Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dağ yəhudiləri, (dağ yəhudilərinin dilində Cuhuro) şərqi Qafqazda, əsasən Azərbaycan və Dağıstanda kök salmış yəhudilər. Dağ yəhudilərini, xüsusilə İsraildə Qafqaz yəhudiləri də adlandırırlar. "Dağ yəhudiləri" və yaxud "Qafqaz yəhudiləri" adı dəqiq təbir deyildir, çünki bu ifadə Qafqaz dağlarında yaşayan Gürcü yəhudilərini əhatə etmir.
Dağ yəhudilərinin adı barədə müxtəlif təxminlər vardır. Məsələn, Amiram Barkat İsrailin "Haaretz" qəzetində yazır ki, 19-cu əsrdə Cənubi Qafqazı istila edən ruslar burada at belində və yapıncı geyimli yəhudiləri görəndə çox təəccüblənmiş və onlara "dağ yəhudiləri" "горские евреи" adını vermişlər.[1] "Haaretz" qəzetinə əsasən, "bu təcrid olunmuş yəhudi icması 1 500 ildən çoxdur Cənubi Qafqazda (Azərbaycan və Şimali Qafqazda) yaşayırlar. Qafqaz yəhudiləri üzrə bir sıra elmi əsərin müəllifi, israilli professor Mordexay Altşuler belə fikirdədir ki, dağ yəhudiləri ilə İran və Buxara yəhudiləri arasında bağlar mövcuddur və dağ yəhudiləri 6-cı əsrdə müstəqil etnik icmaya çevrilmişdir. Tarixi mənbələrdə dağ yəhudilərinin öz qonşuları kimi cəsur döyüşçü olduqları qeyd edilir.[2]
Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Digər dinlərlə əlaqələr
|
Dağ yəhudilərinin etnik köklərinə gəldikdə, belə təxmin edilir ki, dağ yəhudiləri və tatlar çox qədimdən Qafqazda məskunlaşıblar. Onların ulu əcdadları bir zamanlar İranın cənub-qərb bölgələrində yaşayıb və orada orta-fars dilini mənimsəyiblər. Dağ yəhudilərinin əcdadları 5–6-cı əsrlərdə Qafqaz Albaniyasında məskunlaşmışdır.
Hələ 1254-cü ildə flamand səyahətçisi B. Rubrukvis (Rubruk) Şərqi Qafqazın hər yerində, hər halda, həm Dağıstanda, həm də Azərbaycanda çoxlu sayda yəhudinin olduğunu qeyd edir.[3] Tədqiqatçılar arasında dağ yəhudilərini "yəhudi tat"lar adlandıranlar, eyni etnik köklərə malik olmasına baxmayaraq, tatların dini mənsubiyyət baxımından iki qrupa: "Müsəlman tatlar" və "Yəhudi tatlar"a bölündüyünü deyənlər də var. Onların fikrincə, "tatların əcdadları indiki İran İslam Respublikasında yaşamış ari tayfaları olmuşdur. Bundan başqa talışlar, lahıclar, dağ yəhudiləri və s. xalqlar da bu qədim xalqın – ari tayfalarının davamçılarıdır". Statistikaya görə, Azərbaycan Respublikasında 10.9 min nəfər, Rusiya Federasiyasında 2.303 nəfər müsəlman tat yaşayır.
