Arizona krateri

Arizona krateri
Kraterin diametri 1,186 km[1][2][…]
Kraterin sahəsi
  • 1,1 km²
Ölkə
Arizona krateri xəritədə
Arizona krateri
Arizona krateri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Arizona krateri (ing. Meteor Crater), Barrincer krateri (ing. Barringer Crater), İblis kanyonu (ing. Canyon Diablo Crater)), Kun-Byutt — ABŞ-nin Arizona ştatında yerləşən böyük meteor krateri. Krater şimali Arizona səhra yaylasını kəsib keçən avtomagistraldan cənubda, Uinslou şəhərindən 30 km qərbdə, Flaqstaff şəhərindən isə 69 km şərqdə yerləşir.

Uzaqdan o, yastı zirvəli alçaq dağa oxşasada, zirvəyə qalxan zaman qarşımızda dibi ətraf düzənlikdən aşağıda yerləşmiş dərin kasaya bənzər çuxur canlanacaq. Kraterin diametri 1,2[4] km, dərinliyi 170 m, kraterin özünün düzənliyin səthindən nisbi hündürlüyü isə 30-60 metrdir.

Bu krater formasının saxlanılmasına görə dünyada ən məşhurlardan biridir. Məhs bu səbəbdən krater "Discovery"BBC kimi kanalların elmi-sənədli filmləri üçün əla məkandır.

Meydana gəlməsi

[redaktə | mənbəni redaktə et]

Arizona krateri 50 min əvvəl diametri 24,8 metrə yaxın olan meteoritin yerlə toqquşması nəticəsində yaranmışdır[5] . Yucin Şumeykerin kosmik cisminlərin Yerlə toqquşmasının mexaniki modeli Arizona kraterinin meydana gəlməsini çox gözəl izah edir. Şumayker Arizona kraterini nüvə-sınaq kraterlərilə müqayisə etmiş və onların quruluşunda xeyli oxşar cəhətlər müşahidə etmişdir. O, kosmik cismin Yerlə toqquşmasından alınan enerjisinin 1,7 meqaton trotilin partlamasından alınan enerjiyə bərabər olduğunu göstərmişdir. Toqquşmanın güman olunan 15 km/san sürətlə baş verdiyi, cismin kütləsinin 63 min ton olması müəyyən edilmişdir.[6] Meteorit maddəsinin sıxlığına əsasən isə, belə kütləyə malik kürənin diametri 24,8 metrə bərabər olmalıdır. Partlayış Tunqus meteoritinin partlayışından üç dəfə böyük olmuş, Hiroşimaya atılan bomba ilə eyni gücə malik olmuşdur.

Kraterin meydana gəlmə vaxtınıda müxtəlif üsullarla müəyyən etməyə təşəbbüs göstərilmişdir: kraterin səddində süxurların aşınması sürətinə, kraterin əmələ gəldiyi vaxt iqlimin rütubətli olmasının dolayısı göstəricilərinə, süxurlarda radioaktiv Karbon-14 elementinin miqdarına görə və s. Bütün bu üsullar biri-birilə qismən uzlaşan qiymətlər veriri ki, bununlara da əsasən kraterin yaşı 35-50 min il hesab edilir.[7] Kraterin panoraması

Kəşfi və tətqiqatı

[redaktə | mənbəni redaktə et]

Arizona krateri haqqında ilk xatırlama 1871-ci ilə aid edilir. Lakin ondan xeyli əvvəl o, burada köçəri həyat sürmüş hindi qəbilələlərinə məlum idi. Alimlərdən ilk dəfə kraterdə 1891-ci ildə filadelfiyalı kimyaçı və mineroloq A.Y.Fut olmuşdur. O, burdan yüzdən çox nikelli dəmir nümunələri aparmışdır. Sonralar tərkibində 92 % dəmir, 7 % nikel, 0,5 % kobalt, həmçinin az miqdarda platiniridium qatışığı olan həmin mümunələrin meteorit mənşəli olması təsdiq edilmişdir. A.Y.Fut mikroskop altında nümunələri öyrənərkən xırda almaz zərrəcikləri aşkar etdiyinə özüdə təəccüblənmişdir. Ancaq o, kraterin mənşəyi haqqında heç bir fikir söyləməmişdir.[8]

