Arkaim

Arkaim— Açıq hava muzeyi, qədim yaşayış məskəni. Rusiya Federasiyasının Çelyabinsk vilayətində e.ə. 20–18 (başqa məlumatlara əsasən e.ə. 18–16) əsrlərə aid yaşayış məskəni. Böyük Karaqanka və Utyaqanka çayları vadisində yerləşir. 1971 ildə aşkar olunmuş, 1980–90 illərdə tədqiq edilmişdir. İki dairəvi torpaq sədlə əhatələnmiş yaşayış məskəninin dünya cəhətlərinə istiqamətlənmiş dörd keçidi vardır. Evlər iç-içə iki dairəvi cərgədə yerləşir, cərgələrin arasından isə taxta döşənmiş dairəvi yol keçir. Yolun altında suaşıran quyuları olan yağış suları kanalizasiyasının xəndəyi aşkar edilmişdir. Arkaimin mərkəzində diametri təqribən 25 m olan boş meydança var. Sədlərin daxilində dar dəhlizlər, taxçalar və evlərə keçidlər, yerüstü karkas konstruksiyalı, ümumi uzun divarı olan evlərin içərisində ocaqlar, sobalar, təsərrüfat quyuları və zirzəmilər, metallurgiya istehsalının qalıqları aşkar olunmuşdur. Arkaimdən 1–1,5 km şimal-şərqdə Böyük Karaqanka məzarlığı yerləşir. Dərinliyi 3,5 m olan qəbir çalaları taxta döşənəkli kameralardan (üç mərtəbəyədək) ibarətdir. Skeletlər Avropa irqinə mənsubdur. Qəbirlərdən saxsı qablar, taxta camlar, mis və tunc bıçaqlar, nizə və ox ucluqları və s. tapılmışdır. Tunc dövrünə aid kurqanların yaxınlığında sarmat mədəniyyətinin son dövrünə aid kurqanlar da yerləşir. 1991 ildə “Arkaim” təbii-landşaft və tarixi-arxeoloji mərkəzi yaradılmışdır.

Skif-sak sivilizasiyasının varisi kimi elmi ədəbiyyatlarda yekdil fikrin olmadığını da qeyd etməliyik. Bu sivilizasiyanın davamçıları olaraq Türk, İranSlavyanların olması ehtimalı elmi dairələrdə müzakirə olunur. Skif-sak sivilizasiyasının ən böyük maddi tapıntısı Rusiyanın Çelyabinsk vilayətinin Qazaxıstanla sərhədində Cənubi Ural çölündə aşkarlanan Arkaim arxeoloji abidələridir. Təxminən e.ə 2000-1700 illərdə yaradılması ehtimal edilən bu arxeoloji abidə özünəməxsus, olduqca fərqli şəhər tipini təmsil edir. Bu arxeoloji abidənin Avestada qeyd olunan arilərin paytaxtının olması; ilk slavyanların şəhər mədəniyyətini təmsil etməsi; və ya prototürklərin sivilizasiyasını təmsil etməsi ilə bağlı mülahizələr vardır. Qazax alimi arxeoloq Amangeldi Narımbayeva “Arkaim - prototürklər tərəfindən yaradılmış dünya sivilizasiyasının ocağı” adlı tədqiqatda bu arxeoloji abidənin Türk sivilizasiyasına məxsus olmasını əsaslandırmağa çalışmışdır.