Dialóq (yun. διάλογος – danışıq, söhbət) – dilçilikdə: fikir-replikaların müntəzəm mübadiləsindən ibarət nitq forması; danışanların nitqinin bilavasitə anlaşılması replikaların dil tərkibinə qarşılıqlı təsir göstərir. Dialoq üçün məzmun əlaqəsi (sual-cavab, xəbər-aydınlaşdırma, /əlavə/, etiraz, /razılıq/, dəyərləndirmə; nitq etiketi formulları) və onun stimullaşdırdığı replikaların konstruktiv (leksik-qrammatik) əlaqəsi tipikdir: “Sən harada idin?” – “İşdə ləngidim”. Bu cür əlaqələrin yoxluğu danışanın nitqə deyil, nitqin gerçəkləşdiyi vəziyyətə reaksiyası zamanı (“Harada idin?” – “Qapıdan çəkil, soyuqlayarsan”) və ya müəyyən nitq aktı ilə heç bir əlaqəsi olmayan şəraitdə mümkündür.
Dialoq dil ünsiyyətinin ilkin formasıdır. Genetik olaraq şifahi ifadə vasitələrinin qənaəti prinsipi ilə səciyyələnən şifahi danışıq sahəsinə aiddir.
Bədii ədəbiyyatda dialoq şəklində nitqin ifadəsi zamanı situasiya rolunu müəllif şərhləri (remarkalar) oynayır. Dialoqun dil və üslubi xüsusiyyətləri yazıçının fərdi üslubuna və janrın normalarına uyğun olur. Dialoqun köməyilə təkcə danışıq nitqi üslublaşdırılmır. Dialoqun zahiri forması (replikaların növbələşməsi), onlarda canlı Dialoq nitqinin tipoloji əlamətlərinin çox hissəsi olmasa da, fəlsəfi-publisistik janr üçün səciyyəvidir (məs., Platonun, Q.Qalileyin dialoqları və “dəyirmi masa” arxasında müasir müzakirələr, müsahibələr, söhbətlər və s.). Ayrı-ayrı danışanların öz fikrini söyləməsinin növbələşməsi prinsipi poliloqda – iki deyil, bir neçə şəxsin danışığında da saxlanılır.[1]
Dialoq insan üçün spesifik olan şəxsiyyətlərarası qarşılıqlı fəaliyyət formasıdır; Dialoq prosesində həmsöhbətlər fəaliyyət obyektləri və ya şərtləri kimi deyil, bir-birinin fikirlərini nəzərə alan və onlara hörmətlə yanaşan bərabərhüquqlu ünsiyyət subyektləri kimi çıxış edirlər. Cavabı və fərqli baxışlarla qarşılıqlı fəaliyyəti nəzərdə tutmayan monoloq Dialoqun əksidir; hətta xeyli dərəcədə strukturlaşmış ünsiyyət fərqli fikirlər nəzərə alınmadığı, onlara hörmətlə yanaşılmadığı təqdirdə Dialoq keyfiyyətinə malik olmaya bilər, insanın təklikdə düşüncələri isə insan şüurunda müxtəlif baxışların toqquşması və qarşılıqlı fəaliyyəti, onların gərgin qarşıdurması, yaxud konstruktiv qarşılıqlı zənginləşməsindən ibarət olan daxili Dialoq keyfiyyəti qazana bilər.
Dialoqun replika mübadiləsi kimi formal anlamı hələ antik dövrdə yayılmışdı: Sokratdan başlayaraq (Platon, Ksenofont, Siseron, Nikolay Kuzanlı, C.Berkli, F.V.Şellinq və b.) fəlsəfə və psixologiyada istiqamətverici suallar vasitəsilə həqiqət axtarışı mənasını verən sokratsayağı Dialoq mövcuddur. Lakin sokratsayağı Dialoqda və onun müasir psixoterapevtik modifikasiyalarında tərəf-müqabillər bərabərhüquqlu deyillər: həqiqəti yalnız sadəlövh həmsöhbət axtarır, Sokratın özü isə onu bilir və tədricən həmsöhbətini düzgün əqli nəticəyə yaxınlaşdırır.
