Ağciyər sorucusu

Ağciyər sorucusu
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{Plathelminthes}}, taksonun sistematikasını təsvir etməlidir Plathelminthes.
???:
Ağciyər sorucusu
Beynəlxalq elmi adı
  • Paragonimus westermani

Ağciyər sorucusu (lat. Paragonimus westermani) digenetik sorucular və ya trematodlar sinifinə daxil olan parazit qurdlardır.

Ağciyər sorucusunun bədəni yumurta formasındadır, canlı halda qonur-qırmızı, ölmüş halda isə boz-qonur rəngdə olur. Bədənin uzunluğu 10-16, eni 4-8 mm-dir. Kutikula çoxlu miqdarda enli formada pulcuğaoxşar tikancıqlarla örtülmüşdür. Hər iki sormac eyni ölçüdə olur. Quruluşlarında əsas xarakter xüsusiyyət balalığın və yumurtalığın bədənin orta hissəsində - qarın sormacının yan tərəflərində yerləşməsidir. Sarılıqlar çox yaxşı inkişaf etmişdir. Bağırsağın şaxələri çox qıvrılmışdır. Qarın sormacının arxa və yan tərəflərində bir tərəfdən yumurtalıq, digər tərəfdən isə boruşəkilli balalıq yerləşir. İki ədəd beş-paylı toxumluq balalığın və yumurtalığın arxasında yerləşir. Toxumluqlar arasında yoğun və uzun ifrazat orqanı vardır, cinsiyyət dəliyi qarın sormacının arxa nahiyəsində yerləşir.

Parazit əsas sahib olan insanın, pələngin, pişiyin, itin və donuzun xırda bronxlarında cüt-cüt yaşayaraq (bəzən qaraciyər, əzələ və beyində də ola bilər) paraqonimoz xəstəliyini törədir. Parazit sahib orqanizmdə müdafiə reaksiya-sı yaratdığından, o, qalın divarlı, fibrioz mənşəli örtüklə əhatə olunduğundan kiçik kapsul əmələ gətirir. Kapsulun içərisində parazit cüt yerləşir. İnkişaf dövriyyəsi. Parazitin əsas sahibi insan, it, pişik və donuz, birinci aralıq sahibi şirin su ilbizi, ikinci aralıq sahibi isə xərçəngdir. Axırıncı sahibdən bəlğəmlə və ya bağırsaq vasitəsilə uzunluğu 0,08-0,11 və eni 0,04-0,06 mm olan qızılı-qonur rəngli yumurtalar (xəstə bəlğəmi udduqda) xaricə düşür. Yumurtanın inkişafı üçün mütləq su mühiti lazımdır. Suya düşmüş yumurtadan optimal temperaturda 3-6 həftə ərzində mirasidi xaric olur və fəal surətdə özünün birinci aralıq sahibinə - Semisulcosrira cinsindən olan ilbizlərə daxil olur. İlbizdə mirasidi sporosistaya çevrilir. Sporosistadan ana redi və qız redilər əmələ gəlir. Qız redilərdə isə serkari formalaşır. Serkari kutikulyar stiletə və sahibə daxil olmaq üçün əridici xüsusiyyəti olan daxilolma vəzisinə və quyruğa malikdir. Ona görə də ilbizdən xaric olan serkari əvvəlcə substrat üzərində sürünərək hərəkət edir. Serkari birinci aralıq sahibdən, yəni ilbizdən xaric olaraq özünün ikinci aralıq sahibi olan xərçəngin (Astacus yaponicus, A. similis) və ya şirin su yengəcinin bədəninə daxil olur, onun əzələlərində, qaraciyərində və ya qəlsəmələrində sistalaşır. Burada metaserkari 6 həftə qaldıqdan sonra invazion mərhələyə keçir. Axırıncı sahib olan pişik, it, donuz bir sıra vəhşi heyvanlar və insan invazion ikinci sahib orqanizm-xərçəngi yedikdə yoluxma baş verir. İnsanın mədə-bağırsaq sisteminə daxil olmuş metaserkari onikibarmaq bağırsaqda əhatə olunduğu möhkəm örtükdən azad olur, sürfə bağırsağın divarından keçərək bədən boşluğuna düşür. Burada parazit çox mürəkkəb miqrasiya yolu ilə plevra boşluğuna və ağciyərlərə keçir. Ağciyərlərə diafraqma və qanla keçməsi ehtimal olunur. Ağciyər bronxlarına daxil olmuş paraziti çoxlu leykositlər, o cümlədən eozinofillər əhatə edərək, fibroz toxuma əmələ gətirir ki, nəticədə içərisi maye ilə dolu olan kisəşəkilli boşluq yaranır. Bu boşlu-ğun və ya kisənin içərisində 1-2 və ya bir neçə parazit və onları əhatə edən qırmızı irin xarakterli maye olur. Bu kisəciklər iri noxud boyda, ciyərin səthində qabarcıq şəklində özünü təzahür etdirir. Qabarcıqlar bəzən bir-birilə birləşərək böyük boşluq əmələ gətirir, bronxun genişlən-məsi simptomunu yarada bilir. Ağciyərlərin zədələnməsi diffuzformalı sirrozun inkişafına səbəb olur. Xəstəlik özünü xroniki olaraq, adətən, səhərlər bərk öskürəklə təzahür etdirir. Parazit ağciyərlərdəki qan damarlarını zədələdikdə bəlğəmdə qan görünür. Xəstəlik ağırlaşanda plevrit halı da gözlənilir. Xəstəliyin xroniki halı parazitin insana yoluxmasından 2-3 ay keçdikdən sonra başlayır. Məhz bu zaman parazit cinsi yetişkənliyə çatır. İntoksikasiya ilə əlaqədar olaraq xəstədə bədən temperaturu 39 °C-yə çatır. Bu zaman gündə 500 ml irinli və qanlı bəlğəm ifraz edilir. Xəstənin döş nahiyəsində şiddətli ağrılar, təngnəfəslik, ağciyər qansızmaları və s. baş verir. Xəstəliyin ən ağır hallarından biri də parazitin və onun yumurtasının baş beyin yarımkürəsinə düşməsidir. Bu zaman xəstədə ensefalit və meninqoensefalit simptomu özünü göstərə bilər. İfraz olunan bəlğəmin tərkibində parazitin yumurtası olur. Məhz bu yumurtalar suya düşür, yeni inkişaf dövriyyəsinə başlanğıc verir. Xəstəlik Çində, Yaponiyada, Koreyada, Tailandda, Filippində, Qərbi Afrikada geniş yayılmışdır. Rusiyanın Uzaq Sibir hissəsində qismən rast gəlinir.

  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı - 2008, 839 səh.