Balkan ittifaqı

Balkan dövlətlərinin Balkan müharibələrindən əvvəl və sonrakı sərhədlərini əks etdirən xəritə.

Balkan İttifaqı — 1912-ci ildə Şərqi pravoslav krallıqlarına aid olan Yunanıstan, Bolqarıstan, SerbiyaMonteneqro dövlətlərinin həmin dövrdə Avropanın cənub-şərqinin çox hissəsinə nəzarət edən Osmanlı İmperiyasına qarşı yaratdığı dördtərəfli ittifaq idi.[1]

1900-cü illərin əvvəllərindən etibarən Makedoniyada partizan hərəkatının başlanması, ardınca Osmanlı ərazisində baş vermiş "Gənc türklər" inqilabı və Bosniya böhranı Balkanlardakı siyasi vəziyyəti bir xeyli gərginləşdirmişdi. 1911-ci ildə başlamış olan İtaliya-Osmanlı müharibəsi Osmanlı İmperiyasını zəiflətmiş, Balkan dövlətlərini isə daha da ruhlandırmışdır. 13 mart 1912-ci ildə Serbiya və Bolqarıstan krallıqları Rusiya imperiyasının təsiri altında Avstriya-Macarıstan əleyhinə birgə fəaliyyət göstərmək məqsədilə ittifaq müqaviləsi imzaladı.[2] Həmin müqavilə əslində Avstriya-Macarıstana qarşı imzalansa da, onun gizli maddələrindən birində bu ittifaqın Osmanlı İmperiyası əleyhinə fəaliyyət göstərəcəyi də qeyd olunurdu.[3] Bunun ardınca, Serbiya ilə Monteneqro və Bolqarıstanla Yunanıstan arasında da eyni ikitərəfli ittifaq müqavilələri imzalandı. Bu ittifaq 1912-ci ilin oktyabrında başlamış Birinci Balkan müharibəsində qələbə qazandı və demək olar ki, Osmanlı İmperiyasının Avropada sahib olduğu əraziləri tamamilə işğal etdi. Bu qələbəyə baxmayaraq, ittifaq üzvləri arasındakı fikir ayrılıqları davam edirdi. Nəticədə, 16 iyun 1913-cü ildə Bolqarıstanın keçmiş müttəfiqləri üzərinə hücuma keçməsi ilə birlikdə İkinci Balkan müharibəsi başlandı.

1908-ci ilin Bosniya böhranı Balkanlarda qüvvələr balansını dəyişdirdi və növbəti hadisələr Balkan İttifaqının yaradılması ilə nəticələndi. Dövri olaraq nəşr olunan "Le Petit Journal" adlı fransız qəzetinin üz qabığı.

1856-cı ildə başa çatmış Krım müharibəsindən sonra Rusiya fikirləşirdi ki, digər böyük dövlətlər onun Aralıq dənizinə çıxış əldə etməsinə qarşı çıxmaz. Nəticədə, Rusiya İmperiyası Balkan yarımadasında yerləşən dost və müttəfiq dövlətlərlə birbaşa əlaqə yaratmaq məqsədilə işğalçı hərəkətlərə başladı. Həmin dövrdən etibarən Rusiya xarici siyasətinin əsasını təşkil edən panslavizm hərəkatı Rusiyada çar rejiminin hakimiyyətdən düşdüyü 1917-ci ilə qədər davam etdi.[4] 1877-1878-ci illərdə baş vermiş Rusiya-Osmanlı müharibəsində qalib gələn ruslar Osmanlı İmperiyasından vassal asılılığı olan muxtar bolqar knyazlığının yaradılmasına nail oldu. Oxşar şəkildə, 1876-cı ildə serbləri türklərin əlində məhv olmaqdan xilas edən Rusiya Osmanlı İmperiyasına Serbiyanın müstəqilliyinin tanınması və iki ildən sonra ərazisinin genişləndirilməsi ilə bağlı təzyiq göstərdi və istəyinə nail oldu.[5] Buna baxmayaraq, hər iki dövlət Rusiyanın himayəsini qəbul etsə də, fərqli milli arzulara sahib olan serblər və bolqarlar arasında qısamüddətli müharibə baş verdi. Balkanlarda öz nüfuzunu möhkəmləndirmək fikrində olan ruslar bu ərazidə "slavyan bloku" yaradaraq, bu blokdan Avstriya-Macarıstan və Osmanlı dövlətlərinə qarşı istifadə etməyə başladı. Rus diplomatiyası Serbiya və Bolqarıstana təzyiq göstərərək onları bir-birinə qarşı güzəştə getməyə və ittifaq formalaşdırmağa dəvət etdi.

