Bıçaq — əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır və iki və daha artıq tilə malik olur. Bıçağın uc hissəsi biz olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til nəzərə çarpır.
Qədim bıçaqlar Paleolit dövründən məlumdurlar. İlk bıçaqlar daşdan hazırlanırdı. Sonradan bıçaqlara ağacdan dəstək bağlanmağa başlayırlar. Obsidian kimi dağ suxurlarından istifadə daha iti tilə malik bıçaqların hazırlanmasına imkan yaradır. Sümükdən, bambuk ağacından hazırlanmış bıçaqlar da geniş yayılmışdır. Təxminən 5 min il öncə insanlar metalın emalını mənimsəyir və bıçaqları bürünc və misdən hazırlamağa başlayır. Cənubi Amerika bölgəsində qızıldan hazırlanan bıçaq növlərinə də rast gəlinir. Dəmir dövrünün başlanması ilə bu materialdan hazırlanmış bıçaqlar digərlərini sıxışdırmağa başlayır. Sənaye inqilabından sonra əl ilə hazırlama texnologiyası zavodlarla əvəz olunur. Nəticədə bıçaqların konstruksiyası və materialı təkmilləşdirilir.
2005-ci ildə "Forbes" jurnalı öz oxucuları arasında insanlığın inkişafına ən çox təsir göstərən əşyalar haqqında sorğu keçirmişdir. Sorğunun nəticəsinə görə bıçaq birinci yerlərdən birini tutmuşdur.