Druzlar

Druzlar
Druzların bayrağı
Ümumi sayı
1.5 miliyon
Yaşadığı ərazilər
Suriya 865.000
Livan 280.000
İsrail 118.000
İordaniya 20.000
Dili

ərəb dili, İsraildə ivrit dili

Dini

İslam

Qohum xalqlar

Ərəblər

Druzlar[1] və ya dürzilər[2] (ərəb. الدُرُوز‎‎, təkdə ərəb. دَرْزِيّ‎‎) — ismailliliyin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblər. Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır. Druz təriqəti XI əsrin əvvəllərində Misir və Cənubi Livan ismailliləri arasında təbliğat aparan batini vaiz Dərazinin (təriqətin adı da buradandır) fəaliyyəti nəticəsində meydana gəlmişdir. Druzlar Fatimi xəlifəsi Hakimdə (996-1021) Allahın təcəssüm olunduğuna və ruhların ölməzliyinə inanırlar. Orta əsrlərdən başlamış son dövrədək druzlar nəsli aristokratiyaya və hakim əmir sülaləsinə malik olmuşlar. Druz əmirlərinin Livanda ən qüdrətli dövrü II Fəxrəddin Məan (1590-1633) və II Bəşir Şihabın (1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maruni kəndliləri və onların feodal ağaları olan druz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Livanda Druz və xristian Marunilər arasında silahlı toqquşmalar baş verdi. XIX əsrin 2-ci yarısı-XX əsrdə Osmanlı İmperiyası hakim dairələrinin druz "sərbəstliyinə", "imtiyazına" (hərbi mükəlləfiyyətin olmaması, silah gəzdirmək hüququ, druz zadəganlarının sıravi druzlar üzərindəki qeyri məhdud hakimiyyəti və s.) son qoymaq cəhdləri tez-tez türklər əleyhinə çıxışlara səbəb olmuşdu. Fransanın mandatlığı dövründə (1920-1943) SuriyaLivan druzları antiimperialist mübarizədə iştirak etdilər. 1925-1927-ci illər Ümumsuriya milli üsyanının mərkəzi Cəbəl Druz idi. Üzvlərinin əksəriyyəti druzlardan ibarət olan Livan Tərəqqipərvər Sosialist Partiyası (1949-cu ildə təsis olunmuşdur) 1958-ci ilin yayında antiimperialist üsyanda fəal iştirak etmişdir. 70-ci illərdə Livanda baş verən hadisələr zamanı druzlar milli vətənpərvər qüvvələrin tərəfində çıxış edir, ölkənin birliyi və Fələstin qaçqınları probleminin ədalətli həll olunması uğrunda mübarizə aparırlar.

  1. Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 182. ISBN 978-9952-523-37-9. druz(-lar)
  2. Cumblatlar // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 404. ISBN 978-9952-441-10-9.
  • Fəlsəfə Ensklopedik Lüğəti.