Atopiya | |
---|---|
XBT-9-KM | 995.3[1] |
OMIM | 147050 |
DiseasesDB | 34489 |
Atopiya — ətraf mühitdəki zərərsiz maddələrə qarşı immunoqlobulin E (IgE) immun reaksiyasına malik olmaq deməkdir.[2] Belə atopik reaksiyaların klinik təzahürləri allergik xəstəliklərdir.[2]
Atopiya genetika vasitəsilə ötürülən xəstəlikdir. Hiperhəssaslıq reaksiyasının əsas səbəbi qıcıqlandırıcı ilə təmasın olmasıdır.[3] Dölün inkişafı zamanı ananın aldığı psixoloji travma da atopiyanın inkişafının səbəblərindən biridir.[4]
Atopiya termini ilk dəfə 1923-cü ildə Artur F. Koka və Robert Kuk tərəfindən yaradılmışdır. Həkimlər və elm adamları IgE-nin iştirak etdiyi reaksiyaları izah etmək üçün "atopiya" terminindən istifadə etmişdirlər. Bununla belə, bir çox pediatrlar “atopiya” sözünün istifadəsini yalnız həddindən artıq IgE reaksiyasına genetik vasitəçiliyə meyllilik mənası kimi izah edirlər.[5][6] Termin[7] özü yunanca ἀτοπία sözündən gəlir, mənası "əlaqəsiz vəziyyət" deməkdir.[8]
Atopik sensibilizasiya (hiperhəssaslıq) – qidadan və ya havadan gələn hər hansı ümumi allergenə IgE reaksiyası və ya dəri prik test reaksiyası kimi qəbul edilir.[9] Bu zaman əmələ gələn atopik vəziyyətlərə atopik ekzemanı, allergik riniti, bronxial astmanı, atopik keratokonyunktiviti misal göstərmək olar.[10] Atopiyası olan insanların eyni zamanda astma, rinit və atopik dermatitə tutulma ehtimalı digər insanlarla müqayisədə 10 dəfə çoxdur. Atopiya eozinofilik ezofagit və qlüten həssaslığı kimi bir sıra müxtəlif xəstəliklərlə birlikdə də müşahidə edilə bilər.[11][12]
Atopiya zamanı baş verən allergik reaksiyalara asqırmanı, rinoreyanı, anafilaktik şoku misal göstərmək olar. Həmin bu reaksiyalar, hətta ölümlə də nəticələnə bilər.[13]
Allergik reaksiya zamanı, xaricdən gələn və "allergen" kimi tanınan zərərsiz maddənin ilkin təsiri aktivləşmiş B-hüceyrələri vasitəsilə IgE antitellərini fəaliyyətə gətirir. IgE antitelləri IgE reseptorları vasitəsilə mast hüceyrələrinin səthinə bağlanırlar.[13] Qıcıqlandırıcı maddəyə təkrar məruz qalma zamanı, allergenlər mast hüceyrələrini aktivləşdirən membrana bağlı IgE ilə əlaqələnirlər.[13] Bu zaman asqırma, rinoreya, anafilaktik şok kimi allergik reaksiyaların simptomları meydana gəlir.[13] Allergenlərə misal olaraq tükü, toz gənələrini və müxtəlif qida məhsullarını göstərmək olar.[13]
Atopik reaksiyalar allergenə qarşı lokallaşdırılmış həssaslıq reaksiyaları nəticəsində yaranır. Atopiya güclü genetik xəstəliklərin komponentlərinə malikdir. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, atopik dermatit (3%) və ya ümumi atopiya (7%) inkişaf riski birinci dərəcəli ailə üzvlərinin hər birində atopiya olan insanlarda ikiqat artır.[14] Stress özü də atopiyanın ən mühüm səbəblərindən biri hesab edilir. Müəyyən edilmişdir ki, travma atopiyaya qarşı həssaslığı artıran bioloji hadisələrdən biridir və bu da aşağı gəlirli şəhər əhalisi arasında atopiyanın geniş yayılmasını izah edir.[4]
Ətraf mühit faktorlarının da atopiyanın inkişafında rol oynadığı düşünülür. "Gigiyena fərziyyəsi" atopik xəstəliklərin sayının artımını izah edə bilən modellərdən biridir.[4] Bu fərziyyə onu göstərir ki, körpə və ya uşaq mühitində həddindən artıq “təmizlik” immunitet sisteminin düzgün inkişafı üçün zəruri olan yoluxucu stimulların miqdarının azalması ilə nəticələnə bilər.[15] Xarici mühitdəki maddələrə məruz qalmanın azaldılması immun sistemində qoruyucu reaksiya elementləri ilə allergik reaksiya elementləri arasında balanssızlığa səbəb ola bilər.[16]