Grov Karl Gilbert

[redaktə | mənbəni redaktə et]

Başqa bir görkəmli alim, ABŞ Geoloji Xidmətinin baş geoloqu C.K.Gilbert kraterin nəhəng meteoritin zərbəsindən əmələ gəldiyini sübhə altına alır. Gilbert Arizona kraterini öyrənmək məqsədilə təşkil olunmuş ekspedisiyaya rəhbərlik edir və topoqrafik ölçmələr aparır. Krater səddini təşkil edən materialın həcminin təxminən krater kasasının həcminə bərabər olması məlum olur. Bu zaman meteoritin özü hanı sualı qoyulur. O vaxt kosmik sürətlə hərəkət edən cismin zərbəsinin xüsusiyyətləri haqqında heç nə məlum deyildi. Odur ki, Gilbert düşən meteoritin ölçüsünün qıfın ölçüsü ilə müqayisə edilməli olduğunu güman edirdi. Nəhayət, alim ümüdsüzlüklə bildirir ki, kraterin zərbə nəticəsində əmələ gəlməsi mümkün deyil və o, buxarın və ya qazın yerin altından partlayıb çıxması nəticəsində yaranmışdır.[9]

Daniel Moro Barrincer

[redaktə | mənbəni redaktə et]

1902-ci ildə Arizonada gümüş mədənlərin işlənilməsi ilə əlaqəsi olan filadelfiyalı hüquqşünas və mədən mühəndisi Daniel Moro Barrincerə müəmmalı krater haqqında məlumat çatır. Barrincer kraterin kosmik mənşəyi ideyasına və meteorit maddəsinin mümkün hasilatının vəd etdiyi ticarət qazancına aludə olur. O, ABŞ hökumətinindən kraterin daxil olduğu iki kvadrat mil torpaq sahəsinə, bu yerlərin mineral ehtiyatlarının mənimsənilməsinə sərmayə qoyulması və ciddi səy göstərilməsi öhdəçiliyi əvəzində, ona sahiblik hüququ verən sənəd alır.[10]

Arizona kraterinin bütün sonrakı tarixi Barrincerin adı ilə bağlıdır. Onun və ailəsinin yaratdığı şirkət kraterin öyrənilməsi və turistləri buraya cəlb etmək məqsədilə bölgənin abadlaşdırılmasına çoxlu vəsait qoymuşdur. Məhs Barrincerin 1905-ci ildə "Təbiət elmləri akademiyasının əsərləri" ndə dərc olunmuş məqaləsi kraterin meteorit mənşəyini elmi surətdə əsaslandıran ilk ciddi əsər olmuşdur.

Məşhur memar Filipp Consonun layihəsi ilə kraterin səddində vaxtilə muzey inşa edilmiş, hədiyyələr mağazası açılmış, sonralar isə başqa binalar peyda olmuşdur. Meteorit cəmiyyəti kraterə Barrincerin adını verməklə onun xatirəsini əbədiləşdirdi. Yeri gəlmişkən, daha bir Barrincer krateri var - o, Ayın əks tərəfindədir.

Kraterin yaxınlığından çoxlu sayda meteorit qırıntılarının tapılması artıq kraterin kosmosla əlaqədar olmasını izah edirdi. İndiyədək burada 15 t-dan çox qırıntı toplanıb (nümunələrdən çəkisi 639,1 kq olan ən irisi Meteorit Krateri Muzeyində saxlanılır). Aydındır ki, tapılmış qırıntılar meteoritin heç də əsas hissəsi deyil. Eyni zamanda, demək olar ki, bütün nümunələr güclü deformasiyaya uğramışdır və bu da yalnız meteoritin Yerə zərbəsi zamanı onun parçalanması nəticəsində baş verə bilərdi.

