Cek Vord | |
---|---|
ing. Jack Ward/Jaohn Ward/Yusuf Reis | |
Doğum tarixi | 1 yanvar 1553 |
Vəfat tarixi | 1622[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Cek Vord, Quşcuğaz və ya Yusif Rəis (1 yanvar 1553 – 1622[1], Tunis) — əfsanəvi dəniz qulduru tarixdə Yusuf Rəis kimi də tanınır. Cek Sərçə personajı ondan ilhamlanaraq yaradılmışdır. Tarixdə həm də Yusuf Rəis və ya "Türkə dönmüş xristian" kimi tanınır.[2]
İngilisdilli millətlər üçün Cek Quşcuğaz (Jack Birdy) əfsanəvi dəniz qulduru idi və onun barəsində müxtəlif kitablar, pyeslər yazılmışdı. XX əsrdə bu dəniz qulduru barədə bir neçə macəra filmi çəkilmişdi. Nəhayət, 2000-ci illərdə Hollivudun çəkdiyi "Qəraib dənizi quldurları" film epopeyası, əsasən də məşhur Hollivud ulduzu Conni Depp`in mahir ifasında Cek Sərçə (Jack Sparrow) adı ilə yaratdığı obraz bu tarixi qulduru kinodakı rolun adı ilə bütün dünyaya tanıtdı.
Cek Vord (Jack Ward) və ya bəzi sənədlərdə Con Vord (John Ward) kimi tanınan bu adamın erkən dövrü barədə az məlumat var. Ehtimala görə, o, 1552 və ya 1553-cü ildə İngiltərənin cənub-şərqindəki Kent bölgəsinin kiçik Faverşem liman şəhərində doğulub. Liman şəhəri keçmiş dənizçi və dəniz quldurlarının sonuncu sığınacağı hesab edilirdi. Şəhər əhalisinin əsas qazanc yeri balıqçılıq və qısa məsafələrdə işləyən dəniz ticarəti idi. Çox güman ki, yeniyetmə yaşlarından bu gənc oğlanbalıqçılıq, köhnə gəmilərin ehtiyat hissələrinin toplanıb satılması ilə özünü dolandırır və beləliklə də dənizçiliyin sirrlərinə yiyələnirdi.
1588-ci ildə ispan hərbi donanması (Armada) İngiltərəyə uğursuz hücum edir. İspanların dənizlərdə hegemonluğundan xoflanaraq və növbəti hücumlardan ehtiyat edərək İngiltərə kraliçası I Yelizaveta ölkəsinin donanmasını möhkəmləndirməyə çalışır. Dövlətin resurslarının yetərli olmadığını görən kraliça axtarışda olan və ölümə məhkum edilmiş bütün ingilis dəniz quldurlarını, ispanlara qarşı birlikdə döyüşmək şərtilə əfv edir. Həmçinin, millətindən asılı olmayaraq öz şəxsi hesabına ispanlara qarşı vuruşacaq hərbi gəmiləri və gəmi heyətlərini təşkil edən hər bir kəsə (korsarlara) və onların gəmisində xidmət edəcək muzdlu döyüşçülərə (kaperlərə) kraliça xüsusi icazə — patent-lisenziya təqdim etməyə başlayır. Görünən budur ki, Cek Vord da kaper qismində ispan hərbi və ticarət gəmilərinə qarşı hücumlarda iştirak edir. Bu hücumların birində ingilis korsar gəmisinin kapitanı öldürülür və təcrübəli dənizçi kimi Cek həlak olmuş kapitanı əvəz edərək gəmini ispanların güclü əks-hucumundan xılas edir. Sonralar onun bu qəhrəmanlığı dillər əzbəri olur.
