CNET | |
---|---|
URL | cnet.com |
Tipi | Xəbər saytı |
Açılma tarixi | 5 mart 1994 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
CNET ("Computer Network" sözünün qısaldılmış versiyası) — qlobal miqyasda texnologiya və istehlak elektronikası ilə bağlı rəylər, xəbərlər, məqalələr, bloqlar, podkastlar və videolar dərc edən amerikan media veb-saytı. CNET, internet televiziya şəbəkəsi olan CNET Video və onun podkast və bloq şəbəkələri vasitəsilə yeni media yayımlama üsullarını tətbiq etməzdən əvvəl ilkin olaraq radio və televiziya məzmununu öz internet saytında təqdim edirdi.
1992-ci ildə Halsi Minor və Şelbi Bonni tərəfindən əsası qoyulmuşdu və CNET Networks-ün flaqman brendi idi. 2008-ci ildə həmin bölmənin CNET Networks-ü alması ilə CBS Interactive brendinə çevrildi.[2][3] 30 oktyabr 2020-ci ildən Red Ventures-a məxsusdur.[4]
İngilis dilindən başqa, CNET-in regiona və dilə aid nəşrlərinə çin, fransız, alman, yapon, koreya və ispan dilləri daxildir.
PepsiCo-dan ayrıldıqdan sonra Halsi Minor və Şelbi Bonni 1992-ci ildə kompüterlər və texnologiya ilə əlaqəli 24 saatlıq kabel televiziyası olan c/net-i yaratdılar.[5] Fox Network həmtəsisçisi Kevin Vendl[6] və Disney-in keçmiş əməkdaşı Dan Bakerin[7] köməyi ilə CNET kompüterlər, texnologiya və internet haqqında dörd pilot televiziya verilişi istehsal etdi. CNET TV "CNET Central", "The Web" və "The New Edge"-dən ibarət idi.[8][9] "CNET Central" ilk dəfə ABŞ-də USA Network-də yayımlanmışdır. Daha sonra "The Web" və "The New Edge" ilə birlikdə USA Network-un qardaş şəbəkəsi Sci-Fi Channel-da yayımlanmağa başladı.[8] Daha sonra isə 1996-cı ildə TV.com-da yayımlanmağa başladı. Rayan Sikrest ilk dəfə CNET-də "The New Edge"-nin aparıcısı kimi məşhurluq qazandı.[10]
CNET online 1995-ci ilin iyununda fəaliyyətə başladı.[5] Saytın sahibi olan "CNET Inc." 1996-cı ilin iyulunda ilkin ictimai təklifini həyata keçirdi.[11] 1998-ci ildə "CNET Inc." CollegeEdge təhsil xidmətinin operatoru olan Snap Technologies tərəfindən "CNET Inc." şirkətinin Snap.com domeninə sahibliyi ilə bağlı əmtəə nişanı pozuntusuna görə məhkəməyə verildi, çünki Snap Technologies eyni adlı əmtəə nişanının sahibi idi.[12]
CNET 1999-cu ildən başlayaraq CNBC-də yayımlanan "News.com" adlı başqa bir texnologiya xəbərləri verilişi hazırlamağa başladı.[7] CNET Radio 2001–2003-cü illərdə San-Fransisko Körfəz Bölgəsində, Clear Channel-a məxsus KNEW, Bostonda WBPS və XM Satellite Radio radiokanallarda yayımlanırdı. CNET Radio texnologiya mövzulu verilişlər təqdim edirdi. Kifayət qədər auditoriya cəlb edə bilmədikdən sonra CNET Radio maliyyə problemləri səbəbindən 2003-cü ilin yanvarında fəaliyyətini dayandırdı.[13]