Kraterin quruluş xüsusiyyətləri də, hər şeydən əvvəl, onun zərbə nəticəsində əmələ gəlməsilə izah olunur. Süxurlar hadisə baş verən bölgədə, demək olar ki, üfüqi laylarla yatır. Ən yuxarıdakı lay Trias dövründə (248-205 milyon il əvvəl) əmələ gəlmişdir və Moenkopi formasiyası adlanır. Bu, 3–5 m-lik qalınlığa malik açıq qırmızı- qəhvəyi rəngi narın dənəli qumdaşları təbəqəsidir. Onun aıtında Perm (290-248 milyon il əvvəl) dənizin dibində çökmüş Kaybab formasiyasının 80 m-lik boz rəngli əhəngaşları layı, ondan aşağıda isə Supay formasiyasının qırmızı qumdaşları yatır. Buruq qazmaları göstərir ki, kraterin ətrafında, ağağıda yatan qumdaşları layı heç deformasiyaya uğramamışdır. Deformasiyaya məruz qalmamış özül süxurları üzərində brekçiya linzası əmələ gəlmişdir.

Krater səddində süxurların üfüqi yatımı pozulmuşdur: onlar yuxarıya qaldırılmış və yatımları mərkəzdən kənara doğru yönəlmişdir. Hətta Meonkopi formasiyasının nazik layı bəzi yerlərdə aşırılmışdır və onun üzərində daha qədim layların qaymaları yatır. Belə ki, səddin yuxarı hissəsində süxurların əks istiqamətdə yatımı müşahidə edilir. Onların içərisində meteorit parçalarına rast gəlinir.[11]

Digər kraterlərlə müqayisəsi

[redaktə | mənbəni redaktə et]

Hazırda dünyada nəhəng meteoritlərin planetimizə çoxdankı toqquşmalarının törətdiyi və Ayın səthində teleskopla müşahidə edə bildiklərimizə çox oxşayan meteor kraterləri olan onlarca yer məlumdur. Lakin bunların ən birincisi və hamısından yaxşı saxlanılmış Arizona krateridir. Yerin "kosmik çapıqları" siyahısına o başçılıq edir. 1967-ci ildə krater təbiət abidəsi elan olunmuşdur.

Astronavtların kraterdə məşqləri

[redaktə | mənbəni redaktə et]

Astronavtların Aya çıxarılması planlaşdırılan "Apollon" kosmik ekspedisiyası hazırlanan zaman astronavtlar "Ay landşaftı" ilə məhs burada, Arizonada tanış olmuşlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Barringer Crater (ing.). Meteoritical Bulletin, 2021.
  2. Atkinson N. Gorgeous New Footage Lets You Fly Over a Vast, Ice-Filled Crater on Mars (ing.). 2020.
  3. 1 2 (unspecified title). S. 161.
  4. "Barringer" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Earth Impact Database. University of New Brunswick.
  5. The History of the Crater Arxivləşdirilib 2022-09-05 at the Wayback Machine The Barringer Meteorite Crater
  6. Dieses Kapitel beruht auf: Eugene M. Shoemaker: Meteor Crater, Arizona. In: Geological Society of America, Centennial Field Guide – Rocky Mountain Section, Band 2. Boulder, Colorado, Geological Society of America, 1987, ISBN 0-8137-5406-2, Seiten 399–404.
  7. "Welcome to Meteor Crater". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-05.
  8. Kring, David. Guidebook to the Geology of Barringer Meteorite Crater. Houston, Texas: Lunar and Planetary Institute. 2007. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  9. "Crater History: Investigating a Mystery". The Barringer Crater Company. 31 December 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 February 2013.
  10. Barringer, B. "Daniel Moreau Barringer (1860–1929) and His Crater (the beginning of the Crater Branch of Meteoritics)". Meteoritics. Meteoritical Society. 2 (3). December 1964: 186. Bibcode:1964Metic...2..183B. doi:10.1111/j.1945-5100.1964.tb01428.x.
  11. "Basic Stratigraphy of Barringer Meteor Crater". Department of Planetary Science, University of Arizona. 16 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2013.