsi, düşdü hər yanə,
Nalə aşiqləri etdi divanə.[5]

"Sazın ipək telli xoş avaz almış,
Çəngin qulağına halqalar salmış
Zil pərdədən qalxan nəğmələr gözəl
Çəngin ətəyində nazlanır qəzəl."

XIV-cü əsr görkəmli Azərbaycan musiqişünası əbdül Qadir Məarağai "Məqasid-əl-əlhan" əsərində çəng haqqında yazır:

"Bu məşhur alətdir. Onun üzünə dəri çəkilir və sim əvəzinə sap bağlanır. Sazdan istifadə edənlər həmin sapları pərdələr adlandırırlar. Bə'zən ona 24 sim bağlayırlar." [6]

Qədim növləri

[redaktə | mənbəni redaktə et]
  • Həzzkar - 40 simli fil xortumuna bənzər qədim çəng [7][8].
  • NüzhəSəfiəddin Urməvinin icad etdiyi 81 simli çəngəbənzər alət. Simlərdən hər üçünün eyni ucalıqda (unison) köklənmiş olduğunu nəzərə alsaq, nüzhə musiqi alətində 27 müxtəlif səs əldə edildiyi məlum olar.[9]
  • Minzaf – cəng (arfa) tərzində dartımlı simli musiqi aləti.[10]

Çağdaş arfa 46 simli olur: səs düzümü bemollu (do–bemol, re–bemol, mi–bemol və s.) pillələrdən ibarətdir və yeddi pedalın vasitəsilə yenidən köklənir. Hər bir pedal eyni bir vaxtda bütün oktavalarda (kontraktavada Ces və Des səslərindən başqa) eyni adlı səsləri yarımton və ya bir ton yüksəldir. Arfanın simlərinin köklənməsi latın əlifbası ilə muta in sözləri ilə göstərilir.

Diapazonu kontraktava do–bemoldan dördüncü oktava fa–diyezə qədərdir. Notlar akkolada ilə birləşən iki not xəttində, adətən, skripka və bas açarlarında yazılır (fortepianoda olduğu kimi).

Arfa çox incə tembrə malikdir. Çalma texnikası müxtəlifdir, akkord, arpecio, qlissando, flajolet və s. üsullardan istifadə olunur.[11]

Arfa çağdaş musiqidə

[redaktə | mənbəni redaktə et]

Arfanın çox incə, şairanə səslənməsi var. Bəstəkarlar arfadan çox vaxt orkestrdə klavesinin, lütnya (uda oxşar alət) və gitaranın tembrini əldə etmək üçün istifadə etmişlər. Məsələn, Hektor Berliozun "Fantastik simfoniya"sında arfa klavesinin müşayiətini əks etdirir.

Mixail Qlinkanın "Araqonskaya xota" əsərində arfa gitaranı imitasiya edərək (yamsılayaraq) ispan xalq şənliyinin səciyyəvi xüsusiyyətini əks etdirir. Nikolay Rimski-Korsakovun "Şəhrizad" simfonik əsərində arfanın tembri şərq musiqisini, əfsanəvi nağıllar aləmini təsvir edir.

Çox zaman baletlərdə arfa solo alət kimi çıxış edir. Pyotr Çaykovskinin "Şelkunçik" (Fındıqqıran) baletindən "Güllərin valsında" ("Vals tsvetov"), "Yatmış gözəl" və "Qu gölü" baletlərinin adajiolarında arfanın solosu səslənir. Aleksandr Qlazunovun "Raymonda" baletindəki variasiyalar arfa üçün yazılmışdır. Görkəmli bəstəkarlar R. M. Qlier, S. H. Vasilenko arfa və orkestr üçün konsertlər yazmışlar. Solo arfa üçün çox sayda pyeslər yazılır. Bu alətin mahir ifaçıları (onlardan biri də Vera Dulovadır) başqa alətlər üçün yazılmış əsərləri arfa üçün işləyirlər.

Zakir Bağırovun «Çahargah» əsəri konservatoriyanın məzunu Güllü Haqverdiyevanın ifasında 1956-cı ilə aid yeganə lent yazısı Dövlət Radio şirkətinin arxivində bu günədək saxlanılmışdır [12]. Fərəc Qarayevin "Qobustan kölgələri" baletinin süitasında iki arfaya yer verilir. Burada arfanın partiyası əsərin musiqi toxumasının əsas tərkib hissəsidir [13]. Arif Məlikovun "Nağıl" simfonik poemasında arfaya geniş yer verilib.

Azərbaycan arfaçıları

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq yarışmalar

[redaktə | mənbəni redaktə et]
  1. Consortium M. Revision of the Hornbostel-Sachs Classification of Musical Instruments by the MIMO Consortium.
  2. "Аслан Мамедов - Канон. История возникновения и формирования. Международный музыкальный культурологический журнал HARMONY". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  3. "Sevda Əliqızı. Hekayətli musiqi lüğəti - Arfa". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  4. В. Н. Басилов. "Скифская арфа": древнейший смычковый инструмент? Институт Этнологии и Антропологии Российской Академии Наук.[ölü keçid]
  5. "Azərbaycan ənənəvi musiqi atlası - Çəng". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  6. "Məcnun Kərimov. Azərbaycanın qədim musiqi alətləri. Dədə Qorqud 1300. "Musiqi dünyası" jurnalı". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  7. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Həzzkar Arxivləşdirilib 2021-10-15 at the Wayback Machine
  8. Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.
  9. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Nüzhə". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  10. "Muğam Ensiklopediyası - Minzaf". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  11. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Arfa". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  12. "Tariyel Məmmədov. Bir musiqiçinin həyat əhvalatı (Güllü Haqverdiyeva haqqında). "Musiqi dünyası" jurnalı". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
  13. "Qənirə Hüseynova. Arfa Fərəc Qarayevin "Qobustan kölgələri" baletinin partiturasında. "Musiqi dünyası" jurnalı". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]