Azərbaycanda vergilər

Azərbaycanda vergilər

Qədim dövrün vergi növləri

[redaktə | mənbəni redaktə et]

Qədim dövrüdə hali, sinfi, strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyuşçülər, 3) katiblər, 4) vergi verənlər. Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini – əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastarioşan-salar dururdu. Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və xarq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini can vergisi mənasında işlənib. Əvvəllər Torpaq vergisi zəkat adlanırdı. Ümumiyyətlə, vergi mənasında olan xaraq termini də elə həmin dövrdə (III–IV əsrlər) torpaq vergisinə aid edilib. Vergilərin başçısı olan xarqbed – Sasani dövlətinin idarə aparatında yüksək mövqe tuturdu. I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya alınırdı. Torpaq siyahısı hələ Kavadın dövründə tutulmağa başlanmış, oğlu I Xosrovun zamanında başa çatdırılmışdır. Vergi vahidi 1/10 hektara bərabər olan qarib sayılmağa başladı. Torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq müxtəlif idi. Məsələn, bir qarib buğda və ya arpa sahəsində bir drahma, bir qarib üzümlükdən 8 drahma, bir qarib qarayonca sahəsində 7 drahma alınırdı. Dörd xurma palmasından və altı zeytun ağacından isə 1 drahma vergi tutulurdu. I Xosrovun dövründə əmlakın qədərindən asılı olaraq 20–50 yaşlı kişilərdən 12, 8, 6 və 4 drahma can vergisi müəyyən edilmişdi. Kübar nəsillər, əyanlar, döyüşçülər, katiblər, kahinlər və məmurlar can vergisindən azad idilər. Vergilərin ödənilməsi çətin olduğundan dörd aydan bir, ildə üç dəfə alınırdı. Torpaq və can vergisi ilə yanaşı əhalidən başqa vergilər də tutulurdu.

Xilafət dövrü

[redaktə | mənbəni redaktə et]

Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsul-idarəsi VIII əsrdə ərəblərin işğalı dairəsinə düşmüş bütün becərilən torpaqları müsəlman icmasının mülkiyyəti elan etdi. Bu torpaqlar əsasən, öz rəiyyətlərinə qarşı münasibətdə bütün hüquq və imtiyazlarını qorumuş əvvəlki sahiblərinin ixtiyarında saxlanılır, ərəblər isə bu sahibkarların müsəlman icması xəzinəsinə (beytülmala) boyun olduqları vergilərlə kifayətlənirdilər.

Əsasən silah gücənə ələ keçirilmiş şimallı-cənublu Azərbaycanın tabe edilmiş əhalisi ilə qarşılıqlı münasibətlər işğalçılarla yerli əhali arasında bağlanmış müqavilələrlə tənzimlənirdi. Hər bir belə müqavilə başqa şərtlərlə yanaşı, birdəfəlik və illik vergilərin ödənilməsi təəhhüdü haqqında maddəni də nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun ixtiyarında saxlayırdı. Zimmi, yəni başqa dinə mənsub yerli adam statusunu qazanmış bu sahibkarlar müsəlman icmasının himayəsində qalır, torpaq vergisi – xəracla yanaşı, qeyri-müsəlmanların verdiyi can vergisi – cizyəni də ödəyirdilər. Müsəlman qanunvericiliyinə – şəriətə görə cizyə hər il ancaq kişilərdən, özü də onların sənət və ya ticarətdən əldə etdikləri qazancdan asılı olaraq alınırdı. Varlılar 48, ortabablar 24, yoxsullar isə 12 dirhəm ödəyirdilər.

Əgər can vergisi – cizyə ancaq qeyri-müsəlmanlardan alınırdısa, torpaq vergisi – xərac həm müsəlmanlardan, həm də başqa dinlərə etiqad edənlərdən alınırdı, ancaq qeyri-müsəlmanlar bu vergini ikiqat həcmdə ödəyirdilər. Xəlifə Hişam dövründə (724–743), ərəblərin Azərbaycan və Arrandakı vergi siyasəti köklü dəyişikliyə məruz qaldı: buradakı Əməvi hakimləri cizyəni xəzinəyə böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə başladılar. 725–726-cı ildə Hişamın sərəncamına görə, Azərbaycanda əhali, torpaq, mal-qara və hər cür başqa əmlakın yeni siyahıyaalınması keçirildi.

Bu məqsədlə o, öz sərkərdəsi Haris İbn Əmri Arrana göndərdi. Moisey Kalankatlının məlumatına görə, ağır vergi qoyulmasına səbəb olan bu yeni siyahıyaalma əhalinin vəziyyətini daha da ağırlaşdırdı. Bu siyahıyaalmadan sonra tətbiq edilən yeni vergi sistemi vergi verən əhali ilə yanaşı rahiblərdən də vergi alınmasını nəzərdə tuturdu. Əhalinin üzərinə sənətkarlığa, kəbinə görə yeni əlavə vergilər qoyuldu. Ölkənin cənubunda xəlifə II Ömər zamanı ləğv edilmiş əvvəlki Sasani vergiləri "Novruz və Mihrican hədiyyələri" bərpa edildi. Belə vergi sistemi təkcə yoxsulları deyil, hətta bir çox əyan və varlıları da səfalətə düçar etdi. Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini təşkil edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə ödənilirdi. Özü də bu natura içərisində zinət şeyləri və ərəblərdə az tapılan mallar üstünlük təşkil edirdi. Bu sistem II Abbasi xəlifəsi əl-Mənsurun dövründə (754–775) xüsusən geniş tətbiq edilməyə başlanmışdı.

