L.tropica 2–8 mkm ölçüdə hüceyrədaxili parazitdir. Bədən xaricdən pellikula pərdəsi ilə örtülmüşdür, sitoplazması zəif rənglənir, nüvəsi zəif-qırmızı rəngə boyanır. İnsanda qamçısız formada olub, kiçik nüvəyə və kinetoplasta malikdir. Parazitin keçiricisi olan mığmığada isə onun bədəni uzunsov olur və qamçıya malikdir. Tripanosomlardan fərqli olaraq bunlarda titrəyici membran olmur.
Dəri leyşmaniozu təbii ocaqlı xəstəlik olub, tropik və nisbətən isti ölkələrdə yayılmişdır. Bu parazitin inkişaf dövriyyəsi aşağıdakı kimidir. Səhra və yarımsəhrada yaşa-yan qum siçanı, sünbülqıran və digər gəmiricilər leyşmanioz xəstəliyinə tutulur. Phlebotomus pappatasii mığmığası bu gəmiricilərin qanını sorduqda parazitin qamçısız amastiqot (leyşmanial) forması mığmığanın həzm sistemində intensiv çoxalmağa başlayır. Parazit çoxalıb qamçısız oval vəziyətindən uzunsov, qamçılı forma alır. Qamçılı formalar və ya lepidomonadlar hərəkət edərək keçiricinin udlağına, oradan isə onun sancıcı-sorucu xortumuna keçir. Parazitin keçiricisi olan mığmığa insanın və digər məməlilərin qanını sorarkən, xortumundakı qamçılı leyşmaniya parazitini sahibin dərisinin altına keçirir. Dərinin endotel hüceyrələrinə daxil olmuş parazitlər tezliklə qamçısını itirərək formasını dəyişir və intensiv surətdə ikiyə bölünməklə çoxalır. Parazit özünün inkubasiya dövrünü başa çatdırdıqdan sonra insanın üzündə, əllərində, bədənin paltarla örtülməyən nahiyələrində qonur-qırmızı rəngli ləkələr əmələ gətirir. Ləkə yerləri tədricən düyüncüklərə çevrilir. Əmələ gəlmiş düyünün səthi tədricən yaraya çevrilir. Yaranın tam formalaşması və sağalmasına qədər olan dövr təqribən 3–18 ay çəkir və yara tədricən mərkəzdən kənara doğru çapıqlaşır. Bu parazitin müxtəlif yarımnövlərinin törətdiyi xəstəlik xarakterinə görə bir-birindən müəyyən dərəcədə fərqlənir. Belə ki, L.tropica minor-un törətdiyi leyşmanioz quru xroniki formada olub, yaranın formalaşması gec başa gəlir. Bu yarımnöv üçün uzun inkubasiya dövrü səciyyəvidir. Parazitin törətdiyi xəstəliyin xarici əlamətləri 3–8 ay və bəzən 1,5 ildən sonra özünü büruzə verir. Əmələ gəlmiş yaranın üzərini 3–6 aydan sonra quru qabıq örtür. Xəstəlik bir ilə kimi davam edir. Yaranın yeri isə bütün ömür boyu insanda qalır. L.tropica-nın tropica yarımnövü isə leyşmaniozun kəskin nekrozlaşma (kəskin yaş forma) formasıdır. Bu növün inkubasiya dövrü nisbətən qısa olub, bir neçə gündən bir aya kimidir. Xəstəliyin müddəti 6 aya kimi olur. Xəstəliyin əvvəlində yaranın ortasında nekrotik sahə yaranır və tədricən dəridə yara dərinləşir. Yaranın ətrafında iltihab prosesi nəticəsində geniş infiltrat əmələ gəlir. Yaranın sağalması kobud çapıqların əmələ gəlməsi ilə təzahür edir. Bu xəstəliyə indi də Azərbaycanın Qazax, Zaqatala, Şəki, Gəncə, eləcə də Kür-Araz düzənliyinin bəzi rayonlarında təsadüf edilir. Romanovski rəngləmə metodu ilə yaradan götürülmüş yaxmada parazit tapıldıqda diaqnoz təsdiq edilir. Açıq yara olduqda şpris vasitəsilə yaradan yaxma götürülür, müvafiq qida mühitində saxlanılır, preparat hazırlayıb mikroskopda baxılır. Bu zaman onun qamçılı forması aydın görünür.
C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı-2008.