Bakıya hücum | |
---|---|
alm. Anschlag auf Baku | |
Janr | Triller |
Rejissor | Frits Kirçof |
Prodüser | Hans Veydemann |
Əsərin müəllifi | Robert Barberske |
Ssenari müəllifləri |
Hans Volfqanq Hillers Hans Veydemann |
Baş rollarda |
Villi Frits Rene Deltqen Frits Kampers Hans Zeş-Ballot |
Operator | Erix Kobler |
İstehsalçı | UFA |
İlk baxış tarixi | |
Müddət | 91 dəqiqə |
Büdcə | 3.085.000 reyxsmark |
Ölkə | Almaniya |
Dil | Alman dili |
İl | 1942 |
Rəng | Rəngsiz |
IMDb | ID1365519 |
Bakıya hücum (alm. Anschlag auf Baku) — 1942-ci ildə çəkilmiş Almaniya triller filmi. Frits Kirçofun rejissorluğu, Hans Volfqanq Hillers və Hans Veydemannın ssenaristliyi ilə "UFA" tərəfindən çəkilən filmin baş rollarında Villi Frits, Rene Deltqen və Frits Kampers var.
Film İkinci Dünya müharibəsi dövründə çəkilmişdi və Anqlofobiyanı təbliğ edirdi. Filmin səhnə dizayneri Otto Hunte dövrünə görə çox uğurlu hesab edilirdi və filmdəki fəaliyyətinə görə çox təriflənmişdi.[1] Filmin çəkilişləri Rumıniyada və Berlin şəhərindəki Babelsberq film studiyasında baş vermişdir.
Filmin çəkilişləri 4 noyabr 1940-cı ildə, Barbarossa əməliyyatının hazırlandığı dövrdə başlamışdır. Filmin dünya premyerası 18 avqust 1942-ci ildə baş tutdu. Filmin səhnəyə qoyulmasından 3 gün sonra isə Nasist bayrağı Elbrus dağına sancılmışdı. Filmin başqa bir premyerası isə Fransada, 11 mart 1943-cü ildə olub. Filmin çəkilişləri o dövr üçün fenomenal idi. 3.085.000 reyxsmarkdan (50.000.000 Azərbaycan manatı) daha çox başa gələn filmin qazancı gözlənilməz dərəcədə az olmuşdu.[2]
Filmin əsas mövzusu Bakı və onun neft sənayesidir. Hadisələr 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərində keçir. İlk səhnələrdə Bakıdakı maqnatlar var: Corc Kemps (Paul Vildt), Mister Yensen (Erix Ponto), Mister Hanson (Valter Yansen) və Mamulyan (Aribert Veşer). Filmin baş rolu isə Hans Romberqdir (Villi Frits). Hans Birinci Dünya müharibəsində ruslara əsir düşür və inqilabdan sonra həbsdən azad olub Bakıya işləməyə gəlir. O, burada neft maqnatı Kempsin şirkətində işləməyə başlayır və təhlükəsizlikdən məsul olur. Milyonerlərin neft mədənlərinə tez-tez hücumlar baş verir. Hans bu hadisələrdən ingilislərin məsul olduğunu bilir. O, Corc Kempsin qızı Silviya Kempsə (Lotte Koç) aşiq olur.
Filmin antaqonisti Britaniya hərbçisi Persi Forbsdur (Rene Deltqen). Onun da Silviyadan xoşu gəlir, həmçinin gizlin şəkildə neft maqnatlarının torpaqlarını ələ keçirmək istəyir. O, hətta neft buruqlarında partlayışlar da təşkil edir. Bu vaxt Romberq yaralanır. Partlayışdan sonra Persi Forbs Bakının polis rəisi Barakovla (Hans Zeş-Ballot) görüşür və ona təhlükəsizlik üçün Osmanlı ordusunun şəhərə dəvət etməsini təklif edir. Dəvəti alan Osmanlı hərbçiləri Bakı şəhərinə daxil olir. Küçələrdə Osmanlı və Azərbaycan bayraqları dalğalanır. Çox keçmədən ara yerə qarışır. Bu dəfə ingilis agentlərinin təhriki ilə ermənilər və azərbaycanlılar bir-birlərini qırmağa başlayırlar. Forbs bu dəfə başqa bir təkliflə gəlir – Bakının Böyük Britaniya ordusuna verilməsi. Çox keçmədən Forbs özünü Bakının qubernatoru elan edir və bütün hakimiyyəti əlinə alır.
