Con Vinsent Atanasov

Con Vinsent Atanasov
ing. John Vincent Atanasoff
bolq. Джон Винсънт Атанасов
Doğum tarixi 4 oktyabr 1903(1903-10-04)[1]
Vəfat tarixi 15 iyun 1995(1995-06-15)[1] (91 yaşında)
Vəfat səbəbi insult
Elm sahəsi riyaziyyat
İş yeri
  • Ayova Ştat Universiteti[d]
Təhsili
Üzvlüyü
Mükafatları "Stara Planina" ordeni "Kiril və Mefodi" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bolqarıstanda Con Vinsent Atanasovun abidəsi

Con Vinsent Atanasov (ing. John Vincent Atanasoff, bolq. Джон Винсент Атанасов; 4 oktyabr 1903[1]15 iyun 1995[1]) — bolqar əsili ABŞ fiziki, riyaziyyatçısı.

Riyaziyyat uşaqlıqdan Con Vinsent Atanasovun maraq mərkəzi olub. O, 1903-cü il oktyabrın 4-də Nyu-York ştatının Hamilton şəhərində anadan olub. Atası mühəndis-elektrik, amerikalı anası isə müəllimə idi və 90 yaşına qədər cəbrlə məşğul olub. Con hələ uşaqkən ailəsi Florida şəhərinə köçüb. Buna səbəb atasının həmin şəhərdə mühəndis işləməsi idi. Con anasının köməyi ilə oxumağı tez öyrənib.

Onun elektrik dünyasına yolu 1913-cü ildə, 9 yaşı olduqda başlayıb. Atasının sayəsində Con elektrikin əsaslarını öyrəndi. 1913-cü ildə atası Cona loqarifm xətkeşi aldı və o, fevral ayından avqust ayına kimi C.M.Teylorun kolleclər üçün dərsliyindən istifadə edərək loqarifmlə məşğul olub.

Con 10 yaşında fizika və kimyanı öyrəndi, həmçinin riyaziyyatla məşğul olmağa davam edirdi. Anasının verdiyi kitabda hesablamanı onluq say sistemindən əlavə, digər say sistemlərində necə aparmaq qaydaları izah olunub. Sonralar Atanasov demişdi: "Mən kompüter üzərində işə başladıqda, mənim beynimdə olan fikirlərdən biri o idi ki, bəlkə kompüterlər onluq say sistemi ilə deyil, digər say sistemləri ilə daha yaxşı işləyəcək".

Atanasov məktəbdə oxuyarkən fizik-nəzəriyyəçi olmağa qərar vermişdi, lakin 1921-ci ildə Florida Universitetinə daxil olduqda mühəndis-elektrik peşəsini seçdi. O, 1925-ci ildə mühəndis diplomunu aldı.

Həmin ilin sentyabrında Atanasov riyaziyyatdan dərs demək, fizika və riyaziyyatdan diplom işlərinə rəhbərlik etmək üçün şimala, Ayova ştatında yerləşən kollecə getdi. Sonra o, Viskonsin ştatında yerləşən universitetə getdi və 1930-cu ilin mayında doktorluq dissertasiyasını müdafiə edib.

30-cu illərin ortasında Atanasov xətti cəbr tənliklər sistemi həllinin avtomatlaşdırılması problemi üzərində düşünüb. Məsələnin Vannevar Buşun diferensial analizatoru vasitəsi ilə analoq metodları onu kifayət qədər dəqiq olmadığına görə qane etməyib, rəqəmli üsulu reallaşdıran qurğular isə mövcud deyildi. O, "IBM" firmasının kalkulyatorunu tənliklər sisteminin həlli üçün modifikasiya etməyə cəhd etdi, lakin işin çətinliyinə görə bundan imtina edib.

O, sonralar xatırlamışdı ki, rəqəmli kompüterin yaradılması ilə əlaqədar ideya və prinsiplər onun beyninə 1937-ci ilin qış axşamı yol qırağındakı meyxanada olarkən gəlib. Sonrakı illərdə o, bu prinsiplərin mahiyyətini aşağıdakı kimi ifadə edib: kompüter öz işində elektrik və elektronikanın nailiyyətlərindən istifadə edəcək:

  • kompüterin işi onluq say sisteminə deyil, ikilik say sisteminə əsaslanacaq;
  • yaddaş qurğusunun əsasını kondensatorlar təşkil edəcəklər;
  • məntiqi elektron sxemlər istifadə ediləcək.

Layihənin reallaşması üçün ona elektronikadan yaxşı başı çıxan istedadlı ixtiraçı lazım idi. Bununla bağlı Atanasov mühəndislik fakültəsinin dekanına müraciət etmişdi. Dekan bir an belə tərəddüd etmədən ona zəhmətsevər, perspektivli alim Klifford Edvard Berrini məsləhət görmüşdü.