1603-cü ildə İngiltərədə I Ceyms kral taxtına oturur və İspaniya ilə sülh bağlayır. Beləliklə, bir çox korsar və kaper işsiz qalırlar. Bəziləri öz peşələrini davam etdirməyə qərar verirlər. Amma hətta ispan gəmilərinə hücumlar artıq İngiltərədə quldurluq kimi qiymətləndirilirdi.[3]
Məlum olduğu kimi Vord bu dövrdə hələ quldur deyildi. O, Devon bölgəsinin Plimut liman şəhərində balıqçı peşəsinə qayıdır. Elə həmin ildə o, Kanal Donanmasındakı "Uolf Lion" adlı gəmidə işlməyə başlayır. Gəmidə çalışdığı ikinci həftədə o və gəminin 30 nəfərdən ibarət dənizçiləri tarixçilərə məlum olmayan ədalətsizliklə üzləşib üsyan qaldırırlar, gəmini tərk edərək Plimut limanındakı 25 ton su tutumu olan barkı (böyük yelkənli gəmini) qaçırırlar. Dənizçilər Vordı öz kapitanları seçirlər. Dəniz quldurları tarixində bu, ilk fakt idi ki, dəniz quldurları demokratik əsasda öz liderlərini seçirdilər.[4]
Qaçaqlar yaxınlıqdakı Vayt adasına sığınırlar. Onlara belə məlumat çatır ki, "Violet" adlı gəmidə İngiltərədəki təqiblərdən qaçan katoliklər öz sərvətlərini daşıyırlar. Quldurlar "Violet" gəmisini ələ keçirirlər. Amma gəmidə heç bir tutarlı sərvət olmur. Vord isə, vaxtı itirmədən "Balaca Con" adı verdiyi "Violet" gəmisindən istifadə edərək sərvətlə dolu iri fransız ticarət gəmisinə yaxınlaşmaq şansını əldən buraxmır. Fransız gəmisini ələ keçirdikdən sonra quldurlar İngiltərə sularını tərk edirlər.[4]
Aralıq dənizinə daxil olan Vord ixtiyarındakı puldan istifadə edərək, fransız ticarət gəmisini 30 topa malik, dövrü üçün müasir hesab edilən hərbi gəmiyə dəyişir. Gəmiyə "Hədiyyə" (The Gift) adı verən Vord Aralıq dənizi boyunca ticarət gəmilərinə hücum etməyə başlayır.[5]
Əfsanəvi dəniz qulduru ilə şəxsən görüşmüş səyyah Vilyam Littou (WilliamLithgow) yazır ki, "Quşcuğaz" ləqəbi Cek Vordın öz sözlərinə görə, onun daim qəfəsdə müxtəlif quşları saxlaması, quşlara olan sevgisi və qayğısı ilə izah oluna bilər. Çünki zarafatcıl olmasına baxmayaraq o, bic və rəhmsiz idi. Bu cür sərt və bəzi hallarda qəddar olan adamın balaca quşlara sevgisi onun silahdaşlarına da qəribə gəlirdi.
1605-ci ildə Mərakeşin şimal-qərbindəki Salə şəhər limanında Riçard Bişop və Entoni Conson kimi gələcəkdə tanınacaq məşhur dəniz quldurlarının da daxil olduğu ingilis və holland dənizçilərindən ibarət dəstə Vorda qoşulur. O, 1606-cı ilin avqustunda Tunisin osmanlı hakimi Qara Osman bəylə müqavilə bağlayır. Beləliklə, Tunisi özünə qərargah edən Vord quldur axınlarına başlayır və 60 ton su tutumu olan ispan "Reniera e Soderina" gəmisi olmaqla bir sıra iri ticarət gəmilərinizəbt edir.
1607-ci ilin iyununda Tunisə dönən Vord burada qışı keçirir. Amma növbəti axınında yunan sahillərində Venesiya respublikasının donanması ilə döyüşdə çürüməyə başlamış "Reniera e Soderina" gəmisi batır. Baş vermiş bu gözlənilməz itki nəticəsində Vord döyüşü uduzur və 400 nəfərlik heyətini itirir. Həlak olmuş heyətin 250 nəfəri müsəlman, 150-si ingilis dənizçisi idi.
Təklənmiş Vord Tunisə sığınır və buradan ingilis kralı I Ceymsə əfv barədə müraciət edir. Kral isə, onun xahişini rədd edir və beləliklə, Vord Qara Osman bəyin tam himayəsi altına keçir.
