Bhillər

Bhillər
Blill xalqına aid uşaqlar
Ümumi sayı
Hindistan:16,908,907 (2001)
Yaşadığı ərazilər
Madhya Pradeş 5,993,921 [1]
Qucarat 4,215,603 [2]
Tripura 3,105 (2001)
Dili

Bhili

Dini

Hinduizm, islam, xristian

Bhillər,(ehtimal ki, dravid dilindəki bhil-kaman sözündəndir) - Qərbi Hindistanda qohum hind-ari xalqları qrupu.

Bhillərin etnik əsasını, ehtimal ki, yerli əhali təşkil etmişdir. Bhillər endoqam qruplara bölünürlər: qametiyalar, katariyalar, minalar, mamalar (Racəstan ştatı), pauralar, tadvilər, qarasiyalar, dholilər, vasavalar (Qucarat və Maharaştra ştatı), danqilər, mevasilər, ravallar, bhaqaliyalar, bhilalarlar (Maharaştra ştatı), barelalar, minalar (Madhya-Pradeş ştatı); racputlarla qarışıq qruplar (bhilalalar, qarasiyalar, pateliyalar, minalar) daha üstün mövqe tuturlar. Bhillər adivasi qrupuna daxildirlər. Müxtəlif mənbələrə görə onların sayları 7 mln.-dan 13 mln. nəfərədəkdir (2006).

Dilləri və dinləri

[redaktə | mənbəni redaktə et]

Hind-ari dillərinin cənub-qərb qrupuna daxil olan bhili dilində danışırlar. Yazıları devanaqari əsasındadır. Həmçinin hind, Marath, Qucarat, Racəstan dilləri yayılmışdır. Dindarların əksəriyyəti hinduistdir, təqribən 1 (bir) faizi xristianmüsəlmandır.

Bhillər haqqında ilk səhih məlumatlar IX-X əsrlərə aid racput salnamələridir. Bhil racəlikləri racputlarla (XX əsrədək bhil racələri racput hakimlərinin alınlarına hakimiyyət rəmzi olan tiku çəkmək hüququnu saxlamışdılar), moğollarla, marathlarla, ingilislərlə [[müharibələr aparmış, bəzən isə ittifaq bağlamışlar. XX əsrin I yarısında bhillərin muxtariyyət uğrunda hərəkatı formalaşdı. Ənənəvi mədəniyyətləri Cənubi Asiya xalqları üçün səciyyəvidir.

Əsas məşğuliyyətləri

[redaktə | mənbəni redaktə et]

Bhillərin əsas məşğuliyyətləri xış əkinçiliyi və heyvandarlıqdır, dağlıq yerlərdə talalarda toxa əkinçiliyi, ovçuluq (sadə kaman, bambukdan düzəldilmiş nizələr vasitəsilə), yığıcılıqdır (xüsusilə çiçək və mahua ağacının meyvələri). Hörmə sənəti inkişaf etmişdir, parça və keramikanı isə qonşu xalqlardan mübadilə yolu ilə əldə edirlər. Mövsümçülük geniş yayılmışdır.

Əhalinin sosial tərkibi

[redaktə | mənbəni redaktə et]

Çobanlar (qorilər) statusuna görə toxunulmazlara bərabər idilər; kənd təsərrüfatında çalışan fəhlələr, yarımasılı kəndlilər (halilər) və başqaları qucaratlıların, pacəstanlıların, marathların tərkibində ən aşağı kastaları təşkil edirlər. Şəhərlərdə ziyalılar mühüm mövqelərə malikdirlər.

Etnoqrafik xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yaşayış məskənləri pərakəndədir, evlərin divarları yarılmış bambuklardan hörülür. XX əsrədək kişilər bel sarğısı bağlayırdılar: qadınlar enli yubka, qısa köynək geyinir, örtükdən istifadə edirlər. Kişilər üçün silah gəzdirmək səciyyəvidir. Tatirovka yayılmışdır. Ata xətti ilə qohum olan ekzoqam nəsillərə (atak) bölgü qalmaqdadır. Ənənəvi məskənləri eyni nəslə mənsub olan yerli sakinləri başçı (qameti, mukhi, patel) tərəfindən idarə olunan ekzoqam qrup (bhala) təşkil edirlər; bir neşə bhala endoqam qrupda (pal) birləşir. Pal üzvləri özlərini gəlmələrdən (kaliyalar) fərqli olaraq "həqiqi Bhillər (paliyalar) hesab edirlər. Boşanma, təkrar evlənmə, levirat, sororat və s. adətlər var. Ölülərin şərəfinə döyüşçü təsviri olan stelalar ucaldılır. Yerli allahlara (Racə Pandha və onun arvadı Rani Pandhar; Dev Moqra dağı yanında qeyd olunan ilin əsas bayramlarından biri ona həsr edilir), əcdadlara (Baba-Dev; hər kəndin yanında onlara həsr olunmuş meşəlik - devastan var idi), şamanlara (badva) və kahinlərə sitayiş qalmaqdadır.

Şifahi yaradıcılıq

[redaktə | mənbəni redaktə et]

Allahlar haqqında miflər, etnogenetik əfsanələr, ilahə Velubai tərəfindən dünyanın yaranması haqqında nəğmələr (təbil dhakin müşayiəti ilə müğənni-qayanlar ifa edir), qəhrəmanlar haqqında mahnılar (gəzərgi müğənnilərin ifasında), sevgi mahnıları (gənc oğlanla qızın dialoqu şəklində) saxlanılmışdır. Populyar formalardan biri savanqdır (musiqi və rəqslə rəvayət). Racəstanda təqvim mərasimlərinə uyğunlaşdırılmış dairəvi rəqs-qhumar (sevgi, tərifləyici və s. mahnıların müşayiəti ilə qadın və kişilərin ifasında) yayılmışdır. Allah Bhayrayanatha sitayiş və məhsuldarlıq kultu ilə bağlı qayr (qauri) dini xoreoqrafik dramı şaravana və bhadra (iyul-avqust) aylarında kişilər tərəfindən ifa edilir; onun əsas qəhrəmanı rəqs zamanı transa düşən və hərəkətlərini parat və thali adlanan sinclərlə müşayiət edən bhoyyadır. Musiqi alətləri arasında ən çox böyük təbillər dhol və mandal,, kişik təbil durbari, qum saatı formasında olan təbil dhak; fleyta pauli, varqan qhanqlil geniş yayılmışdır. 1940-cı illərdə hind rəqqası və xoreoqrafı Uday Şankar öz tamaşalarında Bhillərin rəqs sənəti elementlərindən istifadə etmişdir.

  • Azərbaycan Milli Ensiklopediyası. IV cild. Bakı,2013. səh.7
  1. "Madhya Pradesh: Data Highlights the Scheduled Tribes" (PDF). Census of India 2001. Census Commission of India. 2008-12-19 tarixində arxivləşdirilib (PDF).
  2. "Gujarat: Data Highlights the Scheduled Tribes" (PDF). Census of India 2001. Census. 2015-09-24 tarixində arxivləşdirilib (PDF).