Onlar görüşüblər. Beləcə Atanasov və Berri komandası yaranıb və 1939-cu ilin noyabrında "Atanasov - Berri - ABC" (sonralar Atanasov təkid edib ki, onu "Atanasoff - Berry Computer" adlandırsınlar) kompüterinin layihəsi yaranıb. Kompyuterin layihəsi və qurulması 1939-cu ilin sonundan 1942-ci ilin ortalarına kimi həyata keçirilib. "ABC" kompüterinin mahiyyəti nədən ibarət idi?

Bu barədə 1963-cü il aprel ayının 30-u tarixinə olan məktubda Klifford Berri R. Riçardsa yazmışdı: "Maşın yeganə bir məqsədlə - məhz xətti cəbr tənlikləri (30×30) sistemlərinin həlli üçün qurulub". Kompyuterdə ikilik say sistemi istifadə edilmişdi, sözün uzunluğu 50 bit təşkil edirdi.

Atanasovun fizik Con Mauçli ilə ilk görüşü 1940-cı ilin dekabrında baş verdi. Bu insanların hər ikisi Pensilvaniya Universitetində keçirilən Amerikanın Elmin Tərəqqisi Assosiasiyasının yığıncaqlarında iştirak edirdilər. Mauçli meteorologiya problemlərinin həlli üçün analoq kompüterlərdən istifadə etmək imkanı haqqında mühazirə oxuyurdu. Atanasov da auditoriyada idi.

Mühazirədən sonra Mauçli ilə danışmaq istəyənlərin hamısını gözləyən Atanasov özünü kompüter, xüsusilə rəqəmli kompüterlə maraqlanan bir şəxs kimi təqdim etdi. O, sonra Mauçliyə elektron lampalardan istifadə edilən və hələ tamamlanmamış kompyteri haqqında danışdı və bildirdi ki, ola bilsin ki, bu maşın rəqəmli kompüterlərin inkişafına böyük təsir göstərəcək. Atanasov Mauçlini Ayova ştatına "ABC" kompüterinə baxmağa dəvət etmişdi.

Mauçli 1941-ci il iyunun 14-də dəvəti qəbul etdi. O və oğlu Atanasovun evində 5 gün ərzində qonaq oldular, bu müddət ərzində hər ikisi kompüterlər haqqında danışdılar. Mauçli sənədləri araşdırırdı, Berri isə "ABC" kompüterinin işləməsini ötəri göstərmişdi.

Mauçli sənədin bir nüsxəsini özü üçün istədi, lakin Atanasov razı olmadı. 3 ay sonra, 1941-ci ilin sentyabrnda Mauçli Atanasova məktub yazaraq Pensilvaniya universiteti nəzdindəki Mur mühəndislik məktəbində 1 ədəd "Atanasov kalkulyatoru"nun quraşdırıla biləcəyini soruşub. Atanasov oktyabrın 7-də cavab verərək bildirmişdi ki, o, patent üçün ərizə verilənə kimi "ABC" kompüterinin məxfi saxlanılmasını istəyir.

İkinci Dünya müharibəsinin başlanması nəticəsində Atanasov kompüterlərdən uzaq düşdü. O, 1942-ci ildə Vaşinqtonda (Kolumbiya ştatı) Hərbi Dəniz Artilleriyası laboratoriyası nəzdindəki akustika bölməsinin rəhbəri oldu. Atanasov orada minaların akustik sınağına nəzarət edirdi. "ABC" kompüterinin hissələrindən biri olan hesab hissəsi 1942-ci ildə təsdiq edildi və Atanasov əmin idi ki, kompüter layihəsi artıq lazımi dərəcədə tamamlanıb.

Lakin "ABC" kompüteri faktiki olaraq heç vaxt istifadə olunmamışdı. Həmin bölmədə statistik işləyən Con Mauçli 1943-cü ildə Atanasova bildirmişdi ki, o, Ekkertlə birlikdə onun təklif etdiyindən fərqli yeni hesablama üsulu hazırlayıblar.

Atanasov Mauçlidən nə etdiklərini izah etməyi xahiş etdikdə isə kəskin cavab almışdı. "Mən başa sala bilmərəm. Mövzu məxfidir". "Yeni üsul" isə "ENIAC" ilə bağlı idi. Hərbi məqsəd üçün nəzərdə tutulmuş "ENIAC" maşını Pensilvaniya Universitetində məxfi şəraitdə hazırlanmışdı.

1945-ci ildə Artilleriya idarəsi Atanasovdan Hərbi Dəniz Artilleriya laboratoriyası üçün kompüterin yaradılmasına kömək etməyi xahiş etdi. Bu məsələ ilə bağlı böyük maliyyə dəstəyi də ayrılmışdı. Atanasov bildirmişdi ki, eyni zamanda kompüter layihəsi üzərində işləyə və "NOL" akustika bölməsində işi bitirə bilməz. Nəticədə, Hərbi dəniz donanması onun xidmətindən imtina etmişdi.