Onun dövründə misahə adlanan xərac əkilib-əkilməməsindən asılı olmayaraq torpaq sahəsinə görə pulla, yəni hələ Ömər ibn əl-Xəttabın qoyduğu qaydalar üzrə alınırdı. Əl-Mənsurun varisi xəlifə əl-Mehdinin dövründə (775–785), onun sərəncamına görə xəracalma sistemi dəyişildi. Misahə xəracı – torpağın sahəsinə görə alınan vergi əvəzinə müqasəmə xəracı – məhsula görə alınan vergi qoyuldu; özü də suvarılan torpaqlardan məhsulun yarısı, dəliyə və kirbə ilə suvarılan torpaqlardan məhsulun 1/3, duləblə* suvarılan torpaqlardan məhsulun 1/4 alınırdı. Lakin əl-Mehdinin dövründə meyvə ağaclarına, zeytun və üzüm bağlarına xərac qoyuldu. Torpaq vergisi və can vergisindən əlavə aşağıdakı vergilər alınırdı: xüms – mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5 bərabər olan vergi; zəkat – yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr – orucluğun başa çatması münasibətilə verilən pay – fitrə; sədəqə – yoxsullara verilən ianə; uşr – məhsulun 1/10 bərabər vergi.

Xüms – pul və ya natura şəklində dinc yolla ələ keçirilmiş əmlakdan, əmək haqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla hərbi qənimətlərdən alınırdı.

Dəyəri ailənin illik xərcindən artıq olan əmlak satın alındıqda və ya müxtəlif peşə sahiblərinin gəlirləri illik məxaricdən çox olanda xüms ödənilməli idi. Zəkat – ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan başqa), giləmeyvələr, daş-qaş və ev heyvanları üzərinə qoyulurdu. Buğda və arpadan zəkat yetişəndən sonra alınır, üzüm üçün isə qora dövründə müəyyənləşdirilirdi. Zəkat əl-fitrə – ildə bir dəfə, orucluq ayının başa çatması münasibətilə varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış hər bir üzvünə görə ödənilirdi. Fitrə məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya və başqa məhsullara bərabər idi. Uşr – hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satış üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa məhsullardan natura ilə alınan onda bir vergisi idi. Şirvanda (Bakıda) bunlardan başqa neft və duz mənbələri üzərinə də vergi qoyulmuşdu.

Vergi zülmünün güclənməsi

[redaktə | mənbəni redaktə et]

Əməvilər dövründə Xilafətin şimal hüdudlarında istilaçı yürüşlər hələ də davam etdirilirdi. Hər hansı bir vilayəti tutan ərəblər bütün vilayət üzərinə ancaq bac qoymaqla kifayətlənirdilər. Xəlifə Hişamın dövründə Arran hakimi Mərvan ibn Məhəmməd Dərbənddən şimalda yerləşən Sərir vilayətini ələ keçirdi. Bağlanılan müqaviləyə görə, Sərir hökmdarı xəlifəyə "hər il 1500 oğlan və 500 qız verməyə, əl-Babın (Dərbəndin) taxıl anbarına 100 min mudd buğda gətirməyə" boyun oldu. Tumanın (Sərirdə nahiyə) sakinləri "hər il 150 qız və 50 oğlan verib, anbara 20 min mudd buğda" gətirməyə, Zirihşəranın (müasir Köbəçi) hakimi "hər il 50 oğlan verib, anbara 10 min mudd buğda gətirməyə" boyun oldular; Sindanın (şəndanın) hökmdarı "sonralar belə öhdəlikdən azad olmaq şərtilə birdəfəlik 100 oğlan və qız verməyə və əl-Babın anbarına ildə 5000 mudd taxıl gətirməyə", Lakzın hökmdarı isə "taxıl anbarına ildə 20 min mudd" taxıl verməyə boyun olmuşdu və s.

Əməvilərin hakimiyyətinin sonuna yaxın Xilafətin vilayətlərində, xüsusən Azərbaycan və Arranda elə bir vəziyyət yaranmışdı ki, hər bir hakim mərkəzi hakimiyyət qarşısında, demək olar ki, heç bir hesabat vermədən öz vilayətində istədiyi kimi ağalıq edir, əhalini talayıb çapırdı. Vergi zülmünün ağırlığına dözməyən əhali kütləvi surətdə kəndləri tərk edir, suluklar adlandırılan torpaqsız kəndlilərə çevrilirdi. Bu kəndlilər atılmış kəndli torpaqlarını tədricən öz əllərində cəmləşdirən iri torpaq sahiblərinin yanına muzdurluğa gedirdilər. Azərbaycanda feodalizmin daha da genişlənməsinə səbəb olan bu proses Əməvilərin buradakı mövqeyinin zəifləməsinə gətirib çıxartdı, çünki mütəğəllib adlanan iri feodallar və torpaq sahibləri daha mərkəzi hakimiyyət nümayəndələri ilə hesablaşmır və artıq ilk Abbasilər dövründə Xilafətin silahlı qüvvələri tərəfindən dərhal qarşısı alınan separatizm nümayiş etdirməyə başlayırdılar.