Dağ yəhudiləri ilə VII əsrdə qurulan və X əsrin ikinci yarısında dağılan türk Xəzər xaqanlığının əsas əhalisi olan xəzərlər arasında etnik bağların olub-olmaması məsələsi alimlər arasında uzun zamandır mübahisə və müzakirə mövzusudur. Belə ki, dağ yəhudilərinin xəzərlərin övladları olduğunu və əksinə dağ yəhudiləri ilə xəzərlər arasında etnik bağların heç olmadığını iddia edənlərin əsərlərinə ABŞ, Rusiya, İsraildə rast gəlmək olar.[2] Məlumdur ki, Xəzər xaqanlığında iudaizm (yəhudi dini) dövlət dini elan edilmiş, əhalinin bir qismi və hakim sülalə yəhudi dinini qəbul etmişdir. Bəzi mənbələrdə isə dağ yəhudilərinin deyil, Şərqi Avropa yəhudilərinin (aşkenazi yəhudiləri) xəzərlərin davamçıları olduğuna dair fərziyyələr irəli sürürlər. Bu iddiaya qarşı çıxanlar, türk tayfalarından ibarət xəzərlərdən fərqli olaraq dağ yəhudilərinin fars dilinin bir şivəsində, Şərqi Avropa yəhudilərinin isə alman dilinin bir şivəsi olan "idiş" dilində danışdıqlarını qeyd edərək bu iki yəhudi qrupunun birbaşa xəzərlərin davamçıları olduğuna dair fərziyyələri təkzib edirlər. İnqa Saffron "The Philadelphia İnquirer" qəzetində "Qubanın dağ yəhudiləri" adlı yazısında dağ yəhudilərinin haradan gəldiyinə dair irəli sürülən bütün iddiaların ancaq fərziyyə olduğunu qeyd edir. Onun sözlərinə görə, bir çox dağ yəhudisi özlərini İsrailin qeyb olmuş tayfalarının övladları olduqlarını bildirir və Miladdan əvvəl 722-ci ildə Yerusəlimdə Beyt-ül-Müqəddəs (Süleyman məbədi) ilk dəfə dağıdılan zaman didərgin düşdüklərini, köç edə-edə nəhayət Şərqi Qafqazda məskunlaşdığını iddia edirlər.[2]
18-ci əsrin ikinci rübündə Rusiya, İran, Türkiyə və bir sıra yerli hökmdarlar arasında Dağıstanın dağ yəhudilərinin yaşadıqları əraziləri ələ keçirmək uğrunda gedən mübarizə üzündən dağ yəhudilərinin vəziyyəti son dərəcə pisləşdi. 1730-cu illərdə Türk sərkərdəsi Nadir xan Dağıstanın bəzi rayonlarını ələ keçirə bildi. Döyüşlər nəticəsində dağ yəhudilərinin bir neçə yaşayış məskəni yerlə-yeksan edildi.[3] Qırğından xilas olan dağ yəhudilərinə Qubada, Quba xanı Hüseyn xanın qəyyumluğunda sığınacaq verildi. 1797-ci ildə Surxay xan Dağıstanın əsasən dağ yəhudilərinin məskunlaşdığı Aba-Sava vadisinə hücum etdi və şiddətli döyüşlərdən sonra əsir aldığı kişiləri edam etdirdi, qadın və uşaqları isə qənimət olaraq özü ilə apardı. Kəndin müdafiəçiləri arasında 160 nəfər ağır döyüşlərdə həlak olmuşdur. Qırğından qaça bilən dağ yəhudiləri (Quba şəhərinədək ərazinin hökmdarı olan) Fətəli xanın qəyyumluğunda Dərbənddə sığınacaq tapdılar. İkinci dünya müharibəsi illərində alman qoşunları Şimali Qafqazın dağ yəhudilərinin yaşadığı bəzi rayonlarını işğal etdi. Dağ yəhudiləri ilə Avropa yəhudilərinin qarışıq yaşadıqları Kislovodsk və Pyatiqorskda bütün yəhudilər məhv edildi.[3] Almanlar işğal etdikləri Krasnodar diyarının, habelə Krımın dağ yəhudilərinin bəzi kolxozlarının əhalisini də kütləvi qırğına məruz qoydular. Dağıstanda yəhudi-tat dilində tədris və nəşriyyat fəaliyyəti 1948–1953-cü illərdə rəsmən dayandırıldı, dağ yəhudilərinin məktəbləri rusdilli məktəblərə çevrildi. 1956-cı ildə dövlətin himayəsi altında Dağıstanda dağ yəhudilərinin məcburi "tatlaşdırılması" siyasəti çərçivəsində yerli sovet elitası dağ yəhudilərinin yəhudilərlə əlaqəsini inkar edərək, rəsmi statistikada dağ yəhudilərini tat kimi qeyd etməyə bağladı.[3]
"Azərbaycan.az" portalının Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine məlumatına görə, yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Movses Kalankatvasi dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuşlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531–579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Digər mənbələrə əsasən, Azərbaycan yəhudilərinin (dağ yəhudilərinin) kökləri Qafqaz Albaniyasına qədər gedir. 1990-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Bakı civarında və Qubanın 25 kilometrliyində 7-ci əsrə aid yəhudi yaşayış məntəqəsinin qalıqları tapılmışdır. Ümumi rəyə görə, dağ yəhudilərinin əcdadları İrandan və yaxud Bizans imperiyasından köç edərək Qafqaz Albaniyasında, Kür çayının sol sahilində məskən salmışlar. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır. "Azərbaycan.az" portalına əsasən, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar.[4]
Dağ yəhudiləri 5 yerli qrupa bölünür:
Dağ yəhudilərinin ümumi sayı:
2004: 150 000[mənbə göstərin] – 270 000[mənbə göstərin] (rəqəmlər təxminidir)
Dağ yəhudilərinin məskən saldıqları ölkələr:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |