Ayurveda

Çaraka

Ayurveda (sanskritcə, "ayur" - uzunömürlülük və "veda" - bilik, hərfi mənada - uzunömürlülük haqqında elm)[1][2]hinduizm çərçivəsində formalaşmış və Hindistanda, həmçinin Cənubi, Cənub-Şərqi, və Qərbi Asiyada geniş yayılmış tibb sistemi.[3][4]

Xəstəliyin istisnasız olaraq tilsimli qüvvə kimi başa düşülməsinə əsaslanan xalq təbiblərinin, astroloqların, şamanların, kahinlərin, ilan dişləməsi üzrə mütəxəssislərin tibbi praktikasından fərqli olaraq, klassik Ayurveda sağlamlığı və xəstəliyi daha ümumi dünyagörüşü və bioloji prinsiplər çərçivəsində (HippokratınQalenin qumoralarını xatırladan üç fizioloji amilin balansı və disbalansı, karmanın təsiri və s.) başa düşür, zəngin bilik ənənələri ilə bağlıdır və əsasən brahmanlar tərəfindən inkişaf etdirilirdi.

Ayurvedanın mənşəyi bu günə kimi elmi mübahisə predmetidir. Onun meydana gəlməsinin mifik tarixi Ayurvedanın bütün nüfuzlu mətnlərində şərh edilir: kainatın yaradıcısı Brahma öz tibbi biliklərini Pracapatiyə, o da öz növbəsində Aşvinlərə və Hindraya ötürmüşdür. Müalicə allahı Dhanvantarinin inkarnasiyası sayılan Kaşa padşahı Divadasaya cərrahiyyəni (şalya), Aytrey Punarvasa isə daxili təbabət (kaya çikitsa) elmini İndra öyrətmişdir. Divadasa məktəbinin inkişafı nəticələrini Suşruta "Suşruta-samhita"da, Aytreya məktəbinin nəticələrini isə Kanişka padşahının saray həkimi Çaraka "Çaraka-samhita"da (e.ə. I əsrdə) sistemləşdirmişlər.

Əslində hər iki mətn əsrlər boyu zənginləşdirilmişdir. "Çaraka-samhita"nın son redaktəsi təqribən V əsrə, "Suşruta-samhita"nın son redaktəsi isə VII əsrə aid edilir. Ayurvedanın başqa mühüm mətnləri - Vaqbhatanın "Aştanqahridaya-samhita" (təqribən 600) və Madhavakaranın "Madhavanidana" (təqribən 700). Ayurveda XVII əsrədək yaradıcı ənənə kimi inkişaf etmişdir. Son vaxtlar Hindistan hökuməti Ayurveda təbabəti üzrə tədqiqatlara xeyli dəstək verir.

  1. Georg Feuerstein, Subhash Kak]], David Frawley. In Search of the Cradle of Civilization, — Quest Books, 2001, С. 212; ISBN 0-8356-0741-0, 9780835607414.
  2. История Древнего мира т. 3. Упадок древних обществ: в 3 т., Издание второе / Ред. И. М. Дьяконова, В. Д. Нероновой, И. С. Свенцицкой — М.: Издательство «Наука», 1983.
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 440. ISBN 978-9952-441-05-5.
  4. http://nccam.nih.gov/news/newsletter/2006_winter/ayurveda.htm Arxivləşdirilib 2006-12-09 at the Wayback Machine journal=Focus on Complementary and Alternative Medicine 2005 – Winter 2006 |publisher=National Center for Complementary and Integrative Health (NCCIH).