Barakov bir müddət sonra öz səhvini başa düşür və Romberqin köməyini istəyir. Romberq yerli əhalini təşkilatlandırır və onlar birlikdə ingilisləri Bakıdan qovurlar. Hans Romberqin yeganə xəyalı isə Almaniyaya qayıtmaqdır.
Aktyor | Rol |
---|---|
Villi Frits | Hans Romberq |
Rene Deltqen | Persi Forbs |
Frits Kampers | Matias Ertl |
Hans Zeş-Ballot | Barakov |
Paul Vildt | Corc Kemps |
Lotte Koç | Silviya Kemps |
Erix Ponto | Yensen |
Aribert Veşer | Mamulyan |
Valter Yansen | Hanson |
İoahim Brennek | Əli Baba |
İosif Kamper | Zolak |
Vilhelm Köniq | Zatul |
Heynrix Marlov | Lord Seymur |
Hellmut Helziq | Riçard Tuinninq |
Piter Elşots | Britaniya leytenantı |
Nikolay Kolin | Rus ofisiant |
Aruz Vartan | DTK cəsusu |
Aktyor | Rol |
---|---|
Villi Martens | Yansenin vəkili |
Brosi Alekin | Osmanlı zabiti |
Ancelo Ferrari | Osmanlı zabiti |
Herbert Gernot | Osman bəy |
Erik Radolf | Forbsun xidmətçisi |
Fred Göbel | Britaniya agenti |
Artur Reynhardt | Britaniya agenti |
Niko Turof | Britaniya agenti |
Kurt İller | Britaniya agenti |
Kart Yüstel | Britaniya agenti |
Günter Balye | Yansenin katibi |
Herbert Şolz | Sui-qəsdçi |
Verner Völger | Sui-qəsdçi |
Piter Buss | Sahibkar |
Yulius Hermann | Sahibkar |
Erix Valter | Qreqor |
Lula Şaxnovski | Rəqqas |
Filmin çəkilişləri 4 noyabr 1940-cı ildə, Barbarossa əməliyyatının hazırlandığı dövrdə başlamışdır. Rejissor Kirçof Bakıya müəyyən qədər oxşayan bir şəhər lazım idi. Almaniyada belə bir ərazi yox idi. Buna görə də həmin səhnələr üçün Rumıniyanın Moreni və Beykoy şəhərləri seçildi. Digər səhnələr isə Polşa və Almaniyada çəkilirdi. Filmdəki əsgərlər Rumıniya krallığının öz ordusundan çəkiliş üçün ayırdılığı 900 nəfər əsl əsgər idi. Filmin inandırılıcığı üçün həqiqətən neft buruqları partladıldı və yanğınlar törədildi – ətraf kəndlərin camaatı isə partlayış səslərindən təəccüblənirdilər.[3]
Filmdəki bütün aktyorlar avropalı idi. Filmin musiqisi ilə məşhur Avstriya bəstəkarı, Berlin filarmoniyasının konduktoru Aloiz Melixar məşğul olub.
"Film-Kurier" jurnalında film haqda "Alman və müttəfiq qoşunlar Qafqazın neft yataqlarına daha dərindən daxil olanda, əlbəttə ki, "Bakıya hücum" adlı film başdan sona qədər xüsusi maraq doğurur" yazılmışdır.[4] Avstriya yazıçısı Key Veniqer filmi "qəhvəyi rəngli propaqanda istehsalı" adlandırmışdır.[5]