Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
![]() | Bu məqalənin neytrallığı şübhə doğurur. |
Azan və ya əzan[1] (ərəbcə: الأذان) — müsəlmanları ibadətə çağıran, ibadət vaxtının yetişdiyini xəbər verən vasitə.
Azan məsdər olub, lüğətdə "bildirmək, eşitdirmək, çağrırış etmək, elan etmək" mənalarını verir. Azan ilə eyni kökdən gələn müəzzin (ərəbcə: مؤذّن) tərcümədə "azan oxuyan şəxs" deməkdir. Azan oxunan yerə (minarə) isə mizənə (ərəbcə: مأذنة) deyilir. Azan kəliməsi Quranda " bilidiriş, elan" mənasında bir yerdə (Tövbə surəsi, 3. ayə), termin olaraq isə nida (ərəbcə: نداء) kökünün variasiyaları ilə iki yerdə (Maidə surəsi, 58. ayə; Cümə surəsi, 9. ayə) verilmişdir.
Namaz Məkkədə fərz edilsə də ilk azan 622-ci ildə Mədinədə Məhəmməd peyğəmbərin göstərişi ilə səhabə Bilal Həbəşi tərəfindən oxunmuşdur. İslam mənbələrinin yazdığına görə Abdullah ibn Zeydə yuxuda azanın sözləri öyrədilmişdi. Gördüyü yuxunu Məhəmməd peyğəmbərə nəql edincə, Ömərin də eyni yuxunu gördüyü məlum olur və Məhəmməd peyğəmbər Bilala göstəriş verərək belə deyir:[2]
"Ey Bilal qalx ve Abdullah ibn Zeydin nəql etdiklərini tətbiq et!”
Məhəmməd peyğəmbərin azanla belə demişdir:[3]
“Azanı eşitdiyiniz zaman müəzzinin dediklərini (sözbəsöz) təkrarlayın. Sonra mənə salavat və salam göndər. Çünki kim mənə salavat və salam göndərsə, Allah ona on qat rəhm edər. Sonra mənim üçün Vəsilə istəyin. O, cənnətdəki məqamdır. Şübhəsiz ki, Allahın bəndələrindən birinə məxsusdur. Ümid edirəm ki, ona yetişə biləcəyəm. Kim mənim adıma Allahdan vəsilə istəsə, mənim şəfaətim ona vacib olar”.
Məhəmməd peyğəmbər başqa bir hədisdə isə belə demişdir:[4]
“Kim azanı eşitdiyi zaman: “Ey bu mükəmməl dəvət və duanın Rəbbi! Hz. Məhəmmədə Vəsilə və fəzilət ver. Onu vəd etdiyin həmd məqamına yüksəlt! Onu vəd etdiyin Məqamı Mahmud üzərinə həşr et! Desə, Qiyamət günü onun üçün mütləq şəfaətçi olaram”.
Şiə müsəlmanlar azan oxunarkən "əşhədu ənnə Muhəmmədən rasulullah!"dan sonra 2 dəfə "əşhədu ənnə əmirəl mömininən Əliyyən vəliyullah" (şəhadət verirəm ki, Əli Allahın vəlisidir) oxumağı yaxşı hesab edirlər.[5]
Azan məqam üzərində oxunur. İran, Səudiyyə Ərəbistanı və Misirdə azan sadəcə Hicaz və Rast məqamlarında oxunur. Türkiyədə isə bu məqamların sayı 15-ə çatır.[6] Beləki hər azan bir məqamda oxunur:[7]
Sünnilərdən fərqli olaraq şiələr azana "hayyə alə xayril əməl" və "əşhədu ənnə əmirəl mömininən Əliyyən vəliyullah" sözlərini əlavə edirlər. Şiə alimləri "hayyə alə xayril əməl" sözlərinin azanın bir parçası olduğu haqqında həm fikirdirlər. Şiə alimlərə görə bu sözlər xəlifə Ömər tərəfindən, insanların namazı cihaddan üstün tutub, cihaddan üz döndərmələri qorxusu ilə azandan çıxarılmışdır.[8] Şiələr, Ömərin belə dediyini nəql edirlər:
"Peyğəmbərin vaxtında mövcud olan üç şeyi yasaqlayıram. Onları edənləri cəzalandıracağam. Bunlar: mütə nikahı (siğə), təməttu (eyni mövsümdə həm ümrə, həm də həcc) həcci və "hayyə alə xayril əməl"dir."[9]
