Azərbaycanda təhsil

Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili 10 yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili, əsasən, ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollecali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.

Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi.

Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X–XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı.

Eramızın XIII–XIV əsrlərində təhsil və elm sahəsindəki canlanma və inkişaf, bir sıra tanınmış təhsil ocaqlarının fəaliyyəti diqqəti cəlb edir. Onlardan Təbrizdə "Qazaniyyə", "Fələkiyyə", "Şeyx Kəmaləddin Xocəndi", "Dəməşqiyyə", "Qazi Şeyx Əli", "Məqsudiyyə", "Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri geniş fəaliyyət göstərmişlər. Şənbi-Qazanda "Şəfeiyyə" və "Hənəfiyyə" mədrəsələri olmuşdur. Bakıda "Şah məscidi" yanında mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdindəki "Darül-irşad", Dərbənddə məhəllə məscidi yanındakı mədrəsənin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi.

İçərişəhərdə İmamqulu mədrəsəsi

Bu dövrdə orta təhsillə yanaşı, geniş ərazidə tanınmış ali təhsil müəssisələrinin də fəaliyyət göstərdiyi xəbər verilir. Təbrizdə "Rəbi-Rəşididə" darülfünunu Yaxın və Orta Şərqin ən böyük təhsil ocağı idi. Bu ali məktəbdə 7 min tələbə təhsil alırdı. Burada Çin, Hindistan, Misir və Suriyadan dəvət olunmuş 500 nəfər alim tədris işilə yanaşı, həm də əhalinin müalicəsilə məşğul olmuşlar. Darülfünunda təbiətşünaslıq, fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat şöbələri fəaliyyət göstərirdi. Bu müəssisə həm də zəngin kitabxanası ilə də sayılır, seçilirdi. Tədris ərəb, fars və Azərbaycan dillərində aparılırdı.

Parisdə təhsil alan azərbaycanlı tələbələr, 1920-ci il

XVI–XVII əsrlərdə elmlə yanaşı təhsil də inkişaf etmiş, bir sıra yeniliklər baş vermişdir. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də təlim-təhsil məsələlərinə din xadimləri rəhbərlik edirdi. Tələbələr yenə də məscidlərdə, şəxsi evlərdə təşkil edilən məktəb və mədrəsələrdə təhsil alırdılar. Uşaqlar əvvəlcə ana dilində, yuxarı siniflərdə isə ərəb və fars dillərində təhsillərini davam etdirirdilər. Əlifbanı tamam- kamal öyrəndikdən sonra "Quran"ı əzbərləyirdilər. Təhsil ocaqlarında ilahiyyat dərsi geniş tədris edilsə də, ictimai və təbiət elmləri də keçilirdi. Eyni zamanda astronomiya və riyaziyyat elmlərinin tədris edilməsi barədə də xəbər verilir[64]. XVIII əsrdə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə, Şamaxıda 40-a qədər məktəb və 7 mədrəsə, Ərdəbildə Şeyx Səfi məqbərəsində xüsusi mədrəsə fəaliyyət göstərmişdir.[1]

XVIII əsrdə olduğu kimi, XIX əsrin əvvəllərində də təhsil müsəlman ruhanilərinin təsir dairəsində idi. Məscidlərin və digər dini ocaqların nəzdində məktəb və mədrəsələr yetərincə fəaliyyət göstərirdi. Çoxillik ənənəvi təhsil öz işini, inkişafını davam etdirirdi. Lakin zamanın tələbinə uyğun olaraq qabaqcıl və daha mütərəqqi təhsilə böyük ehtiyac duyulurdu. 1829-cu ildə təqdim olunan təhsil nizamnaməsi bu vacib məsələni bir qədər də tezləşdirdi. Tədricən Gəncə, Qazax, Şəki, Şuşa, Naxçıvan, Ordubad, Şamaxı, Bakı, Quba, Lənkəran və digər qəza məktəbləri yarandı və fəaliyyətə başladı. Bu ikisinifli məktəblərdə şəriət, qiraət, hüsnxət, hesab, rus və Azərbaycan dili tədris edilirdi.

İbtidai təhsil

[redaktə | mənbəni redaktə et]

İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq, yazmaq və hesablama qabiliyyəti yaratmaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətləri formalaşdırmaqdan ibarətdir. İbtidai təhsil müvafiq təhsil proqramına (kurikulumuna) əsasən həyata keçirilir. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlayır və birinci-dördüncü sinifləri əhatə edir.