VIII əsrin ortalarında hakimiyyətə gəlmiş Abbasilər Azərbaycan və Arranın vergi verən əhalisinin vəziyyətini heç də yaxşılaşdırmadılar. Moisey Kalankatlının sözlərilə desək, "Abbasilərin hakimiyyətə gəlişi ana yurdumuz Albaniya üçün böyük fəlakət idi, çünki taciklər (yəni ərəblər) öz iyrənc qarətçilikləri ilə alban işxanlarından paytaxtımız Bərdəni aldılar və öz səltənətlərinin köhnə paytaxtı Dəməşqdə olduğu kimi indi də Alban torpağında — Bərdədə iqamətgah qurdular ki, torpağın bol nemətlərini sovursunlar". Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini təşkil edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə ödənildi. Özü də bu natura içərisində zinət şeyləri və ərəblərdə az tapılan mallar üstünlük təşkil edirdi. Bu sistem ikinci Abbasi xəlifəsi əl-Mənsurun dövründə (754–775) xüsusən geniş tətbiq edilməyə başlamışdı.

Onun dövründə misahə adlanan xərac əkilib-əkilməməsindən asılı olmayaraq torpaq sahəsinə görə pulla, yəni hələ Ömər ibn əl-Xəttabın qoyduğu qaydalar üzrə alınırdı. Bu vergi sistemi, əl-Mənsurun dövründə, kəndli kütlələrinin mütəşəkkil qarəti şəklini aldı. Gevondun məlumatına görə, əl-Mənsur "zorakılıq və sıxışdırmaqla hamını əldən salmış, hətta ölülərdən də vergi tələb etməklə əhalini dilənçi kökünə çatdırmışdı. O, ölkə əhalisini incidərək, elə dəhşətli vergilər tələb edirdi ki, adambaşına xeyli… gümüş düşürdü… İşxan nəslindən olanlar əjdahanın (yəni, xəlifənin) ağzını yummaq üçün istər-istəməz bəxşiş olaraq ona at və qatırlar, əla paltarlar, qızıl və gümüş gətirirdilər".

Əl-Mənsurun varisi xəlifə əl-Mehdinin dövründə (775–785) vergi verən zümrənin vəziyyəti bir qədər yüngülləşdi. Onun sərəncamına görə xərac alma sistemi dəyişildi. Misahə xəracı — torpağın sahəsinə görə alınan vergi əvəzinə müqasəmə xəracı — məhsula görə alınan vergi qoyuldu; özü də suvarılan torpaqlardan məhsulun yarısı, dəliyə və kirbə ilə suvarılan torpaqlardan, məhsulun 1/3-i, duləblə 1 suvarılan torpaqlardan, məhsulun 1/4-i alınırdı.

Səlcuqlular dövrü

[redaktə | mənbəni redaktə et]

IX–XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf etmişdi. Torpaq mülkiyyəti forması olan mülk (və ya əmlak torpaqları) xüsusi mülkiyyət olub, onu almaq, satmaq, irs vermək, bağışlamaq, girov qoymaq olurdu. Mülk sahibi (malik) və ya mülkədar dövlətə xərac, yəni yeni torpaq vergisi verirdi. Dövlətə məxsus, yəni gəliri birbaşa xəzinəyə gələn torpaqlara divani deyilirdi. Bu dövrdə şərti torpaq mülkləri –iqta sistemi inkişaf etməkdə idi. Zaman keçdikcə iqta torpaqları iqtidarların xüsusi mülkiyyətinə çevrildi. Bu dövrdə icma torpaqları da mövcud idi. İcma torpaqları dövlətin mülkiyyətində idi. Buna görə də həmin torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi. Torpaqdan istifadə müqabilində kəndlidən alınan vergi uşr və ya üşr (onda bir), sonralar isə xərac adlanırdı. Xərac toplamaq üçün ayrı-ayrı adamlara verilən icazə kağızına qəbalə deyilirdi. Xərac toplayan vergi məmurları mütəqəbbil və ya amil, maliyyə müfəttişləri isə mütəsərrif adlanırdılar. Amillər xərracı özbaşına artırırdılar və bəzən məhsulun yarısı kəndlinin əlindən alınırdı.

Xərac əvvəllər əsasən məhsulla alınırdı. Azərbaycan kəndliləri X–XI əsrlərdə xəracın müəyyən hissəsini pulla ödəyirdilər. Bu, hələ o zaman Azərbaycanda əmtəə-pul münasibətlərinin inkişaf etdiyini göstərir. IX əsr tarixçiləri Azərbaycandan ildə 4–4,5 milyon dirhəm xərac toplandıqlarını qeyd edirlər. Xəracdan başqa müsəlman ailəsi öz əmlakına görə nəzir verirdi ki, buna da zəkat və ya sədəqə deyilirdi. Müsəlman olmayan əhalidən can vergisi – cizyə alınırdı. Böyük səlcuq imperiyasının yaranması ilə torpaq mülkiyyəti və vergi sistemində ciddi dəyişikliklər baş verdi. Əhalidən ənənəvi vergilərdən əlavə səlcuq döyüşçüləri üçün silah və şərab tədarük etmək, onların atlarını nallamaq üçün mal-üs-silah, şərab bahası, nal bahası kimi vergi, şəhər sənətkarlarından isə onların hazırladığı sənət məhsullarından pay alınmağa başlandı. Ümumiyyətlə, XI–XIII əsrin əvvəllərində əhalinin müxtəlif təbəqələrinin xərac, üşr, cizyə, haqq, alaf, nüzl,əvariz, qismət, təyyarət, dəraib və bir çox başqa vergi, rüsum və mükəlləfiyyətlər ödədiyi məlumdur.