1608-ci ildə Cek Vord və onunla birlikdə olan ingilis və holland dəniz quldurları islamı qəbul edirlər. O, Yusuf Rəis adını götürür. Artıq onlar quldur və ya muzdlu dəniz döyüşçüsü deyil, "kafir xaçpərəstlərə hücum edən döyüşkən müsəlman türk dənizçiləri" hesab olunurdular. Vord elə həmin ildə islamı qəbul etmiş Yasəmən adlı siciliyalı bir qadınla evlənir. Buna baxmayaraq o, İngiltərədə yaşayan xristian arvadına pul göndərməkdə də davam edirdi.
Onun islamı qəbul etməsi İngiltərədə hiddətlə qarşılanır. Səyyah Vilyam Littou yazır ki, 1610-cu il dekabrın 23-də ilk dəfə olaraq Venesiyanın İngiltərədəki səfiri Makantiono Korrer dəniz quldurları Cek Quşcuğaz və Frensis Verni haqda məlumatları Venesiya hakiminə (Doja) və senatına yollayır. "Əsli-nəcabətli yüksək zadəgan olmayan, lakin ingilis olan bu iki dəniz qulduru islamı qəbul edərək türkə çevriliblər. Bu isə ingilislərin hiddətinə səbəb olub. Kapitan Cek türkə dönüb ki, I Kral Ceymsə acıq versin". 1612-ci ildə ingilis dramaturqu Robert Daborn hətta "Türkə dönmüş xristian" adlı pyes də yazır.[6] O dövrdə Avropada müsəlmanlara millətindən asılı olmayaraq "türk" də deyirdilər.[7]
Artıq Yusuf Rəis kimi tanınan Cek Vord hələ uzun müddət Tunisdən dəniz axınları təşkil edərək ingilis, fransız və ispan gəmilərini qarət edirdi. 65 yaşında o, dəniz əməliyyatlarına son verir. Həyatının qalan hissəsini zənginlik içində yaşayır və ehtimala görə,1622-ci ildə Tunisdə yayılmış vəba xəstəliyindən 70 yaşında vəfat edir.
Cek Vordın ölümündən 5 il əvvəl Tunisə ikinci dəfə gələn şotlandiyalı səyyah Vilyam Littou onunla görüşünü "Nadir macəraların ümumi diskursu" və "Şotlandiyadan 19 illik ağrılı səyahətlər" əsərlərində təsvir edib.
V.Littounun əsərində Cekin daha içki içmədiyinə, öyrəşmədiyi geyim gəzdirməyə məcbur olduğuna görə həyat şəraitindən gileyləndiyi məqamı var və müəllif bir xristian təəssübkeşliyi etməyə çalışır. Bununla bərabər V.Littou bu sözləri də əsərində yazmağa məcbur idi: "…Qoca gülümsədi, onu "Kapitan Çek" adlanrıdmalarına əhəmiyyət vermədi. Digəl ki, bütün həyatını bu ada layiq olmasına xərcləmişdi. İndiki halda isə o, yalnız Yusif Rəisdir, Tunisin varlı zadəganıdır, ingilislərin yuxuda da görə bilmədikləri var-dövlətə sahib və siciliyalı gözəlçə Yasəmənin əri idi və o qadın da xristianlıqdan islama keçmişdi.
… Hazırda qarşımda müsəlman türklər kimi geyinmiş və müsəlmanlığı qəbul edən, vaxtilə xristian olmuş Cek Quşcuğaz dayanıb… Hazırda o, zəngin sarayda zadəganlara xas müsəlman həyatı yaşayır… Bizim qarşımıza parıldayan meyvələr, quzu budundan bişirilmiş yeməklər gətiriləndə, Cek Quşcuğaz mənə macəralarından danışacağını vəd etdi.
… Görüşümüzün sonunda Cek Quşcuğaz məni şəxsi qalasına gedən körpüdən ötürərək böyük təntənə ilə yola saldı. Bu görüş mənim xatirəmdə əbədi qalacaq. Çünki dünyanın ən böyük, ən güclü və ən əfsanəvi dəniz qulduru ilə görüşmüşdüm…".