Canan Güllü | |
---|---|
türk. Canan Güllü | |
Doğum tarixi | 1962 |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | türk |
Dini | islam |
Fəaliyyəti | aktivist |
Tanınır | Türkiyə Qadın Dərnəkləri Federasiyasının (TKDF) prezidenti |
Mükafatları | "International Women of Courage Award" |
Vikianbarda əlaqəli mediafayllar |
Canan Güllü (türk. Canan Güllü ; 1962) — Türkiyə Qadın Dərnəkləri Federasiyasının (TKDF) prezidenti olan türkiyəli fəalı. O, 2021-ci ildə "International Women of Courage Award"a (Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı) layiq görülüb.
Canan Güllü 9 yaşında anasının təşviqi ilə "Qızlar oxusun" kampaniyası ilə ictimai fəaliyyətlə məşğul olmağa başlayıb.[1] Gənclik illərində mübarizə həvəsi artan Güllü, mütəşəkkil bir təşkilatda fəaliyyət göstərsə idi, qadın hüquqlarının qorunmasında daha aktiv rol oynaya biləcəyini düşünərək, Qadının Sosial Həyatını Araşdırma və Tədqiqi Dərnəyinə üzv seçilmək üçün müraciət etdi. Lakin üzvlük üçün "çox gənc" olduğu əsas gətirilərək istəyi rədd edildi. Sonralar o, üzvlüyünə rədd cavabı aldığı Qadının Sosial Həyatını Araşdırma və Tədqiqi Dərnəyinin (KASAİD) idarə heyətinin sədri seçildi. 2005-ci ilin yanvar ayında 186 şöbəsi və 52 min 500 üzvü olan qadın QHT-lərinin əsas birləşdirici təşkilatı olan Türkiyə Qadın Dərnəkləri Federasiyasının prezidenti seçildi.[2] Təşkilat 1976-cı ildə ilkin olaraq beş qurumun birləşməsindən yaranmışdır.[3]
Canan Güllü mütəmadi olaraq, qadınların idarəçilikdə, məşğulluqda və təhsildə iştirakını artırmaq üçün tədbirlər həyata keçirir. O, uzun illər gender bərabərsizliyi və qadınlara qarşı zorakılıqla bağlı qanunvericilik proseslərində iştirak edib. 2014-cü ildə TKDF tərəfindən həyata keçirilən və Türkiyədə qadınlara qarşı zorakılığın qarşısının alınması və müdaxiləsi üçün çalışan ilk və yeganə xətt olan Məişət Zorakılığına Qarşı Təcili Yardım Xəttinin uğurlu və qətiyyətli fəaliyyətinə töhvəsini verdi. O, Türkiyənin 81 vilayət və 600 rayonda insestlə bağlı tədqiqat və araşdırmalar aparmışdır. Canan Güllü bu tədqiqatların nəticəsi olaraq Türkiyədə haqqında danışmaq qadağan olan İnsest Atlasını hazırlamışdır.[4]
2013-cü ildə Cənub-şərqi Anadolu regionu bölgəsinin 36 vilayətində Həll Prosesi (Kürd açılımı) zamanı bölgənin vəziyyəti ilə bağlı araşdırmalar aparıb.[5] Güllü, həmçinin Türkiyə hökumətinin 2012-ci ildə qüvvəyə minmiş İstanbul Konvensiyası kimi tanınan qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə üzrə Avropa Şurasının sazişinin icrasında yol verdiyi nöqsanların aradan qaldırılması və onun tam icrası istiqamətində kampaniyalara rəhbərlik etmişdir.[6]
Türkiyə 2021-ci ilin martında İstanbul Konvensiyasından (Qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə üzrə Avropa Şurası Konvensiyasından) çıxdı. Onun təşkilatı qadın qətli ilə bağlı son illərin məlumatlarını toplayıb. Onun təşkilatının hesabatında qadınların qətl hallarının sayının 2021-ci ildəki 341-dən, 2022-ci ildə 381-ə yüksəlidiyi təsbit edilib. Canan Güllü qeyd edib ki, bu, gündə bir qadının qətl olunmasından da çoxdur.[7]
ABŞ-ın Türkiyədəki səfiri Devid M. Satterfild 10 dekabr 2020-ci ildə Dünya İnsan Hüquqları Günü münasibətilə Canan Güllünün "International Women of Courage Award"a (Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı)a namizədliyini irəli sürdüyünü açıqladı.[8] Güllü müxtəlif ölkələrdən 20 qadınla birlikdə 5 mart 2021-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən Cəsur Qadınlar Mükafatına layiq görüldü.[9] Onun adı "qadınların idarəçilikdə, iş yerlərində və təhsildə iştirakını təşviq etmək üçün çalışan, gender bərabərliyinin davamlı müdafiəçisi" fəaliyyətinə görə bu mükafata təqdim edilmişdir.[10] Mükafat alanlar on beş ölkənin təmsilçisi idilər. Qeyd edək ki, həmin il mükafatlandırılan 20 qadından yalnız on dördü tədbirdə canlı olaraq iştirak etmişdi. Çünki Əfqanıstanda həlak olmuş əlavə yeddi qadında mükafatçılar sırasına daxil idilər.[5]
Türkiyədə Suriyalı Qaçqın Qadın və Qızlar və İstanbul Konvensiyası (2019).[11]