Bavaric — Baricah dəniz gəmilərinə görə Bavaric adlandırılan, Qucaratdan olan, Hindistan və Çinə səfər edən ərəb gəmilərini təqib edən Sind dəniz quldurları.[1]
VIII əsrin sonu və IX əsrin bir neçə onilliyi ərzində Oman sahilləri də Bavariclər tərəfindən hücumlara məruz qalırdı. Bu hücumların qarşısı İmam Həsən ibn Abdulla (809-823) tərəfindən dəf edilmişdi.[2] Bir neçə il sonra isə İmam Muhənnə ibn Cəfər bu cür hücumların qarşısını almaq üçün 300 nəfərlik donanmaya malik olduğunu qeyd edir.[3]
X əsrin sonu XI əsrdə hind dəniz quldurları daha çox tanınmağa başladılar. Ərəb coğrafiyaçısı və səyyahı Əbu İshaq İbrahim ibn Məhəmməd əl–Farisi əl-İstəxri (850—934), X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi Qətər barədə Qətəriyyə formasında məlumat verir. Onun sözlərinə görə, Qətəriyyədə Sokotra və Qırmızı dənizə yaxın adaların sakinləri məskunlaşmışdı. Bu ərazi Bavaric adlanan hind dəniz quldurlarını tez-tez ziyarət etdiyi məntəqələrdən biri idi.[1] Baricah dəniz gəmiləri cəmdə Bavaric mənasını ifadə edir. Bunu Sir Elliot da təsdiq edir. Onu da sözlərinə görə, Bavaic ərəb sözü olub, sözün kökü ərəb dilində Barica sözündəndir və böyük hərbi gəmi mənasını verir.[4]
Ensiklopediyaçı alim və mütəfəkkir Əl-Biruni yazır ki, Bavaricin əsası Kaç və Somnatda qoyulmuşdu.[5]
Samma sülaləsi dövründə İslamı qəbul ediblər. Samma sülaləsi 1335-1520-ci illərdə hakimiyyətdə olub.[6] Bavariclər barədə tarixçi, səyyah Əbülhəsən Əli ibn Hüseyn ibn Əl-Məsudi yazır ki, onlar tez-tez Sokotraya səfər edirlər. İbn Bəttutə isə yazır ki, onlar iri hərbi gəmilərdən istifadə edirdilər. Orta əsr müsəlman alimi, tarixçi, səyyah Əbu Cəfər Məhəmməd ibn Cərir Ət-Təbəri Bavariclərin 866-cı ildə 1 rəhbər (istiyam), 5 atıcı (nəffətun), 1 çörəkçi, 1 dülgər və 39 döyüşçüdən ibarət heyət ilə Bəsrəyə hücumları barədə məlumat verir.[7]
Bavaric gəmiləri hərbi məqsədlər üçün nəzərdə tutulmamışdır və daha çox abordaj üçün istifadə olunurdu. Abordaj adətən zədələnmiş düşmən gəmisini ələ keçirmək üçün tətbiq edilirdi. Hücum edən gəmi qarmaqla o birinə bağlanır və döyüşün nəticəsi əlbəyaxa vuruşmadan asılı olurdu. Uzaqvuran topların və buxar gəmilərinin meydana çıxması ilə abordaj XIX əsrdən əhəmiyyətini itirmişdir.[8][9]