Builər | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Builər — bueylər, buyailər, buçjunlar, bujaolar, puyilər, pumanlar (özlərini buxqyaix, hərfi mənada – insan adlandırırlar; Çin dilində buyiszular, qədim adları çjunszya, tuszya– yerli; iszular, bendilər, şuyxular) — Cənubi və Cənub-Qərbi Çində çjuandun xalqlarından biri.[1]
Əsasən, bui və myao xalqlarının Syannan və Syansi muxtar qəzalarında (Quyçjou əyaləti), həmçinin Yunnan və Sıçuan əyalətlərində yaşayırlar. Sayları Çində 3,3 mln. nəfər (2005), Vyetnamda 2 min nəfərdir. Builər tay dillərinə aid, cənub, mərkəz və qərb dialektləri olan bui dilində danışırlar; Çin dili də yayılmışdır.[1]
Yazısı 1956-cı ildən latın qrafikası əsasındadır, bundan əvvəl Çin yazısını tətbiq etmək cəhdləri olmuşdur. Ənənəvi inanclarını saxlayırlar, dindarların bir qismi xristiandır (19-cu əsrin sonlarından). Builər mənşə, dil və özlərinə verdikləri ad baxımından çjuanlara yaxındırlar. Qədimdə çjuanlar, taylar və digərləri ilə yanaşı sioular, loyuelər, bayyuelər, eramızın 1-ci minilliyinin sonlarından manlyaolar, lilyaolar, 2-ci minilliyin ortalarından çjunszyalar, çjunszyamyaolar və s. adlar altında məlum olmuşlar. Ənənəvi mədəniyyətləri Şərqi Asiya xalqları üçün səciyyəvidir.[1]
Əsas məşğuliyyətləri terraslı suvarma əkinçiliyidir. Hörmə, toxuculuq, batik istehsalı, tikmə (insan, gül, heyvan təsvirləri), daş və ağac üzərində oyma, dəmirçilik inkişaf etmişdir. Kişi və qadın geyimləri: kofta, yaxud gödəkcə və şalvar, çalma, gümüş bəzək əşyaları; paltarlarında göy rəng üstünlük təşkil edir. Beyyandanşan rayonunda qadın geyimlərində yaş fərqləri saxlanılmışdır: qızlarda –şalvar və enli kəmərlə bağlanan qısa xələt, hörükləri başlarının ətrafına bərkidilir; qadınlarda tikişsiz uzun yubka və baş örtüyü.[1]
Sınaq nikahı adəti saxlanılmışdır: ilk uşağı dünyaya gələnədək qadın valideynlərinin evində yaşayır, uşaqsız nikahlar isə pozulur. Ruhların və əcdadların kultları inkişaf etmişdir. Hər kənddə toyuq içalatı əsasında gələcəkdən xəbər verən falçı var. Bayramları ümumçin bayramlarıdır, əsas bayramları – Yeni ildir. Qoşa rəqs-pantomimalar yayılmışdır. 19–20-ci əsrlərdə ağacdan düzəldilmiş maskalar da çıxış edən aktyorlarla musiqili dram formalaşmışdır.[1]