Elxanlılar dövrü

[redaktə | mənbəni redaktə et]

XIII–XIV əsrlərdə Azərbaycan torpaqlarının çox böyük bir qismi monqol hakim dairələrinin əlinə keçmişdi. Elxanın və sülalə üzvlərinin əlində olan torpaqlar "incu" adlanırdı. Bu dövrdə iqta institutu qüvvətlənmişdi. Torpaqların bir hissəsi kənd icmasının ixtiyarında qalırdı. Vergi verilməsində əvvəlki kimi ellik zəmanət mövcud idi. Monqol zülmü altında olan əhali dövlətə və feodallara 40 cür vergirüsum verirdi. Torpaq vergisi xərac natura ilə alınırdı və ilk Hülakülər dövründə taxıl məhsulunun 70%-ni təşkil edirdi. Can vergisi qopçur adlanırdı. Oturaq əhali bu vergini 1–7 dinaradək pulla, köçərilər isə mal-qara ilə verirdilər. Monqol qoşunlarının saxlanması üçün əhali üzərinə xüsusi vergi – tacar qoyulmuşdu. Hökmdarlar əhalidən bazar qiymətindən aşağı qiymətə müxtəlif istehlak malları alır və ya tacirləri bazar qiymətlərindən yuxarı qiymətə məhsul almağa məcbur edirdilər. Gömrükxanalarda bac alınırdı. Mövcud vergilər zəhmətkeşlərin gəlirinin 3/4 hissəsini aparırdı.

Vergi toplamaqla ayrıca idarə – divan məşğul olurdu. Divan vergiləri ya dövlət darğaları vasitəsilə, ya da vergi yığmaq hüququnu icarəyə vermək (müqatiə) yolu ilə toplanırdı. Azərbaycanın cənub vilayətlərində toplanan vergi 210 tümənə (1 tümən – 10 min dinar), şimal vilayətlərində toplanan vergi isə 54 tümənə çatırdı. Vergi verə bilməyənlərə icbari əmək müəyyən edilirdi. Xəzinə gəlirinin azalması, kəndlilər arasında qaçqınçılıq və ixtişaşların artması ilə əlaqədar olaraq Keyxatu xan pul islahatı keçirdi: ölkədə kağız pullar – çav tədavülə buraxıldı. Lakin bu tədbir səmərə vermədi, bazar qiymətləri artdı, ticarət dövriyyəsi azaldı. Qazan xan feodalların hakimiyyətini möhkəmlətmək, dövlət gəlirini artırmaq məqsədilə bir sıra qanunlar verdi.

Divan torpaqlarından əkin sahələri irsi iqta hüququ əsasında kəndlilərə paylandı. Qazan xan vergi sistemini qaydaya salmağa çalışaraq müqatiəni məhdudlaşdırdı. İslahat müəyyən dərəcədə kənd təsərrüfatı istehsalının yüksəlişinə, gəlirin artmasına və onun daha müntəzəm xəzinəyə yığılmasına səbəb oldu.

Qaraqoyunlular və Ağqoyunlular dövrü

[redaktə | mənbəni redaktə et]

XV əsrdə Azərbaycanda AğqoyunluQaraqoyunlu dövlətlərinin mövcud olduğu bir dövrdə otuzdan çox adda vergi və mükəlləfiyyət mövcud idi və bu ağır vergi sitemi əhalini əzirdi. Məlcahət (və ya bəhrə) əsas vergi olmuşdur. Uzun Həsənin Qanunnaməsinə əsasən bəhrə əldə edilən məhsulun 1/5 hissəsini təşkil etmişdir. Kəndlilər istifadə olunmuş suyun müqabilində də bəhrə vergisi ödəyirdilər. Hərbçilərin, mülki və ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan vergilərin məcmusu ixracat adlanırdı. Qeyri-qanuni surətdə, özbaşına toplanan vergilər şiltaqat arlanırdı. Kəndlilər feodal ziyafətlərinin təşkilinin ağırlığını çəkirdilər (şilənbəha, süfəbəha və b. mükəlləfiyyətlər). Yerli inzibati-polis məmurunun (dərucəki), vergiyığan məmurların (mümayizane), ruhani başçıların (rəsm əl-vüzarə) xeyrinə toplanan vergilər mövcud idi. Maldarlardan çobanbəyi vergisi alınırdı.

Məcburi bəxşişlər sistemi də mövcud idi. Bu bəxşişlər torpaq sahiblərinə, şahın məmurlarına, xidmətçilərinə verilirdi (düşüllük, novruzi, peşkəş, eydi və s.). Dövlətin və feodalların xeyrinə toplanan vergilər yerinə yetirilməli olan mükəlləfiyyətlər (çərik, tərh, ulaq, ulam, biyar və s.) əhalini müflisləşdirdi.

