Bronxit

Bronxit
Kəskin bronxitin diaqramı
Kəskin bronxitin diaqramı
XBT-10 J20.-J21.
XBT-10-KM J20.9, J20, J40, J42
XBT-9 466
XBT-9-KM 490[1], 466.0[1], 491[1][2], 491.9[1][2], 491.8[2]
DiseasesDB 29135
MedlinePlus 001087
MeSH D001991
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bronxit (lat. bronchitis, bronx + -itis — iltihab) — bronx divarları selikli qişasının iltihabıdır. Bronxlar udulan havanı ağciyərlərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır.

Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var.

Tənbəki tüstüsü və toz bronxit xəstəliyi risqini artırırlar. Hətta "passiv siqaret çəkmə" xəstəlikdən sonra zəifləmiş orqanizm üçün son faktor olaraq bronxların iltihabını törədə bilər. Xüsusən də bu valideynləri siqaret çəkən uşaqlara aiddir. Bu halda bronxitdən əlavə uşaqlarda bronxial astma və pnevmoniya yaranması risqi artır. Orqanizmin immun sisteminin vəziyyəti də az rol oynamır, əgər immunitet zəifləmişsə, adətən payızda və ya yazda, "onun qapısı bütün küləklərə" açıqdır, başqa sözlə bronxitlə xəstələnmə təhlükəsi xeyli artır.

Simptomlar və gedişat

[redaktə | mənbəni redaktə et]

Bronxitin əsas əlaməti açıq, sarı, boz və ya yaşıl rəngli bəlğəmli öskürəkdir. Bəzi hallarda bəlğəmdə qan qarışığı olur. Öskürəkdən başqa bronxitin simptomları boğazda ağrı və spazmalar hissiyyatı, tənəffüsün çətinləşməsi, xırıltı və azacıq hərarətin olmasıdırlar.

Gedişatdan asılı olaraq bronxit kəskin, xroniki və obstruktiv olur.

Kəskin bronxitin yaranmasından əvvəl hərarət artır, baş ağrısı, zəiflik, zökəm, boğazda öskürək və acışma, xırıltılı səs, sinəaltı ağrı, quru ağrılı öskürək, konyuktivit olur. Kəskin bronxitin əsas təzahürü əvvəlcə quru, sonra yumşaq və nəm öskürəkdir. Böyüklərdən fərqli olaraq uşaqlar bəlğəmi gətirə bilmirlər.

Xroniki bronxit çox vaxt müalicəsi vaxtında və axıra qədər aparılmayan (həkim təyinatına əməl olunmayan) kəskin bronxitin nəticəsidir. Kiçik uşaqlarda və qocalarda (75 yaşdan yuxarı) kəskin bronxitin xronikiyə keçmə ehtimalı yüksəkdir.

Xroniki bronxitin ilk mərhələsində öskürək yalnız səhərlər yataqdan qalxarkən – "bronxların səhər tualeti" – azacıq bəlğəmlə müşahidə olunur. Kəskinləşmələr ildə üç dəfədən az olmamaq şərtilə olur, digər vaxtlarda da öskürək Sizə sakitlik vermir. Xroniki bronxitin təhlükəliliyi ondan ibarətdir ki, xroniki iltihab zamanı bronxların divarları nazilir, boşluq genişlənir və bu ağ ciyər emfizemasına və bronxial astmaya gətirir.

Obstruksiya (latınca "maneə" deməkdir) – bu boşluğun sıxılması nəticəsində bronxlardan havanın keçməsinin çətinləşməsi prosesidir. Obstruktiv bronxiti uzadılmış, nəfəs verildikdə məsafədən eşidilən fit səsi, quru xırıltıya görə tanımaq olar. Bu zaman öskürəyin intensivliyinin, ümumi halın, bədən hərarətinin rəqsi ola bilər. Bir aydan çox davam edən bronxit gedişatı uzunmüddətli hesab olunur. Bronxitinn tipik ağırlaşması sinusit və otitdir. Ən çox baş verən ağırlaşması pnevmoniyadır.

Bronxit müalicə olunmadıqda, xroniki obstruktiv ağ ciyər xəstəliklərinə keçid mümkündür (XOACX) – bu ağ ciyəri zədələyən bir-birinə bağlı bütöv bir xəstəliklər qrupudur. XOACX qrupuna xroniki obstruktiv bronxit (90 %), ağır bronxial astma (9 %) və birincili emfizema (1 %) aiddirlər və qeyd etmək lazımdır ki, XOACX xəstəlikləri geriyədönməzlikləri ilə xüsusiyyətlənirlər.

Bronxitin diaqnostikası heç bir çətinlik törətmir: xəstəlik necə deyərlər göz qabağındadır, dəqiq deyilsə qulaq asmaqla diaqnoz qoyulur. Həkim-pulmonoloq, sorğu sualdan və ağ ciyərə qulaq asdıqdan sonra sadəcə olaraq diaqnoz qoyur. Köməkçi üsullar kimi xarici tənəffüs funksiyaları araşdırılır, xəstəliyin törədicisini müəyyən etmək üçün bronxoskopiya və bəlğəmin analizi aparılır. Simptomları öskürək olan daha ciddi xəstəliklərin olmadığını müəyyən etmək üçün, məsələn vərəm və ya ağ ciyərin xərçəngi, Sizi rentgenoqrafiya və ya ağ ciyərin flüoroqrafiyasına göndərə bilərlər.

Bronxitin müalicəsi üçün həkim inhalyasiya, döş qəfəsinin masajını, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, həmçinin bəlğəmin qatılığını azaldan və öskürəyi asanlaşdıran (bəlğəmgətirici və mukolitik vasitələr) dərman preparatlarını və immunkorrektorlarını təyin edə bilər. Nadir hallarda öskürəkəleyhinə preparatlar təyin olunur. Bronxitdə antibiotiklər heç də həmişə təyin olunmur. Onlara lüzum olmasını yalnız həkim müəyyənləşdirə bilər. Hər şey xəstəliyin ağırlığından, törədicinin xüsusiyyətindən və xəstəliyin müddətindən asılıdır.

  1. 1 2 3 4 Disease Ontology (ing.). 2016.
  2. 1 2 3 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.