Bəzi tədqiqatlar göstərir ki, hamiləlik zamanı ana pəhrizi nəsillərdə atopik xəstəliklərin (astma da daxil olmaqla) törədicisi ola bilər. Antioksidantların, müəyyən lipidlərin və ya Aralıq dənizi pəhrizinin istehlakının atopik xəstəliklərin qarşısını almağa kömək edə biləcəyi təklif edilmişdir.[17] The Lancet adlanan İngilis tibb jurnalının 1999-cu il, 1 may tarixli sayında Steyner məktəbi şagirdləri və dövlət məktəblərində tələbələr arasında astma, allergiya, dermatit və digər atopik xəstəliklərin tezliyini müqayisə edən “Antroposofik həyat tərzi keçirən ailələrin uşaqlarında atopiya” adlı İsveç araşdırması dərc edilmişdir. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Steyner məktəbi şagirdlərində atopiya riski dövlət məktəblərində oxuyan uşaqlara nisbətən aşağıdır. Tədqiqatçılar Steyner tələbələrinin həyatında atopiya nisbətinin aşağı düşməsinə səbəb ola biləcək müxtəlif amilləri, o cümlədən ana südü ilə qidalanmanı, immunizasiyanın azaldılmasını, antibiotiklərdən və qızdırmanı azaldan dərmanlardan qaçınmanı müəyyən etdilər. 2006-cı ildə Avropanın 5 ölkəsində 5-13 yaş arası 6630 uşağın iştirakı ilə aparılan çoxmərkəzli PARSIFAL tədqiqatı göstərmişdir ki, antibiotiklərin və qızdırmasalıcı dərmanların istifadəsinin azaldılması uşaqlarda allergik xəstəliklər riskinin azalması ilə nəticələnir.
Xüsusilə ana tərəfdən ötürülən genlərdə atopik allergiyaya güclü bir genetik meyl müəyyən edilmişdir. Ailə gen göstəricilərinə görə tədqiqatçılar atopiyaya həssaslıq genlərinin xəritəsini yaratmağa cəhd etdilər.[18][19] Гены атопии (C11orf30, STAT6, SLC25A46, HLA-DQB1, IL1RL1/IL18R1, TLR1/TLR6/TLR10, LPP, MYC/PVT1, IL2/ADAD1, HLA-B/MICA)[20] Atopiya genləri (C11orf30, STAT6, SLC25A46, HLA-DQB1, IL1RL1/IL18R1, TLR1/TLR6/TLR10, LPP, MYC/PVT1, IL2/ADAD1, HLA-B/MICA)[19] adətən allergik reaksiyalarda iştirak edirlər.[21]
Mütəmadi qəbul edilmiş vannalar ekzema üzərində müvəqqəti nəzarət etməyə kömək edir.[22] Siprofloksasin kontakt dermatitə səbəb olan simptomları ekzema ilə eynidir. Filaqrin mutasiyaları atopik ekzema ilə əlaqələndirilir və həddindən artıq dərinin qurumasına və normal dərinin baryer funksiyasının itirilməsinə səbəb olur.[23] Filaqrin mutasiyaları və normal dəri baryerinin itirilməsi qızılı stafilokokun dərini kolonizasiya etməsinə imkan verən boşluqları açır. Atopik ekzema tez-tez allergik reaksiyaları idarə edən genlərdəki genetik qüsurlarla əlaqələndirilir.[24] Beləliklə, bəzi tədqiqatçılar atopik ekzemanın qızılı stafilokokk tərəfindən dərinin artan kolonizasiyasına allergik reaksiya olduğunu irəli sürmüşdürlər.[25] Atopik ekzemanın əlaməti qızılı stafilokokk antigenləri üçün dəri testinə blisterlər və iltihab şəklində müsbət reaksiyadır.[26] Bundan əlavə, bir sıra tədqiqatlar atopik ekzeması olan insanlarda stafilokoka qarşı reaksiyanın IgE vasitəçiliyi ilə verildiyini sübut etmişdirlər.[27][28]
Yetişkin insanlarda toz gənəsinə və pişik allergenlərinə qarşı IgE həssaslığının yaş keçdikcə azaldığı müəyyən edilmişdir. Lakin, bu dəyişikliklərin bioloji səbəbləri hələ ki tam aydın deyildir.[29]
Atopik pozğunluqların müalicəsi hansı orqanın həmin xəstəlikdən təsirləndiyindən asılıdır. Bu müalicə üsulları topikal müalicələrdən, topikal kortikosteroidlərdən, oral kortikosteroidlərdən, bioloji preparatlardan (məsələn, omalizumab, mepolizumab) və ya allergen-spesifik immunoterapiya ilə sistemli müalicə seçimlərindən ibarətdir.[30][31][32]