Səfəvilər dövrü

[redaktə | mənbəni redaktə et]

XVI–XVII əsrlərdə Azərbaycan kəndlisi aşağıdakı vergiləri və mükəlləfiyyətləri ödəyirdi: torpaq və gəlir vergisini – malcəhət, bəhrə, xərac – natura ilə ümumi məhsulun 1/5, 1/3 hissəsini təşkil edirdi. Bu vergi sahibkar ilə dövlət arasında bölünürdü. Birinciyə 1/10, ikinciyə 2/10 hissə çatırdı. Bağbaşı – məhsulun 1/10-nə bərabər idi. Çobanbəyi, çöl pulu – örüşdə heyvanları otarmaq üçün alınırdı. Dəh-yek (onda bir) – iri feodal torpaqlarından götürülən gəlirlərin 10 faizi alınırdı. Cüftbaşı – torpağı əkib-becərmək üçün bir cüt qoşqu vasitəsi olanlardan alınırdı. Dəzgahbaşı – hər bir toxucu dəzgahından istehsal edilən məhsuldan alınan vergi idi. İxracat – XVI əsrdə ümumi və müxtəlif vergilərin məcmusu mənasında işlənirdi: dövlət canişinləri, hərbi xidmətdə olanların və əyanların tələbatını ödəmək üçün alınırdı. Ot-alafa – yük heyvanları, atlar üçün alınırdı. Ulafa (ərzaq) – bir nəfərin (hərbçi, canişin və s.) yaşaması üçün alınan vergi idi. Bu iki vergi bəzən pulla da alınırdı. Qonalqa – əyanların kəndlinin evində düşərgə salmaq hüququ idi. Kəndli əyanı, onu müşayiət edənləri yataqla təmin etməli, yedirtməli, atlarını yemləməli idi. Təyin isə şəhər və kəndlərdə xarici dövlətlərin səfirlərinə və onları müşayiət edənlərə qulluq etmək üçün əhalidən alınan məbləğ idi. Ulaqulam – kəndli şah çaparlarının ixtiyarına minik, yük, qoşqu atları verməli idi.

I Şah Abbasın əmri ilə alafa, ulafa, biyar, ulaq, peşkəş, salami, şiltaqat kimi əvvəlcədən nəzərdə tutulmamış, təsadüfi səciyyə daşıyan bütün töycü növləri "ixracat" və "əvazirat"a daxil edilmişdi. Rüsum – dövlət canişinləri və ruhanilər üçün natura ilə alınan vergi idi. Səvari – əhalinin hakim sülalənin üzvlərinə – sərkərdələrə, yeni fəth edilmiş yerlərə gələn tanınmış adamlara (Novruz bayramı münasibətilə) verdiyi hədiyyə idi. O, bəzən novruzi adlanırdı. Tərh – dövlətə və feodala məxsus olan malın bazar qiymətindən yuxarı zorla kəndliyə satılması və yaxud, dövlətə və feodala lazımi olan malın bazar qiymətindən aşağı qiymətə alınması idi. Dəstəndaz – aşağı səviyyəli dövlət icraedici şəxslərin xidmətinə görə verilən vergi idi. Başpulu – yetkin kişi cinsinə mənsub şəxslərdən alınırdı. Otaqxərci (həmçinin yurtanə) – hər evdən, hər ailədən alınan vergi idi.

Cizyə – xristianlardan alınırdı. Biyar – kəndlinin feodal və ya dövlət üçün zorla, pulsuz işləməsi idi. Bütün ailə üzvləri növbə ilə 2 gündən 6 günə qədər biyara getməli idi. Çərik – döyüşən orduya kənar vilayətlərdən göndərilənlərdən alınırdı. Bunlardan başqa tüstü pulu, alaçıq pulu və s. alınırdı. XVII əsrdə vergi və mükəlləfiyyətlərin sayı 35-ə çatmışdı. Onların arasında natural səciyyə daşıyanlar üstünlük təşkil edirdi. Ölkədə əmtəə-pul münasibətləri inkişaf edirdi. Dövlət xəzinəsinin müflisləşməsi ilə əlaqədar olaraq vergilərin məbləği kəskin surətdə artırıldı. 1699–1702-ci illərdə əhalinin yeni siyahıyaalınması keçirildi. Bu siyahıyaalınma zamanı vergilər 3 dəfə artırıldı.

XVIII əsrin I yarısında vergi və mükəlləfiyyətlərin ağırlığı rəiyyət və elatların boynuna düşürdü. İranda mövcud olan vergilər Azərbaycanda da tətbiq olunurdu: torpaq vergiləri (malcəhət, uşr, çobanbəyi), adambaşına alının vergi (sərşomari, cizyə), qoşunları saxlamaq üçün (ulufa, sursat, əsb-e çapar), hərbi qulluq mükəlləfiyyəti (çərik), şah və dövlət məmurlarının xeyrinə toplanan vergi (ruşmat, təhzilat, peşkəş, xərc-e tə’yin mütərəddin), dövlət və feodallar üçün görüləcək işlər (bikar və əvazir), torpaqbasdı vergisi (rahdari) və s. Vergilər dövlət xəzinəsini dolduran yeganə mənbə idi. Vergi verməkdən boyun qaçırmasınlar deyə, şah hökuməti 15 yaşına çatmış bütün kişi cinsindən olanları siyahıya alırdı.

