Camaati İslam | |
---|---|
Qurucu | Əbüləla Mövdudi |
Quruluş tarixi | 26 avqust 1941-ci il |
İdeologiya | İslamçılıq |
Saytı | jamaat.org |
Camaati-İslami[1] (urdu جماعتِ اسلامی) — Hindistan yarımadasında qurulmuş ən böyük islam partiyası. 1941-ci ilin avqustunda Lahor şəhərində Əbüləla Mövdudinin rəhbərliyi və müsəlman icmasından 75 nəfər nümayəndənin iştirakı ilə yaradılmışdır. Partiyanın məqsədi Britaniya Hindistanında islami oyanışın əsasını qoymaq, sosial həyatda islam qanunlarını tətbiq etmək, müsəlmanların mədəni birliyinə nail olmaqidi.[2]
1947-ci ildə Pakistan müstəqillik qazandıqdan sonra Mövdudinin oraya mühacirət etməsi ilə partiya Hindistan Camaati-İslami və Pakistan Camaati-İslami partiyası olmaqla iki qola parçalandı. Sonralar Hindistan Camaati-İslami partiyası 1970-ci illərdə nisbətən fəallaşsa da, demək olar ki, kənarda qalmış, partiyanın əsas fəaliyyəti Pakistan Camaati-İslami partiyasının adı ilə bağlı olmuşdur. Kəşmirdə, Şri-Lankada və 1972-ci ildə Banqladeşdə eyni adlı partiyalar yaradılmışdı.
Camaati-İslami 1947-ci ilədək, demək olar ki, heç bir siyasi və sosial fəaliyyət göstərməmiş, yalnız təşkilatlanma ilə məşğul olmuş və nüfuz dairəsini genişləndirməyə çalışmışdır. Dövlətin islam qanunları əsasında idarə olunması tələbi ilə çıxış edən Camaati-İslami Pakistanın 1956-cı ildə qəbul edilmiş ilk konstitusiyasında qismən buna nail olsa da, sonralar fəaliyyəti dəfələrlə qadağan edilmiş, Mövdudi bir neçə dəfə həbsə alınmışdır. Partiya Daşkənd bəyannaməsinə (1966) qarşı çıxmışdır. Pakistanın bölünməsi və Banqladeş Respublikasının yaradılmasının əleyhinə olan partiya 1971-ci ildə Hindistan və Şərqi Pakistanla silahlı toqquşmada dövləti dəstəkləmişdir. Camaati-İslami 1971–77-ci illərdə iqtidarda olmuş sol təmayüllü Zülfüqar Əli Bhutto hökumətinə qarşı əsas müxalif rolunda çıxış etmiş, ölkəni islamlaşdırmaq, hökumətdə və parlamentdə təmsil olunmaq uğrunda mübarizə aparmışdır. 1973-cü il konstitusiyasına əsasən, ölkənin Pakistan İslam Respublikası adlandırılmasına, 1974-cü ildə Əhmədiyyə firqəsinin qeyri-müsəlman milli azlıq elan edil məsinə nail olmuşdur. 1976-cı ildə 9 islam partiyasından ibarət Pakistan Milli Birlik Cəbhəsini yaratmışdır. Əvvəllər islam meyilliliyinə görə genral Ziya ül-Həqin hərbi qiyamını dəstəkləsə də, 1983-cü ildən partiyanın mötədil qolu onun hərbi diktaturasına qarşı çıxmış, partiyanı Ziya ül-Həq hökumətində təmsil edən 4 nazir istefa vermişdir. Camaati-İslami İslam Demokratik Alyansının (“İslami Cəmhuri İttehad”, 1988–90-cı illərdə fəaliyyətdə olmuşdur) və Birgə Fəaliyyət Şurasının (“Muttəhidə məclisi-əməl”, 2003–07-cı illərdə fəaliyyətdə olmuşdur) tərkibinə daxil idi.
Hazırda Camaati-İslami bütün Pakistanda, xüsusilə Kəraçi, Pişəvər və yerli qəbilələrin məskunlaşdığı sərhəd regionlarında geniş nüfuza malikdir. Partiyanı 5 il müddətinə seçilən əmir idarə edir. Əmirin yanında onun 5 müavini (“naib”) və 50 üzvdən ibarət Şura məclisi fəaliyyət göstərir. Camaati-İslami Pakistanda ən çox kütləvi informasiya vəsitələrinə malik olan partiyadır.
Camaati-İslami // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 174–175. ISBN 978-9952-441-10-9.