Bakuloviruslar (Baculoviridae) –onurğasız heyvanları, başlıca olaraq buğumayaqlıları zədələyən viruslar fəsiləsi.
2 cinsi, təqribən 100-ədək növü var. Çubuqşəkilli virus hissəcikləri (virionlar) təqribən 10 müxtəlif zülalın daxil olduğu lipoprotein qılafından və özək, yaxud nukleokapsiddən (uz. 200–450 nm, diametri 30–100 nm) ibarətdir. Sonuncu həlqəvi ikisaplı DNT molekulu (virusun genomu) və bir zülal növü ilə təmsil olunmuşdur. Genom, əksəriyyəti virionların tərkibinə daxil olmayan, lakin virusların çoxalması üçün zəruri sayılan 100–200-ədək zülalı kodlaşdırır. Virus DNT-sinin sintezi və nukleokapsidlərin əmələ gəlməsi yoluxmuş hüceyrənin nüvəsində baş verir. Bu zaman nukleokapsidlərin çoxu 15-dən artıq zülalın iştirakı ilə formalaşan spesifik törəmələr – okklyuzilər şəklində nüvə də qalır. Qalan hissədən hüceyrədən xaricə çıxan virus hissəcikləri əmələ gəlir. Virus hissəcikləri plazmatik membranların fraqmentlərini tutaraq onları öz qılaflarına birləşdirir. Bakulovirusdan gen terapiyasında genetik informasiya daşıyıcıları kimi istifadə olunur.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 94. ISBN 978-9952-441-07-9.