Bəzi şiə alimləri yuxarıdakı sözlərin Təftazaninin əsərində də keçdiyini misal çəkərək, Ömərin azanı təhrif etdiyini, sünnilərin də bunu qəbul etdiyini iddia edirlər.[10] Lakin sünni mənbələrində Ömərin azanla bağlı bir qadağasından bəhs olunmur.[11][12]
"Hayyə alə xayril əməl" sözlərinin azanın bir parçası olduğu haqqında həm fikir olan şiə alimləri, "əşhədu ənnə əmirəl mömininən Əliyyən vəliyullah" sözləri haqqında yekdil fikirə sahib olmayıb, müxtəlif fikirlərə sahibdirlər.[13]
Büveyhilər dövrü:
Bu dövrün həm sünni, həm də Şiə mənbələrində "... Əliyyən vəliyullah" ifadələri azanda müşahidə olunmur.[13] Əxbəri və şiələrin ilk hədis alimi Kuleyni öz əsərində azanla bağlı müxtəlif höküm və məlumatlardan bəhs etsə də "... Əliyyən vəliyullah" ifadələlrindən bəhs etməmişdir. Şiə alimlərdən bu ifadədən ilk bəhs edən Şeyx Səduq olmuşdur. Şeyx Səduqun əsərində keçən azanın, sünni azanındən tək fərqi "hayyə alə xayril əməl" sözləridir. Şeyx öz əsərində "... Əliyyən vəliyullah" sözləri haqqında belə demişdir:
"Azanın düzgün forması budur. Onda heç bir çatışmazlıq və ya artıqlıqdan söhbət gedə bilməz. Allah Mufəvvidəyə (red - radikal şiə qrupu) lənət eləsin. Bəzi rəvayətlər uyduraraq, azanda iki dəfə oxunmaq şərti ilə “Muhəmmədun” və “əlu Muhəmmədin hayrul-bəriyyə” ifadələrini əlavə etmişlər. Bir rəvayətə görə azana "əşhədu ənnə əmirəl mömininən Əliyyən vəliyullah" ifadəsini, başqa bir rəvayətə görə isə "əşhədu ənnə əmirəl mömininən Əliyyən əmirul-mömininə" ifadəsini əlavə etdilər. Bunda heç bir şəkk-şübhə yoxdur ki, Əli Allahın vəlisi və həqiqi əmiridir. Məhəmməd və onun ailəsi bütün varlıqların ən üstünüdür. Lakin yuxarıda əlavə edilən ifadələr qətiliklə əsl azanda yoxdur. Kitabımda bu rəvayətləri qeyd etməyimin səbəbi təfvizlə (red - radikallıq) ittiham olunanların və özlərini bizdənmiş kimi göstərməyə çalışanların bizdən olmadığını sübuta yetirməkdir."[14]
Göründüyü kimi, Büveyhilər dövrünün şiə alimləri "hayyə alə xayril əməl"i azanın bir hissəsi kimi qəbul etsələr də "... Əliyyən vəliyullah"ın azana əlavə edilməsini qəbul etməyib, bunu müzakirə etməyə belə ehtiyac duymayıblar.[13]
Elxanilər dövrü:
Bu dövrün şiə alimləri azandakı "... Əliyyən vəliyullah" sözləri haqqında özlərindən əvvəlki şiə alimləri kimi düşünürdülər. Muhəqqiq Ərdəbiliyə görə bu sözlər azanda işləndilməməlidir. Yəhya ibn Səid əl-Hilli bu sözlərin şaz rəvayətdən qaynaqlandığını və bu səbəblə bu sözlərdən istifadə edilməməli olduğunu vurğulamışdır.[13]
Səfəvilər dövrü:
Bu dövrdə azana "... Əliyyən vəliyullah" sözləri əlavə edilmiş və bunun dini zəmini hazırlanmışdır. Bunun əsas səbəbi sünnilərə qarşı həyata keçirilən təzyiq, təhdid və qətl aktlarını dəstəkləməkdir.[13] Bu dövrdə bu sözləri azana əlavə edəndə şiə alimi Məclisi Əvvəl olaraq tanınan Məhəmməd ibn Əli əl-Məclisidir.[13]
Qacarlar və sonrakı dövrlər:
Qacarlar dövründəki şiə alimləri Səfəvilər dövründəki şiə alimlərin fikirlərini dəstəkləyirdilər. Sonrakı dövrlər də isə vəziyyət dəyişmişdir. XIX əsrin şiə almləri bu sözlərin azanda oxunmasını rədd edirdilər. Yenə həmin əsrdə hindistanlı şiə alimləri xalqı azanda bu sözləri deməmələri üçün cəsarətləndirirdilər.[13]