Ayzeluort Mona Lizası | ||
---|---|---|
fr. Mona Lisa d’Isleworth | ||
| ||
Rəssam | Leonardo da Vinçi | |
Tarixi | 1503-1506 | |
Üslubu | portret | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 86 sm × | |
Sifarişçi | Liza Gerardini | |
Saxlanıldığı yer | Şəxsi kolleksiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Ayzeluort Mona Lizası (fr. Mona Lisa d’Isleworth) — Leonardo da Vinçinin Luvr muzeyində saxlanan eyni adlı portret əsərindəki subyektin təsvir olunduğu yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəridir. Aparılmış uzunmüddətli tədqiqatlardan sonra 2015–2016-cı illərdə yayımlanmış elmi nəşrlərdə əsərin Leonardo da Vinçinin fırçasına aid olması bildirilmişdir.[1][2]
İtaliyadan Leonardonun orijinal əsəri kimi alınmış və yüz il Somerset qraflığında saxlanılmış əsər, 1913-cü ildə ingilis kolleksioner Hyu Bleykerin diqqətini cəlb etmiş və o portreti almışdır. Bundan qısa müddət sonra Bleykerin atalığı Con Eyr tərəfindən nəşr edilmiş monoqrafiyada Leonardonun "Mona Liza"nın iki versiyasını işləməsi və birinci versiyanın hazırda Ayzeluortda saxlanan (Bleykerin Qərbi Londondakı studiyası Ayzeluort ərazisində yerləşirdi) rəsm olmasını bildirir.[3][4][5]
Sonradan əsəri almış Henri F. Pulitzer Ayzeluort Mona Lizasının Leonardo da Vinçi tərəfindən işlənmiş Liza Gerardinin əsl portreti olmasını qeyd edir.[6] Hazırda şəxsi kolleksiyada saxlanan əsər ictimayətə nümayiş etdirilmir. Buna baxmayaraq, son illər ərzində müxtəlif mütəxəssislərə onu tədqiq etməyə, həmçinin sənədli film üçün çəkilişlər aparmağa icazə verilmişdir.[7]
Leonardonun erkən bioqrafı Corco Vazari, rəssamın "Mona Liza" portretini 1503-cü ildə çəkməyə başlamsını, lakin bir müddət sonra yarımçıq tərk etdiyini bildirir. Buna baxmayaraq, tamamilə başa çatdırılmış "florensiyalı xanımın portreti" 1517-ci ildə Leonardonun ölümündən qısa müddət əvvəl onun yaşadığı malikanədə yenidən peyda olur. Yekun rəsm, demək olar ki, hazırda Luvrda asılan portretdir.[8] Ayzeluort Mona Lizasının autentikliyi fikrinin tərəfdarları onun tamamlanmamış erkən əsər olmasını, Luvr "Mona Liza"sının isə Leonardonun sonradan özü üçün çəkdiyi yekun variant olduğunu bildirirlər.
Bundan başqa Henri F. Pulitzer "Mona Liza hardadır?" (ing. Where is the Mona Lisa?, 1960) adlı əsərində qeyd edir ki, rəssam və yazıçı Can Paolo Lomazzo "Rəssamlıq, heykəltəraşlı və memarlıq sənəti haqqında traktat" (it. Trattato dell'arte della Pittura Scultura ed Architettura, 1584) əsərində "Cakonda və Mona Liza" (it. della Gioconda, e di Mona Lisa) ifadəsini işlədir.[9] Cakonda (it. La Gioconda) bəzən Luvrda saxlanan "Mona Liza" portretinin alternativ adı kimi istifadə edilir; həmin traktatdan olan sitat isə göstərir ki, onlar iki fərqli əsər olmuşdur. Pulitzer Lomazzonun traktatından həmin səhifənin məzmunu da öz kitabına əlavə etmişdir.[6]
Luvrdakı "Mona Liza"dan daha enli olan Ayzeluort Mona Lizası bəzən əsərin kopyalarında da rast gəlinən yan sütunlarına malikdir. Luvr "Mona Liza"sının kənarlarında isə yalnız sütun altlıqları görünür ki, bu da, əsərin sütunlarla çəkildiyini, lakin sonradan kəsildiyini göstərir. 2004–2005-ci illərdə "Mona Liza"nı tədqiq etmiş mütəxəssislər isə potretin heç vaxt yanlardan kəsilmədiyini qeyd edirlər.[10]
Ayzelouort Mona Lizasının fiquru Luvr "Mona Liza"sına çox oxşar olmaqla, identik kompozisiya və işıqlandırmaya malikdir. Lakin, Ayzeluort Mona Lizasının üzü daha gəncdir ki, bu da onun erkən versiya olmasını söyləməyə əsas vermişdir. Pulitzer bildirir ki, müxtəlif sənət tədqiqatçıları qeyd edirlər ki, Ayzeluort Mona Lizasının çiyinləri Leonardonun digər əsərlərinin subyektlərinin çiynindən daha aşağıdır. Həmçinin Ayzeluort Mona Lizasının fonu Luvr "Mona Liza"sı ilə müqayisədə daha az detallı işlənmişdir. Buna görə də, bəzi tədqiqatçılar Ayzeluort Mona Lizasının əlləri və üzünün Leonardo, qalan hissələrinin isə başqa rəssam tərəfindən işləndiyini bildirirlər.