Şəxsiyyət ünsiyyəti prosesi kimi Dialoqa yeni baxış tərzi 20-ci əsrin əvvəllərində formalaşmışdır. Fəaliyyət və idrak kimi nəzərdən keçirilməyən ünsiyyətin spesifik xarakterini L.Feyerbax, S.Kyerkeqor, V.Diltey, S.Frank, P.A.Florenski, M.Şeler və b. vurğulayırdılar, lakin Dialoqun unikallığını, şəxsiyyətin dialoji təbiətini M.Buber və M.M.Baxtin göstərmişlər.
Buberin fəlsəfi-antropoloji konsepsiyasında insanın mahiyyəti onun yalnız digər insana dialoji münasibətində (Mən – Sən) açılır və bu münasibət monoloji, idraki, utilitar münasibətdən (Mən – O) radikal surətdə fərqlənir. Dialoq şəxsiyyətlər arasında baş verir, şəxsiyyət isə yalnız Dialoqda yaranır: yalnız Sənə münasibət vasitəsilə mən özüm oluram, özümü Mən kimi dərk edirəm. Mən – Sən münasibəti insanın Allahla münasibətini də səciyyələndirir. Dialoq hətta sözsüz də mümkündür, onu bir-birinə yönəlmə və qarşılıqlı ünsiyyətə açıqlıq müəyyənləşdirir. Dialoji yaşayan insan özünə qarşı yönəlmiş hadisələrin və halların çağırışını qəbul edir və onlara cavab verir.
M.M.Baxtinə görə, dialoji münasibətlər insan həyatının bütün sahələrinə nüfuz edir. Şəxsiyyət varlığı həmişə digərləri ilə birlikdə olan hadisədir, lakin şəxsiyyət yalnız Dialoqda şəxsiyyət kimi mövcuddur və yalnız Dialoqda onun adekvat anlaşılmasına nail oluna bilər: şəxsiyyətin əsl həyatı tədqiqat obyekti ola bilməz, o, yalnız özünə dialoji nüfuzetməyə imkan verir və cavabında özünü azad şəkildə açır. Baxtin F.M.Dostoyevskinin nəsr materialı əsasında insan özünüdərkinin dialoji xarakterini, orada bir-biri ilə razılığa gəlməyən və Dialoq aparan bir sıra “səslər”in (“şüurun polifonikliyi”) mövcudluğunu aşkarlayır.
Beləliklə, Dialoqun şəxsiyyətlərarası, “subyekt-subyekt” münasibəti kimi əsas atributları partnyorların azadlığı, onların bir-birinin bərabərhüquqluluğunu qarşılıqlı tanıması, qarşılıqlı anlaşma və empatiya (başqasının narahatlığına emosional şərikçıxma) ilə səciyyələnən şəxsiyyət ünsiyyətinin dərinliyidir. Buradan, bir tərəfdən, Dialoqun ən mükəmməl ünsiyyət üsulu kimi etik qiymətləndirilməsi və Dialoq prinsipini pozan digər ünsiyyət növlərinin (avtoritar, manipulyativ, formal) etik qüsurluluğu, digər tərəfdən isə Dialoqa hazırolmanın, şəxsiyyətin müəyyən bacarıqlarının və kommunikativ səriştəliliyinin (məs., fərqli görüşləri anlamaq və ya kompromis tapmaq bacarığı) mövcud olması zərurəti ortaya çıxır. Şəxsiyyətə öz bütövlüyünü qoruyub saxlamağa imkan verən daxili Dialoq həm “üfiqi” (emosional və intellektual sferalar arasında, Mənin müxtəlif aspektləri arasında və s.), həm də “şaquli” (şüur, şüuraltı, fövqəlşüur arasında) istiqamətdə inkişaf edir.
