Beycəsultan | |
---|---|
38°15′ şm. e. 29°42′ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Beycəsultan – Anadolunun (Türkiyə) cənub - qərbində e.ə. 5–2-ci minilliklərə aid yaşayış məskəni. 1954–59-cu illərdə S. Lloyd tərəfindən tədqiq edilmişdir. İkinci kazıntı işlərini Dr. Eşref Abayın rəhbərliyi ilə Egey Universitetinin bir qrup tədqiqatçıları aparmışdır.
Ümumi qalınlığı 25 m-dən çox olan 40 mədəni təbəqə aşkar olunmuşdur. Son Eneolitə aid təbəqələrdə (e.ə. 5-ci minillik–4-cü minilliyin ortaları) çiy kərpicdən tikilmiş düzbucaq formalı, 4-cü minilliyin ortalarına doğru isə meqaron tipli evlər və onları əhatə edən divarlar, üzəri ağ naxışlı camlar və qablar, mis bizlər, sancaqlar, xəncər qalığı, gümüş üzük aşkar olun muşdur. Keçi, qoyun, öküz, donuz və s. heyvan sümüklərinin tapılması onların əhliləşdirilməsini sübut edir. Erkən Tunc dövrünün əvvəllərinə aid təbəqələrdə (4-cü minilliyin 2-ci yarısı) meqaron tipli evlər, cilalanmış keramika, daş antropomorf heykəlciklər tapılmışdır.[1] Bu ənənələr Erkən Tunc dövrünün (3-cü minilliyin birinci yarısı) orta mərhələsinə aid təbəqələrdə də izlənilir. Qurbangahları və taxıl anbarları olan bir-biri ilə əlaqəli 2 məbəd də bu ənənə ilə əlaqədardır. 3-cü min illiyin sonlarında, ehtimal ki, luviyalıların irəliləməsi nəticəsində Beycəsultan mədəniyyətində tənəzzül müşahidə olunur.[2] Ərazidə yazılı sənədlərin arxivləri tapılmamışdır.
E.ə. 2-ci minilliyin əvvəllərində Beycəsultan içqala və hökmdar sarayının yerləşdiyi şəhər idi; üzərində heroqlif işarələri olan möhürün tapılması yazı sisteminin olduğunu sübut edir. Sarayın hett hakimi I Hattuşili tərəfindən yandırıldığı (e.ə. 1650 il) ehtimal edilir. Son Tunc dövründən əvvələ aid təbəqələrdə iri saray qalıqları və meqaron tipli evlər tapılmışdır. Tapıntılar Eneolit və Tunc dövrlərində Beycəsultan sakinlərinin yüksək mədəniyyətə malik olduğunu, qonşu ölkələrlə (xüsusilə Kiçik Asiyanın qərb hissəsindəki) əlaqələrini göstərir.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.