Diana Hacıyeva | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ləqəbi | Dihaj |
Doğum tarixi | 13 iyun 1989 (35 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, dirijor, bəstəkar, müğənni |
Fəaliyyət illəri | 2006-cı ildən |
Janrlar | indi-pop, pop musiqisi, elektronik musiqi, caz |
Musiqi alətləri | piano |
Təhsili | |
dihaj.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Diana Hacıyeva (13 iyun 1989, Mariupol, Donetsk vilayəti) — Azərbaycanlı müğənni və bəstəkar, Bəri bax kollektivinin solisti. O, eyni zamanda musiqiçi dostları ilə birlikdə təşkil etdiyi Dihaj qrupunun solistidir. Diana "Skeletons" mahnısı ilə Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Diana Hacıyeva 13 iyun 1989-cu ildə Ukraynanın Mariupol şəhərində anadan olmuşdur. Uşaqlıqdan musiqi ilə məşğul olan Diana fortepiano dərsləri almış və caz musiqisi ilə maraqlanmışdır. O eyni zamanda Bəri bax musiqi kollektivində fəaliyyət göstərir. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirmiş və bundan sonra Bakı Musiqi Akademiyasına daxil olaraq, "Xor dirijorluğu" peşəsinə yiyələnmişdir. Bu illər ərzində caz ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Diana hal-hazırda Bakı Caz Mərkəzində çalışır.
2009-cu ildə Diana Əli Nəsirov ilə ailə həyatı qurmuşdur. Cütlüyün Savi adlı qız övladı var. Daha sonra Diana həyat yoldaşının da üzvü olduğu Dihaj adlı musiqi qrupu yaratmışdır. Qrup əsasən indi pop, elektronika və eksperimental janrında musiqilər ifa edir. Diana bir müddət İngiltərənin paytaxtı Londonda yaşamış və orada Müasir Musiqi Performansları İnstitutunda təhsil almışdır.
2010-cu ildə Diana Hacıyeva 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərdə iştirak etmişdir. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda 6-cı yarimfinalda yer almışdır. 20–24 dekabr arasında çıxış edən Diana Hacıyeva sonda 7 xal toplayaraq, qrupda 4-cü yeri tutmuşdur. Onun 23 dekabr tarixli çıxışı zamanı səhnəyə gözlənilmədən Azərbaycanın 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən ifaçı Elnur Hüseynov çıxmış və seçmə mərhələsində Diananı dəstəklədiyini bildirmişdir. 2011-ci ildə Diana Hacıyevanın "Find Yourself" adlı debüt klipi çəkilmişdir.
5 dekabr 2016-cı ildə İctimai Televiziya Diana Hacıyevanın Azərbaycanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır.[1] Diananın Avroviziya səhnəsində ifa etməli olduğu mahnı "Skeletons" 2017-ci ilin mart ayında dinləyicilərə təqdim edilmişdir. Mahnının musiqisi Azərbaycanlı bəstəkar İsa Məlikov, sözləri isə İsveç bəstəkarı Sandra Byurmana aiddir.
Diana Hacıyeva uzun məşqlərdən sonra 9 may tarixində baş tutan yarımfinal mərhələsində 8-ci nömrə altında çıxış etmişdir. Nəticədə 150 xalla 8-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Diana 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 120 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.
Müsabiqədən sonra iyul ayında Diananın The End of Sunrise adlı debüt albomu işıq üzü görmüşdür.
İyulun 7-də Heydər Əliyev Mərkəzinin parkında festival çərçivəsində Diana Hacıyeva və Jazz Trio çıxış etdilər[2].
Əvvəlki: Səmra Rəhimli "Miracle" |
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: Aysel Məmmədova "X My Heart" |