Birləşmiş Malay Milli Təşkilatı (BMMT; malay Pertubuhan Kebangsaan Melayu Bersatu) — Malayziyada iri siyasi partiya. Uzvlərinin sayı - 2,4 mln. nəfər.
Milli burjuaziya, iri sənayeçilər və torpaq sahiblərinin siyasi partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının əsası 1946-cı ildə qoyulmuşdur [1]. Banisi - Dato Onn. 1952-1974-cü illərdə İttifaq partiyasının tərkibinə daxil olmuşdur. Malayların milli partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının proqramının müəllifi Abdul Rahman 1951-ci ildə partiyanın rəhbəri seşildi [2]. 1952-ci ildə Malayziyanın Çin Assosiasiyası (MÇA) ilə siyasi ittifaqı yarandı və BMMT-MÇA koalisiyası paytaxta keçirilən bələdiyyə seçkilərində yerlərin 1/12 hissəsini qazanmışdır [3].
1954-cü ilin oktyabrında BMMT-MÇA ittifaqına Malayziyanın Hindistan Konqresi (MHK) də birləşdi və ölkənin iri milli icmalarının (malayların, çinlilərin və hindlilərin) maraqlarını təmsil edən İttifaq partiyasının yaradıldığı elan olundu.
1957-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra İttifaq partiyası hakim partiya oldu. 1959-cu ildə parlament seçkilərində İttifaq partiyası 104 yerdən 74-nü aldı [4], ölkənin Baş Naziri BMMT-nin rəhbəri Abdul Rahman oldu. 1964-cü ildə keçirilən növbəti parlament seçkilərində İttifaq Partiyası daha çox yer - 104 yerdən 89-nu, ştatların qanunvericilik yığıncaqlarındakı 282 yerdən isə 240-nı aldı.
1969-cu ildə keçirilən parlament seçkilərində İttifaq Partiyası səslərin 50 faizindən çoxunu toplayaraq parlamentdə 104 yerdən 66-nı [5], ştatların qanunvericilik yığıncaqlarındakı 282 yerdən isə 162-ni aldı.
1974-cü ildə BMMT, MÇA, İttifaq partiyasının, Malayziya Xalq Hərəkatının və s. 12 siyasi partiyadan ibarət "Milli cəbhə" [6] adlanan geniş koalisiya yaradıldı.