Hyu Bleyker[5], Pol Konodi[4], Con Eyr[5], Kommendator Sessoni[5], Arduino Kolasanti[5], Lüdoviko Spiridon[5], Enriko San Martino di Valperqa[5], Adolfo Venturi[5], A. C. Şapellou[11] və Henri Pulitzer[6] kimi nüfuzlu tədqiqatçılar XX əsrin birinci yarısında Ayzeluort Mona Lizasının əsas hissələrinin Leonardo da Vinçi tərəfindən işləndiyini təsdiq etmişlər.
Ayzeluort Mona Lizasının autentikliyi azsaylı mütəxəssislər tərəfindən müzakirə mövzusuna çevrilmişdir. Skeptiklər bildirirlər ki, Henri Pulitzer özü əsəri aldığına görə onun fikirlərində maraqların toqquşması vardır. Onun "Mona Liza hardadır?" (ing. Where is the Mona Lisa?) adlı əsəri isə özünün sahibi olduğu "Pulitzer Press" nəşriyyatı tərəfindən nəşr edilmişdir. Əsərinin giriş hissəsində Pulitzer bildirir ki, portreti almaq üçün bir çox qurbanlar verməli olmuş, həmçinin "bütün əşyaları ilə birikdə evi satmaq"dan belə çəkinməmişdir.[12]
Pulitzer kitabnda qeyd edir ki, 1504-cü ildə əsəri Leonardonun studiyasında görən onun müasiri Rafael məhz Ayzeluort Mona Lizasının eskizini (ehtimal ki, yaddaşdan) çəkmişdir (eskizin reproduksiyası da kitabda verilir, orijinalı isə Luvr muzeyində saxlanılır). Rafaelin eskizində Mona Lizanın yanarında iki yunan sütunu vardır ki, onlar Luvr Mona Lizasında yox, Bleykerin aldığı Ayzeluort Mona Lizasında təsvir edilmişdir. Öz kitabında Pulitzer bir neçə səhifəlik bədii mütəxəssis rəylərini də nəşr edib; həmin mütəxəssislərin bəziləri Leonardonun əsərin müəllifi olduğunu, digərləri müəllifin Leonardonun studiyasında çalışan rəssamlardan biri olduğunu, başqaları isə müəllifin tamamilə kənar rəssam olduğunu qeyd edirlər. Əsərin autentikliyi fikrinin tərəfdarlarından olan kolleksioner Con Eyr Ayzeluort Mona Lizasının büstü, üzü və əllərinin Leonardo tərəfindən çəkildiyini iddia edir.[13]
Pulitzer həm də laboratoriya nəticələri (kətanda işıq və kölgənin münasibəti, rentgen şüalanması və sair) ilə əsərin Leonardoya aid olduğunu göstərir. Lakin, bu tədqiqatların necə və kim tərəfindən aparılması haqqında məlumat verilmir. O, yazır: "Bu kitabı çoxsaylı texniki məsələlərlə mürəkkəbləşdirmək istəmir və bu fəsili tezliklə yekunlaşdırmaq istəyirəm." O, heç bir müstəqil tədqiqatçıya istinad etmir; əsəri tədqiq etmiş alimlərdən bəhs edərkən isə "biz" əvəzliyini işlədir. Kitab müəllifin özünün sahib olduğu "Pulitzer Press" tərəfindən nəşr edildiyinə görə, xarici sübutların yoxluğu müəllifin öz tələbinə əsaslanmışdır. "PBS" tərəfindən yayımlanmış[14] sənədli filmdə əsəri tədqiq etmiş alimlərin adları qeyd edilir.[15]