Atanasov müharibə bitdikdən sonra da kompüter üzərindəki işə qayıtmadı. "Mən kompüterlər üzərində təxminən 12 il və çox çətin şəraitdə işləmişəm. Həyatımı dəyişməyə ehtiyac hiss edirdim". O, uzun illərdən sonra kompüterlə bağlı işini yarımçıq qoyduğuna görə heyifsiləndi. Lakin bunu yalnız o zaman başa düşdü ki, maşını (kompüteri) həqiqətən də inqilabi idi. 80-ci illərin əvvəllərində Atanasov bildirmişdi ki, əgər "ABC"-nin potensial imkanlarını başa düşsəydi, onun üzərində işləməyə davam edərdi.

Atanasov 1949-cu ilə kimi "NOL" akustika bölməsinin rəhbəri oldu, sonra Virciniya ştatında Fort-Monroda ordu səhra qüvvələrinin baş alimi oldu. 1950 - 1951-ci illər ərzində o, "NOL" nəzdindəki partlayışlar proqramının direktoru oldu.

1952-ci ildə Atanasov Frederik (Merilend ştatı) şəhərində "Artilleriya Mühəndislik korporasiyası" firmasının əsasını qoydu, 4 il sonra isə bu firmanı satdı.

Atanasov elektron rəqəmli kompüterin ixtiraçısı olması qərarını bir "qəribə" səfərdən sonra sübut etmək istədi. 1954-cü il iyulun 15-də "IBM" firmasının patent bürosundan vəkil Atanasova baş çəkdi və ona dedi: "Əgər bizə kömək etsəniz, biz Mauçli - Ekkertin kompüterə olan patentini ləğv edərik. Bu, sizin ideyanızdır".

1963-cü ildə Atanasovun tələbini təsdiq edə bilən əsas insan Klifford Berri dünyasını dəyişdi. Bununla belə Atanasov tədricən əmin olurdu ki, "ENIAC"-ın ideyası onun "ABC" kompüterindən götürülüb. Həm də onun digər ölkələrdə, xüsusilə əcdadlarının vətəni olan Bolqarıstanda qiymətləndirilməsi ona güc verirdi. Bolqarıstan Atanasovu 1970-ci ildə 1-ci dərəcəli "Kiril və Mefodi" ordeni ilə mükafatlandırdı.

İş məhkəməyə gedib çıxdı. 1971-ci ildə Mauçli - Ekkertin "ENIAC" maşınına patentini əldə etmiş "Sperry Rand" firması "Honeywell" şirkətini vergiləri ödəmədiyi üçün məhkəməyə verdi. "Honeywell" qarşılıqlı iddia verərək bildirdi ki, "ENIAC" maşınının ideyası daha əvvəl yaradılmış "ABC"-dən götürülüb və buna görə də patent etibarsızdır.

Bu məsələ ilə bağlı öz ifadələrini hazırlamaq üçün Atanasov və onun vəkilləri keçmiş kolleqaları axtarıb tapdılar və "ABC" kompüterini bərpa etməyi xahiş etdilər. Atanasov məhkəmədə düymələrə sıxaraq lampaları işıqlanmağa məcbur edərək "ABC" kompüterinin işləməsini dəqiq olaraq göstərdi. Bu, hakim Eyrl R. Larsona təsir etmək üçün kifayət idi və o, işi Atanasovun xeyrinə həll etdi. Qərar 1973-cü il oktyabrın 19-da çıxarılmışdı.

Hökmdə həqiqətən Atanasov elektron kompüterin ixtiraçısı, "ENIAC" isə onun ideyası əsasında yaradılmış kompüter kimi qeyd edilmişdi. "Ekkert və Mauçli özləri bu avtomatik elektron rəqəmli kompüteri ixtira etməyiblər, onlar bu ideyanı doktor Con V. Atanasovdan götürüblər və buna görə "ENIAC" patenti etibarsızdır" - hakim Larson hökmü oxuyub.

Hökm məhkəmə divarlarından kənarda bir çoxları tərəfindən haqsız və qarışıq kimi qarşılandı. Öz xidmətlərinə görə layiq olduğu mükafatı almamaq Atanasova ağır idi. 1975-ci ildə o, infarkt oldu, lakin sağaldı və həyatının qalan hissəsini Monrovil (Merilend ştatı) ətrafındakı fermada yaşadı.

"ABC"-nin işləmədiyini bildirən şəxslərə Atanasov cavab vermişdi: "Mənim üçün ideya nailiyyətdir. İstənilən şəxs ideyalardan istifadə edə bilər". Con Atanasov Vinsent 1995-ci il iyunun 15-də 92 yaşında dünyasını dəyişdi.

Atanasovun 3 uşağı olub: Con, Elsi və Coanna.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]