Xanlıqlar dövrü

[redaktə | mənbəni redaktə et]

XVIII əsrin II yarısında Azərbaycanda xanlıqlar dövründə əsas vergini malcəhət (NaxçıvanŞirvan xanlıqlarında bu vergi bəhrə adlanırdı) təşkil edirdi. Müxtəlif xanlıqlarda onun həcmi 1/10-lə 1/3 arasında tərəddüd edirdi. Feodallar otlaqlardan istifadə müqabilində rəiyyətdən çopbaşı adlı əlavə vergi alırdılar. Kəndli bağlarından toplanan bağbaşı adlı vergi məhsulun 1/10-ni təşkil edirdi. Kəndlilərdən toypulu da alınırdı. Əgər toy kəndlinin ailəsində olurdusa, onda o bəyə toyxərci verməli idi. Toy bəyin ailəsində olurdusa, onda bəy kəndlidən toy pulu tələb edirdi. Hər bir kəndli həyətindən otaqxərci deyilən vergi də yığılırdı. Kəndli xanın atları üçün arpa verməli idi. Bu vergi at arpası adlanırdı. Rəiyyət tez-tez öz hesabına xanın muzdlu əsgərlərini də saxlamalı olurdu. Bu mükəlləfiyyət dişkirəsi adlanırdı. Rəiyyətdən həmçinin xan dəftərxanasının və inzibati idarəetmənin digər qurumlarının xərclərini ödəmək üçün mirzəyanə, kələntərlik və digər vergilər toplanırdı.

Vergiyığanlar xanın əmrinə əsasən öz xeyirlərinə darğalıq vergisi toplayırdılar. Mirzə Camal Cavanşir Qarabaği Qarabağ xanlığında vergi və mükəlləfiyyətlər haqqında maraqlı məlumatlar verir. O yazır ki, hər il Novruz bayramında sərkərdələrə xanın adından müxtəlif hədiyyələr – xələtlər, atlar, silahlar bağışlanırdı. Feodallar da bunun müqabilində xana öz adlarına layiq hədiyyələr gətirirdilər. İbrahimxəlil xan Cavanşir səfərdə olarkən və ya hər hansı yerdə düşərgə qurarkən minbaşıların, yüzbaşıların, bəylərin, ağaların əksəriyyəti, bəzi döyüşçülər, katiblər, eşikağası, darğalar və yolçular xanın mətbəxindən yemək alırdılar. Çox vaxt xanın mətbəxinin bir günlük xərci onlarla qoyundan, qırx puddan artıq düyüdən və s. ibarət olurdu. Bütün bunlar çoxlu xərc tələb edirdi və əsasən istehsalçıların istismarı hesabına ödənilirdi. Məhəmmədhəsən xan dövründə Şəki xanlığında Dəs ul-əməl adlı qanunlar məcmuəsi tərtib olunmuşdu. Burada bütün vergi və mükəlləfiyyətlər tənzimlənirdi.

Rus üsul-idarəsi dövrü

[redaktə | mənbəni redaktə et]

XIX əsrin ortalarında dövlət riyyətləri xəzinəyə çoxlu vergi ödəyir və mükəlləfiyyətlər daşıyırdılar. Bu vergilər içərisində ən geniş yayılanı natura ilə ödənilən vergi idi. Vergi sistemi bir qədər qaydaya salınmışdı: saysız-hesabsız xırda vergilər bir və ya bir-iki vergidə birləşdirilmişdi. Əyalətlərin əksəriyyətində dövlət vergiləri kəndlər və ya kəndli həyətləri üzrə deyil, sahələr (nahiyyələr) üzrə müəyyənləşdirirdi. Vergi sistemində ən mühüm dəyişiklik 1819-cu ildə Şəki əyalətində həyata keçirilmişdi. Natural vergilərin yerinə pul vergiləri qoyulmuşdu. Ərzaqla toplanan vergi çoxluq təşkil edirdi. Vergilərin bölünməsi sistemi və yığılması üsulu bir-birindən fərqlənirdi. Məsələn, Şirvan əyalətində vergilər hər kənd, Qarabağ əyalətində hər kəndli həyəti, Lənkəran əyalətində isə mahallar üzrə təyin olunurdu. Çar hökuməti əvvəlki vergi sistemində də dəyişikliklər və əlavələr etdi. Natural vergiləri pul vergiləri əvəz etməyə başladı. Qarabağ və Talış əyalətlərində pul rentasının xüsusi çəkisi artdı.

Quba əyalətində ərzaq vergisi üstünlük təşkil edirdi. Bakı əyalətində də kəndlilərin vergiləri xeyli artmışdı. Dövlət rəncbərləri xəzinə tərəfindən istismara məruz qalırdılar. Talış qəzasında bütün əkərlər ildə hər ailədən gümüş pulla 2 manat zemstvo vergisi ödəməli idilər. Zemstvo mülkiyyətindən əlavə, xəzinə hər həyətdən əlavə, hər əkər həyətindən gümüş pulla daha 17 manat 40 qəpik qoparırdı. XIX əsrin 40-cı illərində feodal vergisi rəiyyətlərdən hər üç formada – işləyib ödəmə, natural və pul formalarında alınır, özü də natural forma üstün mövqe tuturdu. XIX əsrin əvvəllərində Şimali Azərbaycanda bəy rəiyyətlərinin vergi və mükəlləfiyyətlərinin sayı 35-ə çatırdı. Bu mükəlləfiyyətlərin içərisində ən ağır və zəhmətlisi işləyib ödəmə idi.

Sahibkar rəiyyətlərinin ən geniş yayılmış vergi forması malcəhət, salyana, darğalıq, at arpası və s. idi. Bütün bu mükəlləfiyyətlər natural xarakter daşıyırdı. Malcəhət kənd təsərrüfatı bitkisi məhsulundan torpaq sahibkarının xeyrinə ayrılan hissədən ibarət idi. O, adətən dənli bitkilər məhsulunun 1/10, pambıq və ipək məhsulunun isə 1/5 hissəsi həcmində toplanırdı. Darğalığın həcmi çox vaxt məhsulun 20%-dək artırdı. Sahibkar kəndliləri bəy atlarının yemlənməsi üçün feodallara at arpası deyilən daha bir natural mükəlləfiyyət icra etməyə borclu idi. Rəiyyətlərin məhsulunun 20%-ə qədəri at arpasının ödənilməsinə gedirdi. Rəiyyətlərin pul mükəlləfiyyətləri də (cütbaşı, bağbaşı, toy pulu və bayramlın) rəngarəng idi.