Rusiyanın serblər və bolqarlara göstərdiyi təzyiqdən başqa, 1911-ci ildə Osmanlı hakimiyyətinə qarşı baş vermiş alban üsyanı da ittifaqın yaradılmasını sürətləndirən amillərdən oldu. Serbia və Bolqarıstan arasındakı danışıqların inkişaf etməsi ilə paralel şəkildə alban üsyanı da uğurlu oldu. 1912-ci ilin may ayında üsyançı albanların Skopyeni ələ keçirməsi və Monastır istiqamətində irəliləməsi nəticəsində Osmanlı dövləti 1912-ci ilin iyun ayında Albaniyanın muxtariyyətini tanımalı oldu. 1908-ci ilin oktyabrında Bosniyə və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən işğal olunması nəticəsində Serbiyanın şimala doğru sahəsini genişlətmək imkanları əldən çıxdı və yeganə genişləmə istiqaməti kimi cənub qaldı. Həmin istiqamətdə isə Albaniya vilayətinin formalaşması serblər üçün fəlakətli oldu. Bu səbəblə serblər alban dövlətinin yaradılmasına qarşı çıxış etdilər. Serbiya və Bolqarıstan arasındakı son razılaşmaya əsasən Osmanlı İmperiyasına qarşı baş verəcək müharibədə qalib gələcəkləri halda Kriva Palanka-Oxrid xəttinin cənubunda qalan bütün Makedoniya ərazisi Bolqarıstana verilməli idi. İkitərəfli müqavilənin digər bəndlərinə görə müttəfiqlər Osmanlıya qarşı müharibədə qalib gələcəkləri halda Kriva Palanka-Oxrid xəttinin şimalında qalan Makedoniya əraziləri, Kosova və müasir Albaniya ərazisinin şimal hissəsi Serbiyaya verilməli idi ki, bununla da serblər Adriatik dənizinə birbaşa çıxış əldə edəcəkdi. Mahiyyət etibarilə Serbiya Albaniyanı əldə etmək qarşılığında Makedoniyanı güzəştə getmək məcburiyyətində qalmışdı ki, bu məsələ də 1913-cü ilin payızında ittifaqın dağılması zamanı mühüm rol oynamışdı.

Balkan müharibələrindən əvvəl Balkan İttifaqının formalaşması dövründə Balkanlarda vəziyyət.

1878-ci ildə başa çatmış Rusiya-Osmanlı müharibəsi nəticəsində rusların dəstəyi ilə yenidən müstəqillik əldə edən Bolqarıstanın Osmanlı ilə əlaqədar uzunmüddətli siyasəti var idi. Şərqi Rumelinin öz ərazisinə birləşdirilməsi məqsədilə təşkil olunan uğurlu dövlət çevrilişindən sonra, Osmanlının nəzarətində olan çoxmillətli Makedoniya (uzun əsrlər boyunca millət adından daha çox inzibati bölgə adı kimi istifadə olunmuşdur) bölgəsində Daxili Makedoniya İnqilabi Təşkilatı adında azadlıq təşkilatı yaradıldı. Bu təşkilat öz çıxışlarında "Makedoniya əhalisinin" azadlığını qarşısına məqsəd qoyduğunu və şovinizmə meylli olmadıqlarını bildirirdi. Əslində isə bu təşkilat bolqarlar tərəfindən FrakiyaMakedoniya bölgələrinin yeni muxtar dövlətə birləşdirilməsi məqsədilə yaradılmışdı. İlkin uğurlarından sonra, Serbiya və xüsusilə Yunanıstan bu təşkilatın məqsədini başa düşdükdən sonra bolqarlar və yunanlar tərəfindən dəstəklənən silahlı qruplaşmalar arasında Makedoniya ərazisində toqquşmalar baş verdi. Bu münaqişə yalnız Osmanlı İmperiyasında "Gənc türklər" hərəkatı hakimiyyətə yüksəldikdən sonra başa çatdı. Belə ki, hakimiyyətə gələn gənc türklər Osmanlı ərazisində yaşayan bütün insanlara dinindən və milliyətindən asılı olmayaraq eyni hüquqlar veriləcəyini və islahatların baş tutacağına söz verməsindən sonra bu münaqişə də başa çatdı. Bu hadisədən sonra Bolqarıstan işğalçı siyasətini başqa üsulla davam etdirməyi qərara aldı və bu məqsədlə böyük ordu təşkil etməyə başladı.[6] Buna baxmayaraq, bu da aydın məsələ idi ki, Bolqarıstan Osmanlıya qarşı başlayacağı müharibədə tək başına qalib gələ bilməyəcəyi bəlli idi. Bolqarıstanla Serbiya arasında imzalanmış ittifaq müqaviləsinə əsasən serb qoşunları Makedoniyanın ələ keçirilməsində iştirak etməli idi, bolqar qoşunları isə Frakiya bölgəsində yerləşən Ədirnəİstanbul şəhərlərinin işğalını qarşısına məqsəd qoymuşdu.