1970-ci ildən ictimayətə nümayiş etdirilməmiş əsər İsveçrə banklarından birinin anbarında saxlanılır. 1979-cu ildə vəfat etmiş Pulitzer əsəri İsveçrəli partnyoruna vəsiyyət etmişdir. 27 sentyabr 2012-ci ildə Sürixdəki Mona Liza Fondu (ing. The Mona Lisa Foundation) əsəri yenidən dünya mətbuatına təqdim etmişdir.[16][17] Həmin dövrdə fondun nəşr etdiyi kitabda əsərin autentikliyi ilə bağlı arqumentlər səsləndirilmişdir.[18] Leonardo da Vinçinin yaradıcılığı üzrə nüfuzlu alimlərdən biri olan Oksford Universitetinin professoru Martin Kemp əsəri görməsə[19] də, onun statusuna şübhə etmişdir.[20]
Həmin dövrdən sonra əsər çoxsaylı mütəxəssislər tərəfindən tədqiq edilmişdir. 2012–2013-cü illərdə əlavə tədqiqat və testlər aparılmış və onların nəticəsi 13 fevral 2013-cü ildə "Reuters" tərəfindən nəşr edilmişdir.[19] Əsərin Leonardonun həndəsi ölçülərinə uyğun olmasını ortaya çıxarmış Alfonso Rubio onun Leonardonun fırçasına aid olmasını qeyd edir.[19] 2013-cü ildə əsəri ətraflı tədqiq edən professor Atila Soares tədqiqatlarının nəticəsinə həsr etdiyi kitabda onu Leonardoya aid edir.[21]
Jan Pyer Ayzbots 2013-cü ilin oktyabrında nəşr etdiyi "Mona Liza mifi" (ing. The Mona Lisa Myth)[22] adlı əsərində Luvr və Ayzeluort Mona Lizalarının tarixini tədqiq edərək onlardan sonuncusunu Leonardonun fırçasına aid edir.[23] 2014-cü ilin martında kitab əsasında çəkilmiş sənədli film təqdim edilmişdir.[7] 2014-cü ilin aprelində əsəri tədqiq etmiş Albert Sutur isə Həm Ayzeluort, həm də Luvr Mona Lizalarının Leonardo tərəfindən çəkildiyini bildirir.[24] 2014-cü ilin iyulunda PBS telekanalı "Mona Liza sirri" (ing. The Mona Lisa Mystery) adlı sənədli film nümayiş etdirmişdir. Həmin sənədli filmdə Ayzeluort Mona Lizasının autentikliyi ətraflı tədqiq edilmişdir.[14]
2015-ci ildə professor Lorusso və Natali tərəfindən yayımlanmış akademik nəşrdə Mona Liza rəsmləri və kopyaları sənədləşdirilərək tədqiq edilir, müəlliflər Luvr və Ayzeluort Mona Lizalarının Leonardo tərəfindən çəkilməsi qərarına gəlirlər.[1] 2016-cı ildə professor Amus, Parfenov və Elford tərəfindən yayımlanmış digər bir akademik nəşrdə Luvr və Ayzeluort Mona Lizalarının üzünün eyni rəssam tərəfindən çəkilməsi qeyd edilir.[2][25]
2017-ci ildə Cerard Budin de l'Aarş hər iki əsər haqqında tarixi məumatları müqayisə edərək belə qərara gəlir ki, Leonardo Ayzeluort Mona Lizasını Luvr Mona Lizasından daha əvvəl işləmişdir.[25]
... 1962 Dr. Henry Pulitzer (Pulitzer Galleries, Kensington, London & Berne, Switzerland) acquires the painting by selling his Knightsbridge house with all contents, ... 1979 Pulitzer dies, and the painting is inherited by his partner, Elizabeth Meyer. ...