Cütbaşı – cütə qoşulan öküzlər üçün alınırdı: bağbaşı – meyvə, üzüm və tut bağları üçün yığılan vergi idi; toy pulu – hər toya görə müxtəlif məbləğlərdə alınırdı (məsələn, Şirvan əyalətində hər toydan gümüş pulla 3 manat), bayramlıq – novruz və qurban bayramları günü yığılırdı. XIX əsrin 40-cı illərində hər sahibkar rəiyyəti həyətinin sahibkarın xeyrinə ödədiyi vergi və mükəlləfiyyətlər pul hesabı ilə ildə Qarabağ qəzasında 25 manata, Nuxa qəzasında 5 manat 31 qəpiyə çatırdı. 1901-ci ildən qüvvəyə minən yeni torpaq qanunu ilə bütün kateqoriyalar üzrə kəndlilərin dövlət qarşısında mükəlləfiyyətləri müəyyənləşdirildi.

Həmin qanuna əsasən, dövlət kəndliləri özlərinin həmişəlik istifadəsində olan torpaqlarına görə xəzinəyə həyətbaşı (tüstü) adlanan vergi əvəzinə, gəlirin 10–12 %-ni təşkil edən dövlət töycüsü, istifadə etdiyi başqa torpaqlara görə torpaq vergisi, bütün torpaqlara şamil edilən zemski rüsumu ödəməli idi. Zemski rüsumu əhalinin təhsil, səhiyyə, baytarlıq və s, xərclərini ödəmək məqsədilə alınırdı. Lakin o, əsasən, polisin saxlanmasına sərf edilirdi. Həmin dövrdə, əvvəllər olduğu kimi, sahibkar kəndliləri öz ağalarının xeyrinə bir sıra mükəlləfiyyətlər, o cümlədən, torpaqdan istifadəyə görə məhsulun 1/10 hissəsindən yarısına qədərini təşkil edən malcəhət, yaxud bəhrə, qışlaqda saxlanan heyvana görə ot pulu, alaçıq tikməyə görə tüstü pulu, bağ və tərəvəz yetişdirməyə görə bağ pulu və s. ödəyirdilər. Onlar dövlətə də bir sıra vergilər verirdilər. Yeni qanuna əsasən, vergilər iki qrupda cəmləşdirildi:

  1. Sahibkar kəndlilərin, həmçinin bəy və mülkədarların bilavasitə istifadəsində olan torpaqlara görə torpaq vergisi.
  2. Bütün torpaqlara şamil edilən zemski rüsumu (vergisi).

Azərbaycanlı kişilər əsgərliyə çağırılmadıqlarına görə dövlətə hərbi vergi də verirdilər. XX əsrin əvvəllərində vergilər üç istiqamətdə müəyyənləşdirilmişdir: birbaşa vergilər, dolayı vergilər və rüsumlar. Bunların arasında mədən vergisi, torpaq vergisi, əmlak vergisi xüsusilə fərqlənirdi və büdcə gəlirlərinin çox hissəsini təşkil edirdi. Dolayı vergilərin demək olar ki, yarısını gömrük rüsumları və aksizlər təşkil edirdi.

Azərbaycan Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Cümhuriyyətinin ilk illərində dövlətin maliyyə vəziyyəti çox ağır idi. Siyasi sabitsizliyin, işsizliyin, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar olaraq dövlət vergi siyasətinin formalaşmasına yardım edən qanunlar paketi hazırladı. İlk vaxtlar bu sahədə iş keçmiş Rusiya imperiyasının müvafiq qanunlarına düzəlişlər və əlavələr edilməklə məhdudlaşdırıldı, sonralar isə müxtəlif vergilər haqqında ayrı-ayrı qanunlar qəbul edildi. Bu zaman parlament başlıca olaraq ənənəvi vergi sistemindən istifadə edirdi və xəzinənin ehtiyaclarının ödənilməsində dolayı vergilər – inhisar yığımları, gömrük vergiləri və aksizlər mühüm rol oynayırdılar. Vergilər ağır olduğunda siyasi partiyalar (Müsavat partiyası başda olmaqla) dolayı vergilərin ləğv edilməsini və mütərəqqi gəlir vergisinin tətbiq edilməsini istəyirdilər. Lakin dövlət büdcəyə əlavə vəsait cəlb etmək məqsədilə dolayı vergiləri saxladı. 1919-cu ilin əvvəllərində dövlət gəliri 600 milyon manat idi ki, bunun da 400 milyon manatı dolayı vergilərin, xüsusilə də neft məhsullarının payına düşürdü. 1919-cu ilin aprelində sonralar dövlət vergi siyasətinin formalaşmasında əsas rol oynamış ən mühüm qanun da Maliyyə Nazirliyindən daxil olmuşdur.

