Dey, tarixi baxımdan Osmanlı dövründə 1671-ci ildən bəri seçilib təyin olunan Osmanlı Əlcəzairi, Osmanlı Tripolitaniyası və Osmanlı Tunisi rəhbərlərinə verilmiş olan tituldur .
1671-ci ildən Əlcəzairin sonuncu deyi olan Hüseyn ibn Hüseynin Fransa tərəfindən 1830-cu ildə vəzifəsindən uzaqlaşdırıldığı zamana qədər ümumilikdə 28 dey Osmanlı Əlcəzairində hökmranlıq sürmüşdür. Onlardan yarısı, yəni ki, 14-ü sələflərinin öldürülməsindən sonra hakimiyyət başına gəlmişdirlər.
1591-ci ildə 40 dey ağa ilə birlikdə özlərindən birini ordu komandanı seçmişdirlər. Beləcə seçilən dey tezliklə hökumətin təkbaşına rəhbərinə çevrilir və onun nüfuzu Babı-Alinin nümayəndəsi (vəkil, müməssil) olan paşanın nüfuzunu kölgədə qoyur. Lakin XVII əsrin ikinci yarısından etibarən deyləri ordunun ikinci dərəcəli sərkərdələri olan bəylər əvəz etməyə başlamışdırlar. XVIII əsrin əvvəllərində İbrahim bəy dey titulu əldə edir; Bu titul daha sonrakı dövrlərdə, yəni 1705-ci ildə Hüseyn ibn Əli tərəfindən ləğv edilmişdir.
Deylik Əlcəzairdə bir inqilab nəticəsində meydana çıxmışdır. 1671-ci ildə ağaların özbaşına idarəçiliyindən bezmiş rəislər və ya pirat gəmilərinin kapitanları öz içlərindən bir nəfəri dey adı və qeydi-həyat şərtləri ilə ağaların yerinə təyin etmişdirlər. Əvvəllər rəislər tərəfindən seçilən deylər 1689-cu ildən etibarən yeniçəri zabitləri tərəfindən seçilirdilər.
Deylik üçün hər hansısa bir ixtisas və ya mənşə tələbləri yox idi. Hətta ən aciz və cahil yeniçəri belə bu vəzifəyə can ata bilərdi. Dey öz nazirlərini müəyyən edir, əyalət bəylərini istədiyi kimi təyin edir, ədaləti bərqərar edir və eyni zamanda da xarici dövlətlərlə danışıqlar aparırdı. Deylər yeniçərilərin aldıqları aylıq maaşdan başqa heç bir pul almırdılar (ayda 50 sağ sikkə və pay); Lakin onlar bəylərdən və digər vəzifəli şəxslərdən təvcih (yönləndirmək) haqqı ilə dəniz quldurlarının götürdükləri qənimətlərdən öz paylarını alırdılar, həmçinin də vəzifəyə yeni başlamış konsullardan və eyni zamanda da sülh müqavilələri imzalandıqda və ya yeniləndikdə xarici dövlətlərin başçılarından hədiyyələr qəbul edirdilər. Sonra müsəlman və yəhudi tacirlərə ilə şərik olub pul qazana bilirdilər. Deylərin dövlət xəzinəsindən ayrı olaraq özlərinin şəxsi xəzinələri var idi. Bir çox deylər böyük sərvət əldə etmişdilər; Lakin deylərə ölüm hökmü verilsəydi, onların bu sərvətləri dövlət xəzinəsinə keçirdi.
Deylər taxtdan salınmaq və öldürülmək qorxusu ilə daimi olaraq yeniçərilərin istədiklərini etmək məcburiyyətində qalırdılar. Onların şəxsi həyatları da çox sərt qaydalara tabe idi. Vəzifəyə qəbul edildikdən sonra onlar ailələrindən ayrılırdılar və rəsmi hallar istisna olmaqla, heç bir qadın onların saraylarına daxil ola bilməzdi. Onların yalnız cümə axşamı günortadan sonra və cümə günü evlərinə getmək hüquqları var idi.