1909-cu ilin avqustunda Yunanıstanda ordu zabitlərinin həyata keçirdiyi dövlət çevrilişi nəticəsində Elefterios Venizelosun rəhbərliyi altında daha tərəqqipərvər hökumət hakimiyyətə gəlmişdi. Hakimiyyətə gələn bu yeni qüvvələr Krit məsələsini Yunanıstanın xeyrinə həll etməyə və 1897-ci ildə Osmanlıya məğlub olmalarının əvəzini çıxmağa çalışırdı. Yunanıstanın ittifaqa daxil olması ilə bağlı danışıqların getdiyi bir vaxtda Bolqarıstan tərəfi Serbiyaya döyüşəcəyi qarşılığında verəcəyi ərazi öhdəliyini aşağı effektivliyə sahib yunan ordusuna da vermək niyyətində deyildi. Bolqarıstan rəhbərliyinin hərbi planlamalarına və hesablamalarına görə onların məhdud sayda olan qüvvəsi Makedoniya cəbhəsində ərazinin böyük hissəsini ələ keçirmək və Saloniki şəhərini də yunanlardan daha əvvəl ələ keçirmək iqtidarında idi. Yunanıstanın Balkan ittifaqına daxil olması digər müttəfiqlər üçün də vacib məsələ idi. Belə ki, Yunanıstan Balkan dövlətləri arasında güclü donanmaya sahib olan yeganə ölkə idi və buna görə də Osmanlı qoşunlarının Asiyadan dəniz vasitəsilə Avropaya daşınmasına mane ola bilərdi. Sofiya şəhərində danışıqlarda iştirak edən yunan səfir Yunanıstanın ittifaqa daxil olması ilə bağlı belə demişdi: "Yunanıstan bu müharibə üçün 600,000 nəfər səfərbər edə bilər. Bunlardan 200,000-i quruda gedən döyüşlərdə iştirak etməli və qalan 400,000 nəfərlik hissəsi isə türklərin SalonikiGelibolu arasına dəniz vasitəsilə qoşun göndərməsinin qarşısını alacaqdı."

Ərazi baxımından çox kiçik olmasına baxmayaraq, Serbiyanın yaxın müttəfiqi olan Monteneqro ittifaqın ikinci sinif üzvü kimi qəbul olunurdu.

Balkan ittifaqının formalaşmasına kömək edən faktlardan biri də Osmanlı ordusunun aşkar effektivsizliyi idi. İtaliya qoşunlarının Tripolitaniyanı işğal etmək cəhdlərindən sonra Osmanlılar bir il müddətinə (29 sentyabr 1911-ci ildən 18 oktyabr 1912-ci ilə qədər) Liviya üzərində İtaliya ilə müharibə etmişdi. İtalyanların kiçik irəliləyişlər əldə etməsinə baxmayaraq, yerli liviyalılar tərəfindən dəstəklənən Osmanlı qoşunları gözlənilməz müqavimət göstərsə də, Osmanlı dövləti bu müharibədən tükənmiş vəziyyətdə çıxdı. Buna əlavə olaraq, İtaliyanın yunanlar tərəfindən məskunlaşmış Dodekanes adalarını (on iki ada) işğal etməsi Yunanıstanın gələcəkdə Osmanlı ilə müharibədən kənarda qalmayacağı mənasına gəlirdi.

Böyük güclərin reaksiyası

[redaktə | mənbəni redaktə et]
Balkan dövlətlərinin hərbi ittifaqını əks etdirən afişa, 1912-ci il.