Qanun cəmi 2 bənddən ibarət olsa da onun böyük əhəmiyyəti var idi, çünki ilk dəfə olaraq bu qanunla kapital vergisinin müstəqil vergilərdən qəti təyin olunmuş vaxt və tarif dərəcəsi müəyyən edilirdi. Kapital vergisi hər 100 manat 30 manat olmaqla ilin başlanğıcında ancaq fevralın 1-dən gec olmayaraq ödənilirdi, gəlir vergisi isə ilin sonunda, gəlirin həcmi aydınlaşdıqdan sonra ödənilirdi. Qanun martın 15-də qəbul olundu, iyulun 23-də isə parlament öz qanunu ilə gəlirin yaşayış minimumunun dövlət vergisinə cəlb olunmayan hissəsini 1000 rubldan 5000 rubladək artırdı. Bu qanunlarla yanaşı, hökumətin tələbi ilə parlament dəfələrlə torpaq vergisinin, spirtli içkilərə, kənd təsərrüfatı məhsullarına, neft məhsullarına qoyulan aksizlərin, tərpənməz əmlak vergisinin və digər tariflərin artırılmasına əl atırdı. Lakin bu dolayı vergi tariflərinin qəbul edilməsi əks nəticəyə gətirib çıxardı. Daxili bazarda qiymətlər qalxdı, inflyasiya artdı və son nəticədə əhalinin həyat səviyyəsinə təsir etdi. Müasir formada mövcud olan gəlir vergisi 1805-ci ildən etibarən İngiltərədə, Fransada, Almaniyada, sonralar Rusiyada və Azərbaycanda tətbiq edilmişdir.

O zaman bu vergi həcmi illik gəlirdən hesablanırdı və hər bir ölkənin spesifik xüsusiyyətləri nəzərə alınırdı. Verginin bu növündən alınan yüksək gəlirlər XX əsrin əvvəllərində iqtisadi artım ilə müşayiət olunurdu. İllər keçdikcə bu vergi proqressiv xarakter daşıyırdı. Əvvəllər ümumi gəlirin 5–10%-ni, sonralar isə artaraq 15–50%-ni təşkil etmişdir. Gəlir vergisinin artması birbaşa vergiləri ön plana çəkdi. Yeni iqtisadi siyasət dövründə mülkiyyət formasının müxtəlif növləri və bir sıra iqtisadi qanunlar fəaliyyət göstərirdi ki, bu da vergi sisteminin mövcudluğu üçün ilkin şərtləri yaradırdı. 1920-ci illərin təcrübəsi göstərirdi ki, normal vergiqoyma mülkiyyət formaları arasında münasibətlərdən asılıdır. Vergiqoymanın düzgün təşkili sahələr və müəssisələr arasında kapital axınını tənzimləməli, kapital bazarını formalaşdırmalı idi. O dövrdə aşağıdakı vergi növləri mövcud idi:

kənd təsərrüfatı vergisi, mədən vergisi, gəlir vergisi, təsərrüfat dövriyyəsindən alınan torpaq rentası, varislik rüsumu, aksizlər, gömrük rüsumları və b.

Azərbaycanda SSRİ tərkibində olduğu dövrdə bir sıra vergilər mövcud olmuşdu:

  • əhalidən alınan gəlir vergisi (1943)
  • subaylardan, tək adamlardan, kiçik ailələrdən alınan vergilər (1944)
  • kənd təsərrüfatı vergisi (1953), * tikililərdən alınan vergi
  • torpaq vergisi
  • nəqliyyat vasitələri sahiblərindən vergilər
  • kolxoz bazarlarından birdəfəlik rüsum
  • gömrük və dövlət rüsumu və s.

Müharibədən sonra əhalidən tutulan vergilər nisbətən azaldılmışdı. Hərbi vergi (1946) ləğv edildi və subaylardan alınan vergi azaldıldı.

Sov.İKP-nin XXI qurultayı (1959) vergiyə düşməyən minimum gəlirin və vergi güzəştinin genişləndirilməsində əsas rol oynadı. 1975-ci ildən Azərbaycanda aylıq əmək haqqı 70 manat olan fəhlə və qulluqçulardan vergi tutulmurdu. Aylıq əmək haqqısı 71–90-dək olan fəhlə və qulluqçulardan tutulan vergi orta hesabla 1/3 qədərdən çox azaldılmışdı. Dövlət büdcəsinə 1979-cu ildən etibarən aşağıdakı vergilər daxil edilmişdir:

  • dövriyyə vergisi
  • dövlət müəssisələrinin mənfəətindən vergi
  • əsas vəsaitlərdən və dövriyyə fondlarından ödənişlər
  • renta ödənişləri
  • mənfəətin sərbəst qalığı
  • kinofilmlərin baxışından alınan gəlirdən vergi
  • kolxoz və kooperativ təşkilatlarından gəlir vergisi
  • meşə vergisi
  • dövlət əmlakının satışından alınan gəlirdən vergi
  • digər vergilər və rüsumlar.

Müstəqillik dövrü

[redaktə | mənbəni redaktə et]

1991-ci ildən Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra öz müstəqil büdcə və vergi siyasətini həyata keçirməyə başlamışdır. Bu dövr ərzində, məlum olduğu kimi, bir çox qanunlar qəbul edilmiş, vergilərin növləri və dərəcələri, dövlət rüsumları müəyyən edilmişdir. Bazar iqtisadiyyatı münasibətlərinin formalaşması ilə əlaqədar olaraq qanunlarda dəyişikliklər edilmiş və son nəticədə "Vergi Məcəlləsi" qəbul edilmişdir.