Boryana Straubel | |
---|---|
![]() | |
Doğum tarixi | 25 may 1983 |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyun 2021[1] (38 yaşında) |
Həyat yoldaşı |
|
Fəaliyyəti | icraçı direktor, xeyriyyəçi |
Boryana Dineva Straubel (25 may 1983, Bolqarıstan – 19 iyun 2021[1]) — ABŞ-a mühacirət etmiş bolqar biznesmen və xeyriyyəçi.[2] O, ətraf mühitin davamlılığı istiqamətində fəaliyyət göstərən bir ailə fondunu idarə etmiş, metalların təkrar emalı yolu ilə ekoloji davamlılığı təşviq edən Generation Collection adlı zərgərlik şirkəti qurmuşdur.[2][3][4][5][6] Straubel elektrikli avtomobil şirkəti Tesla-da insan resursları üzrə menecer olub.[2] O, 2013-cü ildə Tesla-nın icraçı direktoru Cefri Straubel ilə evlənmişdir.[2] Boryana Starubel 2015-ci ildə bir il müddətinə Vikimedia Fondunun insan resursları üzrə vitse-prezidenti olub.[2] Straubel 2021-ci ilin iyun ayında Nevada ştatında velosipedlər üçün nəzərdə tutulmuş zolaqda velosiped sürərkən bir avtomobil mərkəz xəttini keçərək onu vurmuş və o, hadisə yerində həlak olmuşdur.[2][7]
Boryana Dineva Bolqarıstanda anadan olub. O, tək ana tərəfindən böyüdülmüşdür.[8] 1989-cu ildə Berlin divarı yıxıldıqdan sonra onun ailəsi Almaniyaya köçüb və orada bir neçə ay qaçqın düşərgəsində yaşayıb.[2] Onlar daha sonra Avstriya və Rusiyada yaşamışdır.[2] Dineva riyaziyyata həvəsli idi. O, utancaq idi və dostları ilə gəzməkdənsə internetdə gəzinməyi üstün tuturdu. Dineva 2005-ci ildə ABŞ-yə köçüb.[2]
Dineva Silikon Vadisindəki San-Mateo Kollecində təhsil alıb və oradan 2008-ci ildə məzun olub. O, Kaliforniya Universitetində oxumuş, burada İqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır.[2] Straubel 2019 və 2020-ci illərdə Stanford Universitetində İdarəetmə Elmləri və Mühəndislik üzrə Magistr dərəcəsi və MBA dərəcəsi əldə etmişdir.[3]
Straubel proqram təminatı şirkəti olan Brocade-da hesab meneceri vəzifəsində işləyib.[2] O, 2011-ci ildən 2015-ci ilə qədər Tesla-da insan resursları, əməliyyatlar və məlumat təhlili sahələrində fəaliyyət göstərib. Bu dörd il yarımlıq müddət ərzində işçilərin sayı şirkətin böyüməsi səbəbindən 600-dən 13 000-ə qədər yüksəlib. Straubel şirkətdə insan resursları analitikası, informasiya sistemləri və əməliyyatlar üzrə qruplara rəhbərlik edirdi.[9] O, şirkətdəki insanların analitik potensialının yaradılmasında və böyüməni dəstəkləmək üçün data əsaslı təşkilati strukturun hazırlanmasında mühüm rol oynamışdır.
2015–2016-cı illərdə Straubel Vikimedia Fondunun insan resursları üzrə vitse-prezidenti olub. O, Vikimedia Fondunun istedad və mədəniyyət funksiyasına, o cümlədən istedadların əldə edilməsi, təşkilati təlim və inkişaf, istedadların idarə edilməsi və insanların analitikasına nəzarət edirdi.[10]
Straubel 2016-cı ilin martından 2017-ci ilin iyuluna qədər Tesla-da proqram direktoru olub. O, Tesladan Stenford Universitetində təhsil almaq üçün ayrılmış və universitetdəki təhsilinin 2020-ci ildə bitirmişdir.
Straubel Fondunun məqsədi ekoloji cəhətdən daha davamlı gələcəyə keçidi sürətləndirməyə kömək etməkdir. Fondun prezidenti 2015-ci ildən Cefri Straubeldir. Boryana Straubel 2021-ci ildə vəfat edənə qədər fondun icraçı direktoru olub. Straubel Fondu liderlik, investisiyaya təsir və təhsilə diqqətə fokuslanıb.[11]
Boryana Divana 3 avqust 2013-cü ildə Cefri Straubel ilə evlənmiş və onlar Kaliforniyanın Vudsayd şəhərində yaşamışdır.[12] 2015-ci ildə onların əkiz uşaqları dünyaya gəlib.[13] Cefri Straubel 2019-cu ilin iyul ayında Tesla-dakı texniki direktor vəzifəsini tərk etmiş və onlar Nevadaya köçmüşdürlər.
Straubel 19 iyun 2021-ci ildə velosiped sürərkən ikiqat sarı xətti keçən avtomobil tərəfindən vurularaq ölmüşdür.[14][15][16] Avtomobilin sürücüsü sənədsiz olmuşdur.[17] Sürücü maksimum altı il həbs cəzası nəzərdə tutulan ağır cinayət olan "ölümə və ya ciddi bədən xəsarətinə səbəb olan ehtiyatsız sürücülük" ittihamı üzrə törtədiyi əməli boynuna alıb.[18]