Rəsmi şəkildə Avropanın böyük dövlətləri arasında Osmanlı İmperiyasının ərazi bütövlüyü ilə bağlı konsensus olsa da, qeyri-rəsmi halda həmin dövlətlərin hər biri maraqların toqquşduğu bu əraziyə müxtəlif formada yanaşırdı.

  • Rusiya imperiyası Balkan ittifaqının formalaşdırılmasında əsas qüvvə hesab olunurdu və onlar bu ittifaqdan Avropadakı əsas rəqiblərindən biri olan Avstriya-Macarıstan İmperiyasına qarşı baş tutacaq gələcək müharibədə istifadə etmək fikrində idi.[7] Lakin, ruslar bu ittifaqın üzvlərindən biri olan Bolqarıstanın Frakiya və İstanbulla bağlı planlarından xəbərdar deyildi. Hansı ki, həmin ərazilərlə bağlı Rusiyanın uzunmüddətli planları var idi və öz müttəfiqləri olan FransaBöyük Britaniya ilə əldə etdiyi gizli razılaşmaya əsasən Birinci dünya müharibəsində İttifaq dövlətlərinə qarşı müharibədə iştirak etmək qarşılığında bu ərazilər mükafat olaraq ruslara verilməli idi.
  • Fransa 1912-ci ildə özünü Almaniyaya qarşı müharibəyə hazır hiss etmirdi və öz müttəfiqi Rusiyaya açıq şəkildə bildirmişdi ki, onlar Rusiya ilə Avstriya-Macarıstan arasında Balkan ittifaqının hərəkətlərinə görə baş verəcək müharibədə iştirak etmək fikrində deyil. Fransa tamamilə Balkan ittifaqının yaradılmasının əleyhinə çıxış edirdi. Buna baxmayaraq, fransızlar Britaniya ilə birlikdə Balkanlarda münaqişənin yaranmasının qarşısını ala bilmədi.
  • Britaniya İmperiyası bir tərəfdən rəsmi şəkildə Osmanlı İmperiyasının ərazi bütövlüyünün qorunmasının tərəfdarı olduğunu bildirsə də, digər tərəfdən regionda Rusiyanın təsir dairəsini məhdudlaşdırmaq məqsədilə Yunanıstanın Balkan ittifaqına daxil olması ilə bağlı gizli danışıqlar aparırdı. Eyni zamanda, onlar Bolqarıstanı Frakiyanı ələ keçirmək məsələsində daha da ruhlandıraraq onların bu bölgəni ruslardan daha tez ələ keçirməsinə səy göstərirdi.
  • Avstriya-Macarıstan İmperiyası Adriatik dənizinə çıxış əldə etmək uğrunda mübarizə aparırdı və hər hansı başqa dövlətin bu ərazidə genişlənməyinin tamamilə əleyhinə çıxış edirdi. Eyni zamanda, onların imperiyanın əhalisinin əksəriyyətinin slavyanlardan ibarət olan bölgələrində ciddi daxili problemləri var idi. Belə ki, Avstriya-Macarıstan İmperiyasında yaşayan slavyanlar alman-macar hakimiyyətinə qarşı mübarizə aparırdı. Bosniyanı işğal etmək niyyətini gizlətməyən Serbiya Rusiyanın bölgədəki əsas müttəfiqi hesab olunurdu və Avstriyanın slavyan əhalisindən onlara qarşı istifadə edirdi.
  • Artıq Osmanlı İmperiyasının daxili məsələlərinə aşkar şəkildə müdaxilə edən Almaniya isə rəsmi şəkildə Osmanlının əleyhinə istənilən müharibəyə qarşı idi. Almanlar Bolqarıstanı da İttifaq dövlətləri sırasına daxil etmək niyyətində idi.

Osmanlı İmperiyasının zəiflədiyi və daxili məsələlərlə mübarizə apardığı bir vaxtda Balkan İttifaqı ələ düşmüş bu imkanı qaçıra bilməzdi. Müttəfiq hökumətlər öz hərbi və diplomatik hazırlıqlarını intensivləşdirmişdi. Sentyabrın son günləri ərzində artıq Balkan dövlətləri və Osmanlı İmperiyası öz ordularını müharibəyə hazır vəziyyətə gətirmişdi. 8 oktyabr 1912-ci ildə Monteneqronun müharibə elan etməsi ilə birlikdə Birinci Balkan müharibəsi başladı. Digər üç Balkan dövləti isə 13 oktyabrda Osmanlı hökumətinə ultimatum göndərdi və 17 oktyabrda müharibə elan etdi.