Ümumi orta təhsil

[redaktə | mənbəni redaktə et]

Ümumi orta təhsilin məqsədi şagirdlərdə şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrakı fəallığın və məntiqi təfəkkürün formalaşmasını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərin yaradılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. Ümumi orta təhsil beşinci-doqquzuncu sinifləri əhatə edir. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Ümumi orta təhsil pilləsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran şagirdlərə müvafiq dövlət sənədi — attestat verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır

Tam orta təhsil

[redaktə | mənbəni redaktə et]
Orta təhsil haqqında Attestat

Tam orta təhsil pilləsində şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması, onların müstəqil həyata və peşəseçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması və tolerantlığı, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.

Tam orta təhsil ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu — on birinci sinifləri əhatə edir və bu pillədə təhsil alanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticəsinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd — attestat verilir. Tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.

İlk və orta peşə-ixtisas təhsili

[redaktə | mənbəni redaktə et]

İlk peşə-ixtisas təhsili ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq peşə-ixtisas təhsil müəssisələrində, ayrı-ayrı təşkilat, müəssisə, əmək birjaları, məşğulluq idarələri və s. qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.

İxtisas təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında təşkil olunur. İlk peşə-ixtisas məktəblərini ümumi orta təhsil bazasında bitirənlərə ixtisas sertifikatları ilə yanaşı tam orta təhsil haqqında müvafiq dövlət sənədi — attestat verilir.

İxtisas təhsili ümumi orta məktəb təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, istehsal və xidmət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta təhsilli mütəxəssis hazırlığını təmin edir.

Orta peşə-ixtisas təhsili əsasən kollec və ali təhsil müəssisəsinin müvafiq strukturlarında həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsi verilməklə başa çatır. Ümumi orta təhsil bazasından orta peşə-ixtisas təhsili müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar. Orta peşə-ixtisas təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında təşkil olunur. Orta peşə-ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd — diplom verilir.

Orta peşə-ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daxil olma hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

Ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pilləlidir:

Birinci pillə – bakalavr;
İkinci pillə – magistratura;
Üçüncü pillə – doktorantura.

Bakalavr təhsil pilləsində ayrı-ayrı istiqamətlər üzrə geniş profilli ali təhsilli mütəxəssis hazırlığı həyata keçirilir. Ali təhsilin bakalavriat pilləsini bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsil pilləsini bitirmiş məzunların əmək fəaliyyəti sahəsi elmi-tədqiqatali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla bütün digər sahələri əhatə edir.

Azərbaycan vətəndaşları üçün Bakalavr təhsil səviyyəsinə qəbullar DİM — (Dövlət İmtahan Mərkəzi) Nəticəsi ilə qəbul olunsada xarici vətəndaşlar üçün Azərbaycan Respublikası universitetlərinə bütün təhsil səviyyələri üzrə imtahansız qəbullar mümkündür.

Həmçinin Azərbaycan vətəndaşlarıda xaricdə təhsil şirkətlərinə müraciət edib heç bir imtahan vermədən xarici universitetlərə qəbul ola bilirlər. Vətəndaşlar xaricdə təhsil təhsil məsləhətçilərinə və ya xaricdə təhsil şirkətlərinə üz tututur.

Magistratura təhsil pilləsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan ali təhsilli mütəxəssis hazırlanır. Magistratura təhsili magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır və həmin dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş məzunlara "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. Ali təhsilin hər bir pilləsini müvəffəqiyyətlə bitirmiş məzununa müvafiq qaydada dövlət nümunəli sənəd — diplom verilir.

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasında doktorantura iki pilləlidir və aşağıdakı elmi dərəcələr müəyyənləşdirilir:

  1. Fəlsəfə doktoru elm sahələri göstərilməklə;
  2. Elmlər doktoru elm sahələri göstərilməklə.

Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturanın birinci pilləsinə magistr və ona bərabər tutulan mütəxəssislər, ikinci pilləsinə isə fəlsəfə doktorları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada qəbul olunurlar. Fəlsəfə və elmlər doktoru elmi dərəcələrinin verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin qəbulu Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, həmçinin ödənişli əsaslarla ali təhsil müəssisəsi ilə əcnəbi arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

Doktoranturada təhsilini başa vuran və müvafiq elmi dərəcə alan şəxslərə müəyyən olunmuş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd — diplom verilir.

Azərbaycan Respublikasında elmi dərəcələrin verilməsi dissertantura yolu ilə də reallaşdırılır. Dissertanturaya ali təhsil müəssisələrində və elmi təşkilatlarda çalışan elmi-pedaqoji kadrlar qəbul olunurlar. Dissertanturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

  1. "Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]