Atom vaxtı — Yer geoidində vaxtın düzgün keçidinə əsaslanan yüksək dəqiqliyə malik zaman standartıdır.[1] Bu Yerli vaxtın prinsipal reallaşmasıdır(dövrü zolaq sabiti istisna olmaqla). Eyni zamanda bu vaxt bütün Yer səthi üzərində Ümumdünya vaxtı üçün əsasdır.
Çoxsaylı müşahidələrlə müəyyən olunmuşdur ki, Yerin öz oxu ətrafında fırlanması bərabərsürətli deyil. Bu səbəbdən orta Günəş vaxtı da bərabərsürətlə axmır. Bəzi astronomik məsələlərin həlli üçün isə yüksək dəqiqliklə bərabərsürətlə axan vaxt sistemi tələb olunur. Bu məqsədlə kvars saatlarından istifadə olunur. Bu saatlarda kvars lövhə yüksək gərginlikli dəyişən cərəyanla sabit yüksək tezliklə rəqs etdirilir.[2] Sonra xüsusi qurğu ilə yüksək tezlikli rəqslər kiçik tezlikli sabit rəqslərə çevrilir və bu rəqslər saatın əqrəbinə ötürülərək saniyə impusları yaradır. Kvars saatları ilə vaxtı 10−6 saniyə dəqiqliklə ölçmək olur.
Bəzi elmi-texniki məsələlərin həlli vaxtın 10−8 saniyə dəqiqliyi ilə ölçülməsini tələb edir. Bunun üçün sezium 133Cs izotopunun əsas səviyyəsinin ifrat incə yarım səviyyələri arasında rezonans keçidə uyğun gələn tezliyin tərs qiyməti atom saniyəsi qəbul edilir. Bu bir saniyədə 9192631770 rəqsə uyğun gəlir və ona əsaslanan vaxta atom vaxtı deyilir. Atom saniyəsi 1967-ci ildə beynəlxalq sistemdə vaxt vahidi kimi qəbul olunmuşdur.[2] Vaxt sisteminin sezium etalonu bir çox astronomiya və meteorologiya mərkəzlərində saxlanılır. Astronomiya vaxtı ilə atom vaxtı arasındakı fərq çox kiçikdir. Bu fərqi nəzərə almaq üçün hər il dekabrın 31-də, bəzi illərdə dekabrın 31-də və iyunun 30-da günün axırında astronomik vaxt hesabına saniyə düzəliş edilir və bununla Yerin öz oxu ətrafında fırlanmasının bərabərsürətli olmaması nəzərə alınır.[2]