Birinci Balkan müharibəsindən sonra region dövlətlərinin ərazi dəyişiklikləri.

Müharibə nəticəsində ardıcıl qələbələr qazanan birləşmiş Balkan orduları Osmanlı İmperiyasının Avropadakı gücünü zədələməyi bacarmışdı. Buna baxmayaraq, ittifaqın qalibiyyəti qısa ömürlü oldu. Birinci Balkan müharibəsində müttəfiqlərin qalibiyyət əldə etməsinə baxmayaraq, bu dövlətlər arasındakı fikir ayrılıqları, xüsusilə də Makedoniyanın bölüşdürülməsi məsələsində davam edirdi. Getdikcə artan fikir ayrılıqları Balkan ittifaqının parçalanması ilə nəticələndi. Keçmiş müttəfiqlərdən biri olan Bolqarıstanın asan qələbə qazanmaq ümidi ilə Serbiya və Yunanıstan üzərinə hücuma keçməsi ilə birlikdə İkinci Balkan müharibəsi başlandı. Serb və yunan orduları bolqarların hücumunun qarşısını alaraq, əks-hücumla Bolqarıstanın içərilərinə doğru irəliləməyə başladı. Vəziyyətdən uğurla istifadə edən Osmanlı İmperiyası və Rumıniya da Bolqarıstanın bir hissəsini ələ keçirdi. Bu müharibədən sonra imzalanmış sülh müqaviləsi nəticəsində Şərqi Frakiya Osmanlıya, Makedoniyanın çox hissəsi isə Yunanıstana birləşdirildi. Məğlub olan Bolqarıstan beləliklə Birinci dünya müharibəsi zamanı İttifaq dövlətləri tərəfində döyüşməyə qərar verdi, digər Balkan dövlətləri (Serbiya, Yunanıstan və Rumıniya) isə Antanta tərəfdən müharibəyə cəlb olundu.

Müharibə ərzində Yunanıstan kralı I Georq Saloniki şəhərində Aleksandros Şinas tərəfindən qətlə yetirildi. Bu hadisə yunanların xarici siyasət xəttinin dəyişməsi ilə nəticələndi. Yeni kral I Konstantin atasından fərqli olaraq almanlarla tərəfdaş olmaq niyyətində idi və ölkəni Birinci dünya müharibəsi zamanı neytral mövqedə tutmaq istəyirdi. Birinci dünya müharibəsinin başlaması və Antantanın Makedoniya ərazisinə hərbi müdaxilə etməsi ilə birlikdə Yunanıstan kralı və baş nazir arasındakı münaqişə kəskin vəziyyət aldı. Yunanıstandakı münaqişəli vəziyyət 11 iyun 1917-ci ildə I Konstantinin vəzifəsindən imtina etməsi ilə birlikdə dəyişdi və Yunanıstan Antanta tərəfdən müharibəyə qoşuldu.

Balkan müharibələri Rusiya-Bolqarıstan ittifaqının dağılması ilə nəticələndi. Beləliklə, Serbiya və Monteneqro Rusiyanın bu mühüm regionda yeganə müttəfiqləri olaraq qaldı.

  1. "Wars of the World; First Balkan War 1912-1913". OnWar.com. 16 dekabr 2000. 2001-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
  2. Crampton (1987) Crampton, Richard. A short history of modern Bulgaria. Cambridge University Press. 1987. səh. 62. ISBN 978-0-521-27323-7.
  3. "Balkan Crises". cnparm.home.texas.net/Wars/BalkanCrises. August 14, 2009. 2003-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
  4. Tuminez, Astrid S. Russian nationalism since 1856: ideology and the making of foreign policy. Rowman & Littlefield Publishers, Inc. 2000. səh. 89. ISBN 978-0-8476-8884-5.
  5. Frucht, Richard C. Eastern Europe: An Introduction to the People, Lands, and Culture. ABC-CLIO. 2005. 538–9. ISBN 978-1-57607-801-3.
  6. "Emile Joseph Dillon, "The Inside Story of the Peace Conference", Ch. XV". 2011-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
  7. Stowell, Ellery Cory. The Diplomacy Of The War Of 1914: The Beginnings Of The War (1915). Kessinger Publishing, LLC. 2009. səh. 94. ISBN 978-1-104-48758-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]