Diopter (yunan dilində olan διοπτρον sözündən götürülüb obyektə, hədəfə tuşlamaq mənasını verir, rus dilində qısa şəkildə дптр kimi yazılır.) — linzaların və digər ox-simmetrik optik sistemlərin optik gücünün ölçü vahidi 1/metrə bərabərdir. 1 diopter fokus məsafəsi 1 metr olan linzanın və ya sferik güzgünün optik gücünə bərabərdir. Diopteri müəyyən etmək üçün Beynəlxalq vahidlər sistemindən olan metr kəmiyyətindən istifadə olunsa da Diopter özü bu sistemin kəmiyyəti hesab edilmir. Rusiya Federasiyasında isə diopteriyanın optika sahəsində geniş istifadəsinə icazə verilir. Beynəlxalq Qanunverici Metrologiya Təşkilatı öz tövsiyələrində diopteri ölçü vahidlərinə aid edir və qeyd edir ki, "bu vahidlər milli qaydalarla müəyyən edilmiş tarixədək müvəqqəti istifadə edilə bilər, lakin onlar istifadə edilmədikcə tətbiq olunmamalıdır". Rusiya Federasiyasında tətbiqinə icazə verilən ölçü vahidləri haqqında Əsasnaməyə uyğun olaraq, "diopter" ölçü vahidinin adı və işarəsinin Beynəlxalq Vahidlər Sistemi prefiksləri ilə birlikdə istifadəsinə icazə verilmir.[1] Optik güc diopterlə ifadə edildikdə metrlə ifadə olunan əsas fokus məsafəsinin tərsi kimi hesablanır, belə ki, 1 diopter 1 m əsas fokus məsafəsinə, 2 diopter 0,5 m fokus məsafəsinə, 0,5 diopter isə 2 m fokus məsafəsinə uyğun gəlir.[2] Şüaları yığan linzaların optik gücü müsbət, şüaları səpələyən linzaların optik gücü isə mənfi hesab edilir. Eynək və kontakt linzaların optik gücünü təyin etmək üçün də diopterdən istifadə olunur.[2][3] Yaxındangörmə üçün səpələyici linzalar ( mənfi diopterə bərabər), uzaqdangörmə üçün isə yığan linzalar (müsbət diopterə bərabər) istifadə olunur. Kamera vasitəsi ilə əldə edilən ən böyük kamera fokuslama diapazonu (2008ci ilə qədər hesablanan) 200 diopterdir.[4]
Göz bülluru ikitərəfli qabarıq linzadan ibarətdir.[3] Həmin qabarıqlıqlar dəyişkən formaya malikdirlər və bu da onların akkomodasiya qabiliyyətini təmin edir. Gənc insan gözünün optik sisteminin akkomodasiya qabiliyyəti təxminən 18 diopterə bərabərdir. Yaşla əlaqədar olaraq bu qabiliyyət tədricən azalaraq 60-65 yaşına çatanda demək olar ki, itir. Büllurun qabarıqlığını dəyişdirmə qabiliyyətinin azalması və ya itirilməsi zamanı görmə kəskinliyini artırmaq üçün xarici linzadan (məsələn, eynəkdən) istifadə etmək olar. Bu vasitə ilə linzanın optik gücü büllurun optik gücündəki çatışmazlığı kompensasiya edir. Görmə kəskinliyinin ölçülməsi üçün isə diopterdən istifadə etmək olmaz.[5]