M.Buber və M.M.Baxtinin Dialoqun təbiətinə dair görüşləri 20-ci əsrin 2-ci yarısında bütün humanitar fənlərə, ekzistensial psixologiyaya, həmçinin “şəxsiyyətlərin dialoqu” prinsipi üzrə münasibətlərin qurulmasını digər insanı adekvat anlamanın və ona psixoloji yardımetmə imkanının əsası kimi nəzərdən keçirən humanistik psixologiyaya böyük təsir göstərmişdir. Baxtinin, C.G.Midin ideyaları və postmodernist metodologiya əsasında 21-ci əsrdə psixologiyada və insan haqqında elmlərdə dialoji cərəyan (H.Hermans, C.Şotter və b.) formalaşmış, təhsildə uşaqla bütöv şəxsiyyət kimi münasibətqurmanın əhəmiyyətini vurğulayan dialoji yanaşmalar (Y.Korçak, humanistik pedaqogika, P.Freyer, V.S. Bibler və S.Y.Kurqanovun “mədəniyyətlərin dialoqu məktəbi” və s.) inkişaf edir.
Dialoq prinsipləri dövlətlərarası, millətlərarası və konfessiyalararası münasibətlərdə getdikcə daha böyük əhəmiyyət kəsb edir. Müasir dünya üçün aktual olan tolerantlıq problemi bir çox cəhətləri ilə Dialoqa hazırolma, digər insanın, qrupun, mədəniyyətin, xalqın dünyasını qəbuletmə, bərabərhüquqlu əsasda razılığa gəlmə bacarığı ilə müəyyənləşir. Əksinə, intolerantlıq, çox zaman zorakılıq və qantökmə formasını alan ksenofobiya Dialoqa qabil olmamaqla bağlıdır.
1) əsərdə iki və ya daha artıq personajın söhbəti. Dramın əsasını təşkil edir, nəsrdə təhkiyənin başlıca formalarından biridir. Lirik və epik-lirik janrlarda, məs., balladada, (“Meşə hökmdarı”, İ.V.Göte, 1782) rast gəlinir;
2) ədəbi forma, fəlsəfi, əxlaqi, dini, siyasi, estetik və s. mövzularda mükalimə, yaxud mübahisə (əsasən, nəsrdə, nadir hallarda poeziyada). Fəlsəfi Dialoqun banisi Platondur. Roma ədəbiyyatında Dialoq formasına Siseron (“Tuskulum söhbətləri”), həmçinin Tasit (“Natiqlər haqqında dialoq”), Seneka və b.-nda rast gəlinir. Lukian öz Dialoqlarında (“Allahların söhbəti”, “Geteraların söhbəti”, “Ölülər səltənətində söhbətlər”) fəlsəfi disputla menipp satirasının əlamətlərini birləşdirmişdir. Orta əsrlərdə mənzum Dialoqlar canla bədənin, ağılla imanın “mübahisə”si geniş yayılmışdı. İntibah dövrü ədəbiyyatı Dialoqun inkişafı ilə səciyyələnir (Siseron üslubunda yazan F.Petrarka, L.Valla, Rotterdamlı Erazm və b.). Lukian üslubu P.Aretino, U. fon Hutten, sonralar B.Fontenel, F.Fenelonun yaradıcılığı ilə təmsil olunmuşdur. 17,18-ci əsrlərdə Dialoq formasından ədəbi-estetik polemikada istifadə edilmişdir (“Köhnəlik və yenilik arasında paralellər”, Ş.Perro). Dialoqun inkişafının zirvəsi maarifçilik və romantizm dövrləri ilə bağlıdır (Q.E.Lessinq, A.V. və F.Şlegel, J.Q.Herder və b.). 19,20-ci əsrlərdə Dialoq forması nadir hallarda, əsasən, esse tipli əsərlərdə istifadə olunmuşdur (A.Jid, P.Valeri, H. fon Hofmanstal və b.). Azərbaycan ədəbiyyatında M.Ə.Sabir, H.Cavid, C.Cabbarlı, S.Vurğun, Sabit Rəhman, İ.Əfəndiyev, Elçin və b. Dialoqun gözəl nümunələrini yaratmışlar.
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |